Bu növ ÇÖRƏKLƏR FAYDALIDIR

Bu növ ÇÖRƏKLƏR FAYDALIDIR
Foto
Sosial 153

Çörək Azərbaycan masasının ayrılmaz hissəsidir. Hər gün milyonlarla insanın qida rasionunda özünə yer tapan bu məhsulun tərkibi və hazırlanma üsulu onun insan sağlamlığına göstərdiyi təsiri müəyyən edir.

BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş çörək təkcə doyurucu qida deyil, həm də bədənin enerji ehtiyacını qarşılayan, həzmə yardımçı olan və bir sıra xroniki xəstəliklərin qarşısını alan mühüm qida mənbəyidir.

Tam buğda çörəyi bütün taxılın (kəpək, dən və rüşeym hissələri daxil olmaqla) üyüdülməsi ilə hazırlanır. Bu isə onu lif, B vitaminləri, dəmir və maqneziumla zəngin edir. Qan şəkərinin tənzimlənməsinə kömək edir, ürək-damar sağlamlığını qoruyur və uzun müddət toxluq hissi yaradır.

Çovdar unu ilə hazırlanan çörək liflərlə zəngindir və bağırsaq sisteminə müsbət təsir göstərir. Qanda şəkərin səviyyəsini sabit saxlayır, xolesterolu salmağa yardım edir. Eyni zamanda uzunmüddətli toxluq hissi verərək artıq yeməyin qarşısını alır.

Qlutenə qarşı həssaslığı olan şəxslər üçün uyğun olan qarabaşaq çörəyi yüksək zülal, dəmir, maqnezium və B vitaminləri ilə zəngindir. Bu çörək maddələr mübadiləsini yaxşılaşdırır, ürək sağlamlığını dəstəkləyir və immun sistemini gücləndirir.

Ən qədim buğda növlərindən olan vələmir az qluten tərkibli olması ilə fərqlənir. Bu çörək antioksidantlarla və faydalı zülallarla zəngindir. Həssas orqanizmə malik insanlar üçün faydalı hesab olunur.

Yulaf çörəyi beta-qlükan adlı faydalı liflərlə zəngindir. Bu maddə immuniteti gücləndirir, xolesterolu azaldır və çəkinin nəzarətdə saxlanmasına kömək edir. Arpa çörəyi isə qan şəkərinin sabit qalmasına dəstək verir, enerji verir və bağırsaq fəaliyyətini tənzimləyir.

Cücərmiş taxıldan hazırlanan çörəklər vitamin və minerallarla zəngin olur. Cücərmə prosesi zamanı bəzi faydalı maddələr aktivləşir, bu isə çörəyi daha faydalı edir. Sourdough (turşmaya) çörəyi fermentasiya yolu ilə hazırlandığı üçün faydalı bakteriyalarla zəngindir. Bu, bağırsaq mikroflorasına müsbət təsir göstərir, eyni zamanda aşağı glikemik indeksə sahibdir.

Kətan toxumu omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir. Bu çörək ürək sağlamlığı üçün faydalıdır, bağırsaq fəaliyyətini yaxşılaşdırır və orqanizmdə iltihabı azaldır.

Qarğıdalı çörəyi gluten qəbul edə bilməyənlər üçün alternativ sayılır. Tərkibindəki B vitaminləri və enerji verən maddələr sayəsində sağlamlıq baxımından faydalıdır.

Dietoloqlar çörək alarkən onun etiketinə və tərkibinə diqqət etməyi tövsiyə edirlər. "100% tam buğda", "çovdar unu", "cücərmiş taxıl" kimi ifadələr çörəyin keyfiyyətli olduğunu göstərən əlamətlərdir. Əks halda, tərkibində ağ un, şəkər, trans yağlar və süni qatqılar olan çörəklərdən uzaq durmaq məsləhətdir.

Düzgün seçilmiş çörək həm qidalanmanı balanslaşdırır, həm də ümumi sağlamlığa dəstək verir. Hər kəsin orqanizmi fərqli olduğuna görə, ən uyğun çörək növünü seçmək üçün qidalanma üzrə mütəxəssislə məsləhətləşmək faydalıdır.

Son xəbərlər