BNA-nın "Cərimə maşın"ı yeni problemlər yaradacaq - FOTO

BNA-nın Cərimə maşını yeni problemlər yaradacaq - FOTO
Sosial 2498

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma durma qaydalarını pozan sürücüləri cərimə etmək üçün yeni avadanlıqdan istifadə edəcək. Artıq yeni cihazlar BNA-nın xüsusi avtomobillərinə quraşdırılır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, BNA-nın həmin avtomobilləri yaxın günlərdə şəhərdə fəaliyyətə başlayacaq. Qurumun yeni maşınları hərəkətdə olarkən belə yeni cihaz vasitəsi ilə yol qırağında dayanan sürücüləri cәrimәlәyә biləcək.

Bakı Nəqliyyat Agentliyinə məxsus cərimə maşınlarına reaksiya ictimaiyyətdə birmənalı olmayıb. Nəqliyyat eksperti Azər Allahverənov isə BAKU.WS-ə açıqlamasında bu tip yanaşmanı düzgün hesab etmədiyini qeyd edib:

“Bildiyiniz kimi Bakı şəhərinin bir çox yerlərində dayanma-durma qaydaları kobud şəkildə pozulur. Demək olar ki, bu məsələ geniş bir miqyas alıb. Bu məsələdə nə Dövlət Yol Polisi (DYP), nə də Bakı Nəqliyyat Agentliyi (BNA) prosesin üzərində tam əhatəli şəkildə nəzarət tətbiq edə bilməyib.

Bəlli məsələdir ki, müşahidə kameraları var ki, onlar vasitəsilə qaydaları pozan sürücülərlə bağlı müvafiq qeydlər aparılır və nəticə etibarı ilə cərimələr tətbiq olunur. Amma o yerlərdə ki, müşahidə kameraları göstərmir və ya quraşdırılmayıb, orda insan resurslarından istifadə edilir. Vaxtilə Yol Patrul Xidmətinin əməkdaşları bu missiyanı yerinə yetirirdi. Həmin şəxslər əlində planşet müvafiq qayda pozuntusunu rəsmiləşdirirdi.

Hazırda bu məsələ ilə BNA əməkdaşları məşğuldur. Təxmin edirəm ki, bu məsələdə insan resurslarının çatışmazlığı yaranıb. Söhbət qısa müddətdə daha effektiv nəzarətin tətbiq edilməsindən gedirsə, BNA bunu cərimə maşınları vasitəsilə həyata keçirməyə üstünlük verir. Cərimə avtomobillərinə xüsusi cihazlar quraşdırılacaq ki, hansı ki avtomobillərin üzərindəki çipdən informasiyanı oxuyub dərhal prosesi tamamlayacaq. Burda söhbət prosesin sürətlənməsindən gedir.

Şəxsən mən bu kimi yanaşmanın tərəfdarı deyiləm. Hesab edirəmn ki, dayanma-durma ilə effektiv mübarizə aparmaq olar, lakin effektiv mübarizə ilə digər zəruri tədbirlərin görülməsi lazımdır. Misal üçün hansısa ərazidə şərti olaraq perimetr üzrə iki-üç kvartalı əhatə edən ərazidə dayanma-durmanı qadağan edən nişanlar quraşdırılırsa, bir qayda olaraq avtomobillər istənilən halda inzibati xəta törədəcəklər. Çünki avtomobillərə əlavə alternativlər verilmir. Yəni avtomobillər harda saxlanılmalıdır? Saxlanılması üçün yerlər varmı? Ən azından ödənişli parkinq yerləri olmalıdır”.

Ekspert əlavə edib ki, hər yerdə dayanma-durmanı qadağan etmək düzgün olmazdı: “İndi kimsə bilirəm dərhal deyəcək ki, heç də adiyyatı strukturlar avtomobillərin saxlanılması üçün yerləri ayırmağa borclu deyil. Mən əminəm ki, belə deyənlər olacaq. Sosial şəbəkədə hərdən belə müzakirələr aparılır. İnsanlar müxtəlif cür məsələyə yanşır. Kimsə deyir ki, dövlət və adiyyatı strtukturlar borclu deyil ki, insanlara alternativ yollar versin və avtomobillər üçün parkinq yerləri ayırsın. Yəni belə yanaşmalar da var.

Düşünürəm ki, bu məsələdə vacib olan sistemin qurulmasıdır. Əgər hər hansı məntəqədə avtomobillərin saxlanılması qadağandırsa, onda insanlara parkinq üçün alternativ yerlər təklif olunmalıdır. Hər yerdə dayanma-durmanı qadağan etmək düzgün olmazdı. Digər tərəfdən mübahisəli məqamlar da var. Misal üçün mən avtomobilimi saxladım və iki dəqiqədən sonra qayıdanda cərimə olunacam. Bu məsələdə xəta necə qeydə alınacaq? Əgər cərimə maşını hərəkətdədirsə, yolboyu sağ və solda dayanan bütün avtomobilləri cərimə edirsə, o haradan biləcək ki, maşın burada iki dəqiqədir, yoxsa dava çox müddətdir dayanıb.

Çünki o maşın da hərəkətdədir. Amma müşahidə kameraları vasitəsilə görünürdü ki, avtomobil hansı tarixdə dayanıb, hansı tarixdə hərəkət etdi. Təbii ki belə olan halda sistem o sürücüyə cərimə yazırdısa, həmin şəxs özünün haqlı olduğunu sübut etmək üçün (15 dəqiqəyə qədər avtomobil saxlayıbsa) elektron protokoldan şikayət edə bilirdi. Bu da şərti olaraq mübahisə yaradan bir haldır. Söhbət 327 (dayanma) və 328 (durma) nişanlarından gedir. Burda bir çox məsələlər var.

BNA cərimə maşınları əldə etsə də, bu heç də problemləri həll eləmir. Bu sadəcə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən biridir”. Orxan Hüseyn

Son xəbərlər