SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 


Mübaliğəsiz filansız deyim ki, maşının üstünə taksi işarəsi qoyub gecənin yarısı şəhərin canına düşəndə məqsədim təkcə reportaj hazırlamaq deyil, həm də devalvasiyanın təzahürlərini nisbətən də olsa aradan qaldırmaq üçün əlavə pul qazanmaq idi.

Düzü, bir həftə ərzində günün müxtəlif saatlarında şəhərdə bir çən yanacağı buxarlandırsam da, bir qəpiyin yiyəsi olmamışdım. Bu son şans və son 10-15 litr yanacaq idi...

Sürücünün xeyir-duası

Əlqərəz, saat 3-ə işləmiş məhəllədən yenicə çıxmışdım ki, qarşıdan gələn ağ rəngli taksi uzaqvuran işıqlarını bir neçə dəfə yandırıb söndürərək dayanmağıma işarə etdi.

Yolun ortasında ikimiz də yan-yana dayanıb şüşələri aşağı endirdik.

- Axşamın xeyir bə, qardaş, bilmirsən Beynəlxalq Universitetə necə getmək olar, hı? - Naxçıvan ləhcəsi ilə soruşdu.

Sürücü həmkarıma yolu tərif edib ayağımı əyləcdən götürmək istəyirdim ki, "Ruzin bol olsun bə qardaş, Allah səni xatadan bəladan qorusun”, - deyə təşəkkür etdi.

Mavi ətəkli oğlan

Sürücünün xeyir-duası məni bir az ruhlandırdı. Fikirləşdim ki, yəqin bu gecə mütləq son bir həftədə itirdiyim yanacağı da qaytararam, üstəlik 5-10 manat çörək pulu da qazanaram. Bu həvəslə "Elit” Ticarət Mərkəzinin qarşısı ilə Ziya Bünyadov prospektinə çıxdım. "Çermet” körpüsünü keçər-keçməz gözüm yolun kənarında gözləyən qısa ətəkli qıza sataşdı. Maşını kənara çəkib qarşısında saxladım.

Qapını açıb başını içəri salanda bir-birinə qarışmış ucuz ənlik-kirşan qoxusu salonu bürüdü. Qaş-gözünü oynadıb cırlaşmış kişi səsi ilə "canik” kəlməsini deyəndə müştərimin nə "mal” olduğunu anlayıb məndən sonra dayanan maşın karvanının sükanı arxasındakı kişilərin də yerinə xəcalət çəkdim.

"Olmaz olsun belə qazanc” - dodaqaltı "xanım”ın ünvanına bir iki kəlmə yağlı söyüş işlədib yerimdən götürüldüm. Deyəsən o da söz altında qalmadı. Maşını tərpədəndə qapıya dirsəklənən "xanım”ın yıxılıb yıxılmadığını dəqiqləşdirmək üçün güzgüdən arxaya boylananda onun qısa ətəklərinin altından çıxan əyri-üyrü qıçlarnı bir-birinə sürtə-sürtə arxadakı maşına yaxınlaşdığını gördüm.

Yolda qaçan köynəkli oğlan

"Bir neçə həftə ərzində ilk müştəri, o da belə. Yaxşısı budur yanacağı havayı sərf etməyim. Məndən taksi sürcüsü olmaz”.

Bu düşüncələrlə əlimi atıb taksi işarəsini maşının üstündən götürmək istəyirdim ki, yolun kənarı ilə harasa tələsən qısaqol köynəkli oğlan əl elədi.

"Deyəsən bu gecə mənim qarşıma normal bir müştəri çıxan deyil axı. Ya da gecənin müştəriləri belə anormal olur. Əvvəl saxlamaq istəmədim. Yəqin normalda bu soyuqda köynəkdə yolun kənarı ilə qaçan müştəriyə heç bir taksi saxlamaz. Allah bilir kimdən qaçır, yoxsa niyə bu libasda küçəyə çıxsın ki!?

İşimdən bir səs isə deyirdi ki, bəlkə nə isə olub!? Heç çiyninə bir şey atmağa imkanı da olmayıb? Bəlkə heç taksiyə verməyə pulu da yoxdu. Allah bilir neçə taksi saxladıb aparmayıblar deyə piyada getməyə məcbur olub...”

Qazancdan çox beynimi qurcalayan bu suallara cavab tapmaq marağı mənə güc gəldi. Saxladım. Özünü maşına tullayıb metronun Qara Qarayev stansiyasına gedəcəyini bildirdi.

- Amma 5 manat pulum var, yəqin bəs edər?

- Bəs etməsə də, bu kökdə yolda qoyası deyiləm ki. Nə isə baş verib, bu soyuqda belə vəziyyətdə yola çıxmısan? - deyə ütələk evdən çıxmasının səbəbini soruşdum.

- İşdəydim, evdən zəng etdilər, tələsik çıxdım.

Özümü müştərini bir işarədən başa düşən peşəkar taksi sürücüsü kimi göstərmək məqsədilə bir az sürəti artırdım. Yenicə demək istəyirdim ki, "inşallah salamatçılıqdır” müştərinin telefonuna gələn zəng sözümü ağzımda qoydu.

Xoş-beşdən sonra "hə”, "aha”, "ıhı” deyə-deyə uzun müddət dəstəyin o başındakı adamı dinlədi. Deyəsən, kimsə baş vermiş hansısa hadisənin təfərrütını danışırdı. Axırda bircə kəlmə "mən gələnə kimi heç nə eləməyin”, - deyib dəstəyi qoydu.

Artıq metronun Qara Qarayev stansiyasına yaxınlaşırdıq. Müştərim prospektin girişindəki birinci işıqforda gediş haqqını ödəyib düşdü. Beləcə mən də gecəyarısı onu qısaqol köynəkdə küçələrə salan hadisənin nə olduğunu öyrənə bilmədim.

Nəhayət siftə gəldi

Onun verdiyi "beşlik” məni bir az da həvəsləndirdi. Evə qayıtmaq fikrindən daşınıb prospekt boyu üzü "Neftçilər”ə, 8-ci km bazarına doğru şütüdüm. Fikirləşdim ki, bazar şəhərin digər yerlərinə nisbətən taksi sürcüləri üçün daha əlverişli olar. Bəlkə bazarın qarşısında və ya hansısa kafedən, restorandan vaxtsız çıxan birinə rast gəldim.

"Kamfort”un qarşısındakı işıqforda dayananda bir nəfər qapını açıb başını içəri uzatdı.

- Boşsan?

Cavab gözləmədən də yanımda əyləşdi. Üzü tüklü, qara qıvrım saçlı 25-30 yaşlarında gənc idi. Xatırladığım qədəri ilə əynində qara cins şalvar, mavi rəngli idman gödəkçəsi vardı.

İşıqfordan dərhal soldakı binaların arasına dönməyimi xahiş etdi.

- Bir nəfər var, onu da götürüb "Yaşıl bazar”a gedəcəyik.

Beyni dumandı...

Birinci "blok”un qarşısında dayandıq. Kimə isə zəng edib aşağıda gözlədiyini dedi. Mən qadın gözləyirdim, "blok”dan boylu-buxunlu bir kişi çıxdı. Deyəsən başı sarıqlı idi. Yanımdakı oğlan düşüb ədəb-ərkanla arxa qapını açdı. Başı sarıqlı adam arxada əyləşib hal-əhval tutduqdan sonra siqaret çəkmək üçün icazə istədi. Cavab gözləmədən də əlində hazır saxladığı siqareti yandırıb dərin bir qullab vurdu.

Arxa şüşəni endirmək istədikdə daha bir qullab alıb ləzzətlə tüstünü havaya buraxdı:

- Şüşəni qaldır qaqa, heyifdi çölə çıxmasın.

"Moşu demiş, "məni ajalmı girriyir nədi...” Deyəsən bu gecə qarşıma normal müştəri çıxan deyil axı”.

Salona yayılan qoxudan müştərinin siqaret çəkmədiyi dəqiq idi. Bir yandan da zalım oğlu elə bil "parovoz” idi. Maşının içini əməlli başlı duman bürümüşdü.

15 manat, son model "S Klass”, xuliqan sürücü...

Yaman yerdə axşamlamışdım. Ya bunlardan bir bəhanə ilə canımı qurtarmalı, ya da hər əmrlərinə tabe olub sonumun necə olacağını gözləməli idim. Belə vəziyyətlərdə yəqin ki, iki hadisə baş verir. Ya mənzil başında yaxşı ödəniş edib taksi sürücüsünü razı yola salırlar, ya da "ədab-ərkanla” sürücünü maşından atıb yollarına davam edirlər. Ona görə də, münasib bir yerdə bunlardan canımı qurtarmağı qət etdim. Metronun Qara Qarayev stansiyasının çıxışındakı taksilərin yanında saxlayıb şüşələrin dördünü də aşağı endirdim.

- İncimə qardaş, bu vəziyyətdə maşın sürə bilmərəm. İndi çıxmışam işə. Hələ siftə də eləməmişəm. Bu dumanla siftə qalsın bir kənara, heç mənzil başına salamat gedə bilməyəcəyik. Ya polis saxlayacaq, ya da harasa gedib girəcəyik , - deyə müştərilərimə başqa taksi saxlamağımı təklif etdim. Amma işə yaramadı. Siqaretin közünü barmaqlarının arasında söndürdü:

- Qaqa, sən bizi səhv başa düşdün deyəsən, - əlini çiynimə qoyub üzrxahlıq etdi. Bir az gərginik, stress atmaq istədik, üzrlü hesab elə. Sür gedək, səndən yaxşı oğlanla yol getməyəcəyik ki...

Maşını yerindən tərpədəndə qabaqdakı başını yelləyib dostunun sözünə qüvvət verdi.

– Oturduğumuz yerdə neçə min ziyana saldı sürücü bizi. Benzin vurmaq üçün 15 manat verib "zapravka”ya göndərdik. "QAİ”lər qovub maşını bardürə dırmaşdırıb. Özün də bilirsən də son model "S klass”ların "pasadka”sı alçaq olur. Maşının altı-üstü dağılıb. İlin günün bu vaxtı min manat təkcə polis istəyir, hələ bilmirik maşına nə qədər xərcimiz çıxacaq. Maşının dalınca gedirik indi, - deyə sürücünün arxasınca xeyli gileyləndi.

Artıq yəqin etmişdim ki, 15 manatla son model "S klass”ı yanacaq doldurma məntəqəsinə göndərən adamdan xeyir gəlməz. Yarı yolda düşürməyə cəhd etməyin də bir xeyri olmayacağı dəqiq idi. Ona görə də sonunu gözləməkdən başqa çıxış yolu görünmürdü.

Nə başınızı ağrıdım, yol boyu bunlar gah "banditizm”dəki tanışlarına zəng etdilər, gah sürücüyə, gah da maşını saxlayan yol polisinə xeyli dil tökdülər. Nəhayət gəlib çıxdıq "Yaşıl bazar”ın arxasına. Burada məlum oldu ki, nə arxadakı centlimendə pul var, nə də yanımda əyləşən aşnasında. Heç polisin saxladığı "S Klass”ın izi tozu da yox idi.

- "Sən narahat olma qaqa, mən burdan Lökbatana gedəcəm, evdə ödəniş edəcəm”, - qarşıdakı qıvrımsaçlı oğlan həm mənə, həm dostuna təskinlik verdi.

Müştərimin erməni qızlarından qisası

Ümumilikdə 15 AZN-ə sövdələşib yola ikilikə davam etdik. Müştərim yolboyu oğru dünyasının "lotu”larından, onlarla dostluqlarından, hətta bəziləri ilə "razborka”larda belə iştirakından xeyli basıb bağladı. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yanından keçəndə yol polislərinin qarasınca da bir xeyli deyinib, keçdi Gürcüstan sərgüzəştlərinə. 800 manatla Gürcüstana gedib kazinoda 5 min lari udmasından və 20 lariyə sauna bağladıb, 200 lariyə iki erməni qızı gətirib başlarına açdığı oyunlardan, ağzının suyunu axıda-axıda erməni qızlarının yataqdakı fərasətindən, ilan kimi qıvrılıb, dəvə kimi nərildəmələrindən danışdı...

Lökbatana daxil olanda müştərimi Tiflisdəki erməni qızlarından ayırıb hara gedəcəyimizi soruşdum.

Stadionun yanından sağa dönüb yeni salınmış məhəllələrə doğru sürməyimi xahiş etdi. Sonra özünü təcrübəli "razborşik” kimi tanıtmaq üçün bir neçə cildə girən müştərim ciddi səhvə yol verərək sürücünün görə biləcəyi formada 055 ... 28-00 nömrəsinə zəng etdi. Hal-əhval tutduqdan sonra ərklə qapıya 15 manat çıxarmağı tapşırdı. Sonra telefonda əlüstü daha bir "razborka çürüdüb” dəstəyi qoydu.

Baltalı kişilər

Artıq yeni tikilmiş evlərin arasındakı dar, dolanbac küçələrə daxil olmuşduq. Küçədəki səssizlik və zülmət qaranlıq yaxşı heç nə vəd etmirdi. Amma müştərimin təkbaşına hər hansı bir hərəkət edə bilməyəcəyinə arxayın idim. Hər ehtimala qarşı özümü sığortalamaq üçün müştərimin gözünü qırmağı qərara aldım. Ayaq altındakı "setka”dan hava təmizləyici balonu nümayişkəranə şəkildə götürüb qapının cibinə qoydum. Deyəsən hədəfə vurdum. Müştəri marağını gizlədə bilməyib soruşdu:

- O nədir?

- Qaz balonudu, gecə növbəsində işləyənlərin özünü madafiə etməsi üçün şirkətdən veriblər, - deyə bunun dəfələrlə həyatımı xilas etməsindən başlayıb videoreqstratorun 380 dərəcə çəkiliş apardığını və bu çəkilişin birbaşa şirkətin kompüterinə qeyd edildiyini, sürücünün koordinatlarının naviqatorla izləndiyini, bir sözlə şirkətimizin sürücülərin təhlükəsizliyini təmin etmək üçün mükəmməl bir sistem yaratması barədə qısaca məlumat verdim. Uydurduğum yalanlar işə yaramışdı deyəsən. Yolboyu üdüləyib tökən müştəri sanki dilini udmuşdu. Dar dolanbac küçələrlə bir neçə dəfə sağa, bir neçə dəfə də sola döndükdən sonra yaşıl rəngli darvazanın qarşısında dayandıq.

Müştəri iki dəqiqəyə qayıdacağını deyib darvazanın arxasında yox oldu. Bir xeyli gözlədim gəlib çıxmadı. Qapını döydüm cavab verən olmadi. Hasarın üstünə çıxıb həyətə boylandım. Uçuq-sökük, tərk edilmiş yerə bənzəyirdi. Hasardan tullanıb həyətə düşdüm. Yenicə dikəlib əlimin tozunu çırpmaq istəyirdim ki, qarşımda təxminən 20-22 yaşlarında bir gənc peyda oldu.

- Kimsən, burda neynirsən? - titrək səslə soruşdu.

- Taksi sürücüsüyəm, yarım saat əvvəl bura bir oğlan gətirdim, pul götürmək üçün bura girdi, qayıtmadı.

- Bura heç kəs girməyib.

- Bəs bu yol hara gedir, deyə sol tərəfdəki dar küçəni göstərdim.

- Aşağı məhləyə.

O tərəf iki addım atmışdım ki, oğlan arxadan qışqırdı.

- Hara gedirsən, rədd ol çıx həyətdən...

Geri çevriləndə qarşımda iki nəfər dayanmışdı. Oğlanın əlində zopa, qəfil hardansa peyda olan orta yaşlı kişinin əlində isə balta. Artıq nə hasardan tullandığım yerdən çıxa bilərdim, nə də qapıdan. Tək qaçış yolu müştərimin aradan çıxdığı küçə idi. Bir iki adım geri çəkilib gözümün ucu ilə həmin küçənin hara getdiyini təyin etməyə çalışdım. Demə küçə hesab etdiyim yol elə həytdəki sonuncu evə gedən yol imiş. Ondan sonra isə uçurum...

MTN əməkdaşı, polis və "razborşik”

Artıq müştərinin heç yerə qaçmadığı, həyətdə gizləndiyinə şübhə yeri qalmırdı. Bilmirəm necə başa düşüləcək, amma aldadıldığımı həzm edə bilmədiyimdən qarşımdakı təhlükəni də hiss etmirdim. Əlində balta olan kişinin qolundan tutub oğlanın borcunu verməsini, əks təqdirdə 10 dəqiqə sonra çalışdığım taksi şirkətinin bura polis göndərəcəyini bildirdim. Maşındakı kameranın özəlliklərini bir dəfə də kişiyə izah edib həyətdən çıxdım. Maşına əyləşib müştərimin pul üçün zəng etdiyi nömrəni (055 ... 28-00) yığdım.


Ədəb ərkanla salam verib, özümü təqdim edib başıma gələn əhvalatı qısaca nəql etdim. Dəstəyin o başındakı adam əvvəlcə mənə aradan çıxmağı təklif etdi. Hədə- qorxunun işə yaramadığını gördükdə özünü müştərimin son model "S klass”ını saxlayan polis kimi təqdim etdi. Mən də öz növbəmdə jurnalist olduğumu və polis idarəsinə şikayətə gedəcəyimi deyib danışığı bitirdim. Dəstəyi yenicə qoymuşdum ki, 055 ... 79-99 nömrəsindən zəng gəldi. Salamsız kalamsız atasının həyətinə girdiyimə görə hədə-qorxu gəlib Lökbatandakı Heydəır Əliyev parkana "razborka”ya çağırdı.

- 5 dəqiqəyə ordayam, - deyib dəstəyi qoydum. Bir iki dəfə parkn başına dolansam da, heç kəsi görməyib həmin nömrəni yığdım.

- Mən parkdayam, sizi görmürəm hardasız?

- Gəl MTN-in qarşısına.

Qısası gah "razborşik”, gah polis, gah da MTN əməkdaşı olan şəxs sonunda qardaşının psixi problemi olduğunu deyərək üzrxahlıq etdi. Sonra 15 manat əvəzinə 10 manat ödəyib 5 manatın hallallığını istədi.

Əlqərəz 5 manatın da halallığını verib, gecəni sağ-salamat başa vurduğuma görə tanrıya və işə başlayanda xeyir-dua aldığım taksi sürücüsünə təşəkkür edib evə döndüm.
 
Zülfüqar Xeyirxəbər
BAKU.WS