Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən biri də konsert proqramı olacaq.

QSC-dən BAKU.WS-ə verilən məlumata görə, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.

Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqların bayram ovqatını yüksəltməkdir.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.

Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

“İçərişəhər” stansiyası – 11:00 - 12:30
“Sahil” stansiyası – 12:00 - 13:30
“28 May” stansiyası – 13:00 - 14:30
”Elmlər Akademiyası” stansiyası – 14:00 - 15:30


Bununla yanaşı, "Bakı Metropoliteni" QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retro vaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq.

Qatarlardan birinə "A", digərinə "Q" tipli vaqon qoşulacaq. Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30-da xətdə olacaq. Qatarlar Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov) üzrə hərəkət edəcək.

Qeyd edək ki, bayram günlərində "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi yerlərə yaxın metro stansiyalarına əlavə işçi qüvvəsi cəlb olunacaq. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı Metropoliteninə giriş açıq olacaq.

BAKU.WS