SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Martın 11-də Acarıstan Muxtar Respublikasının Batumi şəhərində baş vermiş iğtişaşlarda Azərbaycan vətəndaşları və ya bu ölkədə yaşayan azərbaycanlılar xəsarət almayıb.

BAKU.WS-in xəbərində bildirilir ki, bunu AZƏRTAC-ın bürosuna müsahibəsində Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov deyib.

R.İsmayılov bildirib ki, martın 11-də bəzi səbəblərdən mülki əhali ilə polis arasında qarşıdurma olmuşdur. Həmin gün 500-ə yaxın sakin polis idarəsini mühasirəyə almış, polisin vətəndaşa qarşı kobud davrandığını əsas gətirərək etiraz aksiyası keçirmişdir.

Aksiya iştirakçıları polis binasını, polis maşınlarını daş-qalaq etmiş, ağacları yandırmış, infrastruktura ciddi ziyan dəymişdir. Batumi şəhərinin meri Gioegi Yermakov, Gürcüstanın daxili işlər naziri Georgi Mqrebişvili, Acarıstan MR Ali Məclisinin sədri David Qabaidze və digər rəsmi şəxslər hadisə yerinə gələrək əhalini sakitliyə dəvət ediblər.

Dövlət və hökumət rəsmiləri hadisənin səbəblərinin araşdırılacağını, səbəbkarların və hüquqazidd əməllər törətmiş şəxslərin cəzalandırılacaqlarını bəyan ediblər.

Diplomat deyib ki, baş konsuluq hadisələrin gedişini diqqətlə izləyir, soydaşlarımızın bu aksiyalarda iştirakı barədə xəbərlərə xüsusi diqqət yetirir. Baş verən iğtişaşlarda azərbaycanlıların iştirakı və ya xəsarət alması barədə konsulluğa heç bir məlumat və ya müraciət daxil olmayıb.

"Hazırda şəhərdə vəziyyət sabitdir və vətəndaşların həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə, baş konsul vurğulayıb.

Arzu Mirzəyeva
BAKU.WS