Azərbaycanda TƏHLÜKƏ: Sel suları çayın yatağını genişləndirib - FOTO
21
fev
2018
21:12
Son günlər yağan güclü yağışlar və dağlara yağan qardan sonra əmələ gələn sel suları Ağsu çayının yatağının genişlənərək 150 metrə çatmasına səbəb olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəflətən çay məcrasını dəyişib, sel suları çayın son sahilindəki beton mühafizə bəndini dağıdıb və təxminən 50-70 metr eni olan torpaq sahəsini yuyub aparıb. Çayın kənarındakı avtomobil yolu və evlər sel sularının təsiri nəticəsində dağılmaq təhlükəsi ilə üzləşib. Hər gün su çayın sahilindəki torpaq qatını yuyaraq avtomobil yolunun daralmasına səbəb olur. Çay sahilində torpaq sürüşməsi baş verdiyi üçün evlərdə və hasarlarda xırda çatlar əmələ gəlib. Seldən ziyan çəkən Ağsu şəhərinin Mikayıl Müşfiq küçəsinin sakinləri Mübariz Mürsəlov və Tolik Bayramov APA-ya bildirib ki, çayda suyun artması və məcranın dəyişməsi nəticəsində sahildəki torpaq qatı yuyulub. Sel suları böyük torpaq uçqunları törədib və çay yatağının genişlənərək həyətyanı sahələrə daxil olması təhlükəsi yaranıb Sakinlərin sözlərinə görə, əvvələr çayın eni 60-80 metr idisə, indi bu ərazi sel sularının dağıdıcı təsiri nəticəsində genişlənərək 150 metrə çatıb. Sakinlər deyir ki, əgər Ağsu çayının sol kənarında təcili beton bəndvurma işləri aparılmasa, yaz aylarında güclü sel suları nəticəsində çayın yatağı daha da genişlənəcək və yaxınlıqdakı 10-dan çox ev və yol dağılmaq təhlükəsi ilə üzləşəcək. Vətəndaşlar çayın kənarındakı yol ilə ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkət etməsindən də narahatdır. Çünki nəticədə yolun alt torpaq qatının çaya tərəf sürüşməsi sürətlənir. Ağsu rayon Suvarma Sistemləri İdarəsinin şöbə müdiri Eyvaz Babayev APA-nın yerli bürosuna bildirib ki, vətəndaşların müraciəti əsasında Ağsu rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri vəziyyətlə tanış olub və problemin həlli üçün yaxın günlərdə tədbirlər görüləcək: “Çayın məcrasının dəyişməsi nəticəsində fərdi yaşayış evləri və yol üçün yaranan təhlükənin qarşısının alınması üçün çayın orada 250 metr uzunluğunda sel sularından mühafizə bəndi inşa ediləcək. Beton bəndin tikintisinə bu günlərdə başlanacaq. Çayın yatağında ağır texnikalar vasitəsilə məcradəyişmə tədbirləri görüləcək, suyun axını çayın kənarından ortasına yönəldiləcək”.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranı sel vurdu: 10 körpü dağıldı, 550 evə ziyan dəydi (VİDEO)
Lənkəran rayonunda sel bir çox fəsadlar törədib. "Report"un Cənub bürosunun məlumatına görə, daşqınlar nəticəsində 10-a yaxın körpü dağılıb. Bundan başqa, Ələt-...