SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ölkədə seysmologiya ixtisası üzrə doktorantura təhsilinin olmaması bu sahədə başlıca problemlərdən biridir".

"Report"un xəbərinə görə, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada keçirilən seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə deyib.

İsa Həbibbəyli Azərbaycanın, həm də bir sıra qonşu dövlətlərin seysmik baxımdan aktiv zonada yerləşməsindən irəli gələrək, ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirildiyini söyləyib.

Qeyd edib ki, Azərbaycanda seysmik tədqiqatların əsas mərkəzi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzidir.

Mərkəz seysmik stansiyalar vasitəsilə respublika ərazisinin seysmik rejimini, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğunu, ocaq zonalarındakı seysmik proseslərin dinamikasını tədqiq edir, güclü zəlzələ ocaqlarının mexanizmini öyrənir, böyük şəhərlərin seysmik riskini qiymətləndirir.

AMEA rəhbəri Mərkəzin fəaliyyətinə dəstək vermək məqsədilə 2023-cü ildə Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə qurumun maddi-texniki bazasının və proqram təminatının yenilənməsi, bu sahədə süni intellektdən istifadənin genişləndirilməsi və s. qərarların qəbul edildiyini xatırladıb.

Akademik İsa Həbibbəyli bildirib ki, hazırda bu sahədə başlıca problemlərdən biri ölkə üzrə seysmologiya ixtisası üzrə doktorantura təhsilinin olmamasıdır.

Bu da özlüyündə yüksəkixtisaslı kadr hazırlığı prosesinə əngəl törədir. Akademiya rəhbəri seysmologiya ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində hazırlanması probleminin həll edilməsi üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılacağını diqqətə çatdırıb.

Bundan əlavə, Seysmoloji Mərkəzin ölkə üzrə seysmik stansiya şəbəkəsinin genişlənməkdə olduğunu, 2024-cü ildə Şuşada qardaş Türkiyənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD) Respublika Seysmoloji Xidmət Mərkəzinə hədiyyə etdiyi quyudibi seysmik stansiyanın istifadəyə veriləcəyini və işğaldan azad olunmuş digər ərazilərdə də seysmik proseslərə nəzarət etmək üçün yeni seysmik stansiyaların yaradılacağını diqqətə çatdırıb.

BAKU.WS
QALEREYA