Dizellə işləyən avtomobil sürücüləri üçün VACİB AÇIQLAMA

Dizellə işləyən avtomobil sürücüləri üçün VACİB AÇIQLAMA
Sosial 14183

Bu gün bir sıra KİV-də "Azərbaycanda dizellə işləyən avtomobillər qadağan olunacaq" başlıqlı xəbərlər dərc olundu.

Qısa araşdırmamızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə tərəfindən verilən açıqlamanın 2019-cu ilə aid olduğu ortaya çıxdı.

İllər əvvəl verilən açıqlamada qurum rəsmisi “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramına əsasən Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görüldüyünü demişdi.

BAKU.WS xəbər verir ki, “ölkə.az” R.Səttarzadədən bu illər ərzində hansı işlərin görüldüyü, hansı yeniliklərin ola biləcəyi, həmçinin gündəmə yeni xəbər kimi düşmüş məqalə barədə münasibət öyrənib.

Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri bildirdi ki, açıqlamanın verildiyi ildən etibarən Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadə edilməsi istiqamətində fəaliyyətə başlanıldı:

“Elektrik mühərrikli və hibrid avtomobillərin, enerji doldurucularının idxalı və satışının ƏDV-dən azad edilməsi, gömrük rüsumunun 0-a endirilməsi bu tədbirlərə daxildir.

Həmçinin köhnə avtomobillərdən istifadənin məhdudlaşdırılması üçün hazırda yaşı 7 ildən çox olan dizel və benzin mühərrrikli avtomobillər üçün aksiz vergisi yüksəldici əmsalla tətbiq olunur. Dizel mühərrikli avtomobillər üçün aksizlər benzin mühərrikli avtomobillərdən daha yüksəkdir”.

R.Səttarzadənin sözlərinə görə, bu təşviqedici tədbirlərin həyata keçirilməsi nəticəsində artıq Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadə ilbəil artmaq üzrədir. Bu da yeni artım tendensiyasını göstərir.

“Avropada müəyyən illərdən daxili yanma mühərrikli avtomobillərdən istifadənin məhdudlaşdırılması tətbiq olunur. Norveçdə keçən il satılan avtomobillərin 79%-i elektrikli avtomobillər olub, halbuki ondan 1 il əvvəl bu, 65% təşkil edirdi. Bu ölkə 2025-ci ildən benzin və dizel mühərrikli avtomobillərin satışını dayandıracağını açıqlayıb.

Biz iqtisadi alətlərdən istifadə olunması, təbliğat-təşviqat xarakterli məlumatlandırma tədbirləri ilə avtomobillərin ətraf mühitə mənfi təsirini azaltmağa çalışırıq.

Həmçinin ekoloji təmiz avtomobillərdən istifadənin genişləndirilməsi hədəflənir. Dizel və benzin mühərrikli avtomobillərdən istifadənin məhdudlaşdırılması üçün bu tədbirləri artırmaq, iqtisadi alətlərdən daha aktiv istifadə etmək, aksiz vergisini artırmaq olar ”, - deyə R. Səttarzadə əlavə edib.

Son xəbərlər