SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu il dekabrın 6-da axşam saatlarında metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava düşməsi, nəticədə bir oğlanın bir qızı vuraraq qatardan platformaya salması barədə məlumatlar yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə bildirib ki, bununla əlaqədar Bakı Şəhər BPİ-nin Metropolitenində Polis Şöbəsində müvafiq araşdırma aparılıb, hadisənin iştirakçısı olan hər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Araşdırmalarla o da müəyyən olunub ki, Bakı şəhər sakini Əli Məhərrəmov dekabrın 6-da saat 21.50 radələrində metronun “Nizami” stansiyasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri edərək heç bir əsaslı səbəb olmadan paytaxt sakini Pərvanə Fərmanzadəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı zərərçəkmiş şəxs P.Fərmanzadə və şahidlər dindirilib. Ə.Məhərrəmov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləridavam etdirilir.

Ziya SƏCCAD
BAKU.WS