Ötən gün Zərdab rayonunun Çallı kəndində bir qrup sakin ərazilərinin iş adamları tərəfindən zəbt olunmasına etiraz olaraq aksiya keçiriblər.

BAKU.WS xəbər verir ki, sakinləri rayonun icra başçısı Mərdan Camalzadə qarşılayıb, onlarla danışıqlar apardıqdan sonra vəziyyət stabilləşib.

Jurnalist Həşim Səhrablı "Facebook" səhifəsində yazıb ki, Zərdab rayonunda sakinləri uzun illərdir, naraz salan sabiq icra başçıları olub: "20 Fevral, 2020-ci ildə Zərdab rayon Çallı kəndində baş verən etirazların səbəbləri barədə bilgilərimi paylaşıram. Bu məsələ Azərbaycan dövlətçiliyi nöqteyi-nəzərindən vacib məqamdır. Hər birinizi həssas olmağa çağırıram.

Rayondakı özbaşınalıqlar 2005-2007-ci illərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Mənsur Məmmədov zamanında artmağa başlayır. Xırda rüşvət halları durmadan artır. Xırda dediyimə baxmayın, minlərlə vətəndaşdan toplanan xırda məbləğ vahid əldə toplananda böyük bir sərvət edir ki, hər ay yığılan o sərvət rayon infrastrukturuna xərclənsəydi, indi əhali bəy, xanım kimi yaşayardı. Səhər durub sahəyə, axşam gəlib tövləyə girərək bütün gününü zülm içində keçirməzdi!

O zamanlar çox ümid bəslənilən, Çallı kəndindəki çıxışında qaz problemindən tutmuş bütün növ problemləri həll edəcəyinə söz verən yeni deputat da seçilmişdi: Jalə Əliyeva. Qaz problemi isə 2-3 il əvvəl, birbaşa Prezident İlham Əliyevin səyi ilə həll edildi. Deputat xanıma o qədər ümidlər var idi ki, kimsə İH-dən nəsə gözləmirdi, hər kəs "Jalə söz verdi", "Jalə edəcək" deyərək rayona bir qəhrəman gəlmiş kimi sevincə qərq olmuşdu. Ancaq Mənsur Məmmədov ilə eyni ildə mandat qazanmış xanım elə onunla eyni fayda vermiş oldu: qanunsuzluqların önü alınmır, bu bir yana günü gündən fərqli "yeniliklər" gətirilirdi.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çoxdan gözlənilən sərəncamı verir. Mənsur Məmmədov Rayon İH vəzifəsindən azad edilir. Hər kəs rayon artıq zülmdən qurtaracaq dediyi vaxtda daha böyük bir zülm - Lütvəli Babayevin sədrliyi başlayır. Lütvəli Babayev rayondakı etirazların artması, qanunsuzluqların çoxalması, rüşvət və s. kimi neqativ halların artması dövrünün kulminasiya nöqtəsi oldu. Hətta Çallı kənd məktəbinin süpürgəçilərindən belə "dövlət vergisi" tutulurdu ki, bu vergi öncə rayon mərkəzinə getməli idi. Bu necə vergidir?! Üstəgəl əsl dövlət vergisi onsuz da verilirdi.

Lütvəli Babayevin İH illəri 2007-2019-cu illəri əhatə edir. Elə bir sistem qurulmuşdu ki, yuxarıda qeyd etdiyim "dövlət vergisini" verməyən hər kəs işdən qovulur, şəxsi mülklər - kafelər, restoranlar, marketlər" bağlanırdı.

Lütvəli Babayev dövründə yaşanan ən ciddi problem İH tərəfindən havadarlıq edilən fermalar və sakinlərə məxsus otlaqların zəbt edilməsi idi. Hər iki problem də bir-birinə sıx bağlıdır. Sədrliyinin ilk illərində Çallı kəndinə aid torpaqlarda bir ferma quruldu. Əvvəl ferma sahibi kənd sakinlərindən biri olan, pul müqavilində həmkəndlilərinə zülm yaşadan bir şəxs göstərildi. Sonra bəlli oldu ki, ferma əslində onun yox, birbaşa Lütvəli Babayevin özünə aid imiş. Nəzarəti də iki sürücüsündən "birinci şofer" rütbəsinə layiq görülmüş sürücü həyata keçirir. Məhşur "çayın döşü" ərazisində yerləşən bu ferma icacəsiz şəkildə əkin sahələrini tapdalayır, yonca və digər əkinlər məhv edilirdi. Torpaq sahibləri bəzi hallarda hədə-qorxularla susdurulurdu.

İndi ola bilsin ki, kimlərsə küçədə etiraz edən vətəndaşa "hirsli" qalacaq və onları zaman-zaman ləkələməyə, dövlətə qarşı siyasi təşəbbüs etməkdə günahlandırmağa cəhd edəcək. Elə isə, bir məqam yadda saxlanılmalıdır ki, Çallıda 20 Fevral, 2020-ci ildə baş vermiş hadisələrdə vətəndaş dövlətə qarşı üsyan qaldırmayıb. Vətəndaş məmur özbaşınalığı ilə yaranan ciddi problemlərin aradan qaldırılması üçün tələb aksiyası keçirib. Bu, dövlətə xəyanət deyil, bu qanunları pozaraq, mərkəzi hakimiyyətin iradəsini qıraraq dövlətə xəyanət etmiş Mənsur Məmmədovun, Lütvəli Babayevin və onların əlaltılarının, onların qanunsuzluqlarına qarşı xalqı müdafiə etməli olduğu halda vəzifəsini düzgün istifadə etməyən deputat Jalə Əliyevanın yolsuzluqlarına, mərkəzi hakimiyyətə qarşı xəyanətinə etiraz idi. Vətəndaş bununla həm dövlətin ədalət refleksini, həm də özünün hüquqlarını qorumuş oldu.

Orxan Hüseyn
BAKU.WS
VİDEO