İdman mərc oyunundan udulan uduşların 10 faizi vergi kimi alınacaq
İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb olunma artacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə Vergilər nazirinin Vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev verdiyi şərhdə bildirib. Onun sözlərinə görə, bu dəyişikliyə əsasən, 2016-cı ilin yanvar ayının birindən idman mərc oyunlarından əldə olunan uduşların 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulur. İdman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər həmin uduşlardan 10 faiz həcmində gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə, habelə Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Qeyd edək ki, qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə olunan uduşlar 1 yanvar 2013-cü il tarixdən etibarən fiziki şəxslərin gəlir vergisindən azad edilib. Qeyd edilən vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafını stimullaşdırmaqla bu sahədə əldə edilən gəlirlərin sürətli artımı ilə nəticələnib. Bu da həmin sahədə əldə edilən uduşların vergiyə cəlb olunmasını zəruri etdi. Ona görə də, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə idman mərc oyunlarından əldə olunan uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar əlavə edildi. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Vergilər Nazirliyindən şou-biznes nümayəndələrinə Yeni il sürprizi (RƏSMİ)
Qarşıdan gələn Yeni il şənliklərində iştirak edəcək bütün müğənnilərdən, şou-biznes nümayəndələrindən bu tədbirlərdə əldə etdikləri qazanclardan vergi tutulacaq...