Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən sonuncu növbədənkənar iclası başa çatıb. Bununla da parlamentin yaz sessiyası bitib.

BAKU.WS AzVision.az-a istinadən xəbər verir ki, spiker Oqtay Əsədov Milli Məclisin növbədənkənar yaz sessiyasının iclasını bağlı elan edib.

Dövlət himninin səsləndirilməsi ilə iclas sona çatıb, millət vəkillər tətilə çıxıblar.

Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə müvafiq olaraq, deputatlar iyul ayının 15-dən tətilə çıxmış hesab olunurlar. Milli Məclisin Daxili Əsasnaməsinə görə, sentyabrın 15-dən komitə iclasları başlayır. 

"Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir. 

Deputatlara məzuniyyətdə olduqları zaman iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək. 

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.