SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Yol Patrul Xidmətinin əməkdaşı 12 yaşlı qızı ölümdən xilas edib.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”a onun babası Əliyev Asif məlumat verib.

O, bir neçə gün əvvəl saat 20 radələrində yaşadıqları evdə 2007-ci il təvəllüdlü nəvəsi Əliyeva Səkinə Rasif qızının qəfildən yıxılaraq koma vəziyyətinə düşdüyünü bildirib:

“Uşağın halı birdən-birə dəyişdi və yıxıldı yerə. Dərhal Təcili Tibbi Yardım Stansiyasına məlumat verdik. Lakin uşağın ürək döyüntülərinin gedikcə zəiflədiyini görüb, uşağı öz maşınıma qoyub, xəstəxanaya apararkən, Xətai rayonu, M.Hadi küçəsində tıxaca düşdük. Bu zaman həmin ərazidə "99-YP-292" dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX-nın əməkdaşına yaxınlaşıb, nəvəmi təcili xəstəxanaya çatdırmaq üçün köməklik göstərməyini xahiş etdim. YPX əməkdaşı dərhal uşağı xidməti avtomobilinə qoyaraq, qısa müddət ərzində nəvəmi 6 saylı Uşaq Klinik Xəstəxanasına çatdırdı”.

A.Əliyev əlavə edib ki, xəstəxanada yeniyetmə qıza şəkərli diabet diaqnozu qoyulub və qanda şəkərin miqdarı 555 milli qrama qədər qalxıb:

“Biz xəstəxanaya çatanda “yol polisi” uşağı qucağına götürüb qaçaraq, xəstəxananın 3-cü mərtəbəsinə - Reanimasiya şöbəsinə çatdırdı. Həkimlər müayinə etdikdən sonra məlum oldu ki, uşaq bir neçə dəqiqə xəstəxanaya gec çatdırılsaydı, öləcəkdi. Buna görə də mən həmin YPX əməkdaşları Anar İbişova və onunla birlikdə xidmət aparan Elçin Vəlibəyova sonsuz təşəkkürümü bildirirəm. Onlar həmin vaxtı orada olmasaydılar, biz uşağı nə xəstəxanaya çatdıra biləcəkdik, nə də onun həyatını xilas edə bilərdik. Mən bu iki YPX əməkdaşının hərəkətini qəhrəmanlıq adlandırıram və bu barədə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayacağam”.

Hadisə ilə bağlı Yol Patrul Xidmətinin əməkdaşı Anar İbişovla əlaqə saxlayaraq reportaj hazırlamaq istədiyimizi bildirdik. O isə çəkilişdən imtina edərək, gördüyü işin vətəndaşlıq borcu olduğunu bildirib.
BAKU.WS
VİDEO