SİZİN REKLAM BURADA!
055 213 76 73


 
On gündən çoxdur ki, bütün müsəlman ailəmində 11 ayın sultanı Ramazan başlayıb. Ramazan insanın nəfsinə sahib çıxdığı, pis vərdişlərdən uzaqlaşdığı, varlını kasıbın halından anlamağa səsləyən aydır.
 
Hazırda yaşadığımız müqəddəs Ramazan günlərində efir vasitəsi ilə alkoqollu içkilər, daha dəqiq desək araqlar reklam olunur. Məsələ ilə bağlı günlərdir sosial şəbəkələrdə müzakirələr aparılır. Yayımlanan reklamlardan biri də "Ulduzlara aparan seçim" sloqanlı "Gəncə şərab 2" şirkətinin "Silver star" məhsuludur. 


PrimeTime.Az saytı müzakirələrə cavab almaq üçün şirkətin aparıcı mütəxəssisi Elvin Əliyevlə əlaqə saxlayıb. Reklam verən şirkət məsələyə belə aydınlıq gətirib: "Telekanallarımızda bundan da betər reklamlar yayımlanır. Bizim məhsulun tanıtımında isə heç bir qəbahət yoxdur. Biz sadəcə kanallarla illik müqavilə bağlayırıq. Yayım qrafikini isə onlar müəyyənləşdirir". Daha bir reklam isə "Kristal plyus" şirkətinə məxsusdur. "Hər dövrün arağı" sloqanlı "Naşe vremya" adlı məhsulun təqdimatı isə bir qədər qəribədir. Süjet xəttinə görə, bir neçə kişi yeməklə bəzədilmiş masa arxasında oturaraq gözləyir. Onlardan bir neçəsi hətta saata baxır. İlk baxışdan onların iftar saatını gözlədiyi təəsüratı yaranır. Lakin reklamın sonunda süfrəyə araq gəlir.

 
 
Həmin şirkətə məxsus digər videoda isə "Sekret" arağı reklam olunur. 
 
 

Saytımızın əməkdaşı şirkət rəsmisi ilə əlaqə yaratdı. Zəngimizə tutduğu vəzifəni açıqlamaq istəməyən Mahir adlı bir nəfər cavab verdi. O, "Sən kimsən? 17 il polis kapitanı işləmişəm. Ömür boyu izahat almışam. İndi məndən izahat alırsan?" deyib və dəstəyi asıb. Daha sonra məsələ ilə bağlı tanınmış telejurnalist, tənqidçi Qulu Məhərrəmlidən münasibət öyrəndik. Əməkdaşımıza açıqlama verən Q.Məhərrəmli bu sözləri deyib: "Ramazan ayında telekanalların spirtli içkiləri reklam edib-etməməsi sırf etika və insani həssaslıq məsələsidir. Deməyim odur ki, bu məsələ qanunla tənzimlənmir, sadəcə telekanallar iman əhlini, oruc tutan insanları nəzərə alıb bu ay ərzində spirtli içkilərin reklamına ara versə, yaxşı olar. Məncə, reklam sifarişçiləri də Ramazan ayının fəlsəfəsindəki həssas məqamları nəzərə almalıdır, əks-təqdirdə belə içkilərin reklamı anti-reklam ola bilər".

Məlumat üçün bildirək ki, PrimeTime.Az saytı həmin şirkətlərlə əlaqə yaratdıqdan sonra bu tip məhsulların reklamında azalma müşahidə olunub.   

BAKU.WS