Bu gün III qrupa qəbul imtahanı keçirilir

Bu gün III qrupa qəbul imtahanı keçirilir
Sosial 23

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Bu barədə "Report" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İmtahanda 16620 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 15159 nəfər Azərbaycan, 1461 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 3950 nəfəri oğlan, 12670 nəfəri isə qızdır. 14784 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1580 nəfər əvvəlki illərin məzunudur. 32 nəfər ali təhsil müəssisələrinin, 224 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 51 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 21 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Oxşar xəbərlər

Son xəbərlər