SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün “Global Media Group” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib.

BAKU.WS xəbər verir ki, “Global Media Group”un təşəbbüsü, “Global Management” və qrupa daxil olan digər şirkətlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirə bir sıra rəhbər şəxslər və media nümayəndələri qatılıblar.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov BAKU.WS-ə açıqlamasında bildirib ki, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”  elan edilib və bu məqsədlə ölkə ərazisində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi planlaşdırılır:

“Fevraldan etibarən Abşeron yarımadasında, eləcə də digər ərazilərdə ağacəkmə aksiyaları keçirilir. Bu işdə sadəcə Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşları deyil o cümlədən, yerli icra hakimiyyəti orqanlarının, həmçinin digər aidiyyəti qurumların nümayəndələri də iştirak edirlər. Abşeron yarımadasında yerli iqlim şəraitinə yaxşı uyğunlaşa bilən şam və zeytun tingləri əkilib. Hədəfimiz ilin sonuna kimi ölkə ərazisində yarım milyona yaxın ağacın əkilməsidir. Məqsədimiz ölkə ərazisində yaşıllıq sahələrinin artırılmasıdır. Bu ərazilər damcı suvarma sistemləri ilə təchiz edilib”.

“Global Management”in Marketinq və Satış Departamentinin direktoru Laura Seyidbəyova isə BAKU.WS-ə açıqlamasında belə aksiyaların təbiətin qorunmasına xidmət etdiyini bildirib:

“Global Media Group”un, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı ilə gerçəkləşdirilən aksiya təbiətin qorunmasına xidmət edir. Birbaşa olaraq “Global Management”in davamlılıq siyasətini təşkil edir. Aksiya bizim silsilə tədbirlərimizdən biridir. Bu cür tədbirlərin gələcəkdə də həyata keçirilməsi planlaşdırılır”.

“Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət Departamentinin direktoru Günel Qureyşi BAKU.WS-ə açıqlamasında hər kəsin yaşıl dünya naminə ağacəkmə aksiyalarına qatılmasının vacib olduğunu bildirib:

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar hər birimiz bu aksiyalara qoşulmalı, paytaxt Bakımızı yaşıllaşdırmaq üçün birgə layihələr həyata keçirməliyik. Bu aksiyaya qoşulan bütün şirkətlərə, rəhbər heyətə təşəkkür edirəm. Ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətimizi gücləndirmək üçün “Global Media Group” tərəfindən təşkil olunan ekoloji aksiyada iştirak etməkdən böyük məmnunluq duyuruq”.

Məlumat üçün bildirək ki, dayanıqlı iqtisadiyyatın təmin edilməsinə daim xüsusi diqqət ayıran “Global Management” şirkəti ISO-14001 standartlarına uyğun olaraq və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə sadiq qalaraq, iqlim dəyişikliyi, resurs və enerji səmərəliliyinin təşviqi, ekoloji cəhətdən təhlükəsiz iş yerlərinin təmin edilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması kimi davamlı istehlak və istehsal modellərinə keçidi dəstəkləyir.Şirkət müxtəlif maraqlı tərəflərin iştirakını və bütün təchizat zəncirində sistemli əməkdaşlığı təmin etməklə davamlılıq prinsipinin həyata keçirilməsində mühüm rol oynayır.

Xatırladaq ki, “Global Management” şirkəti beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri vasitəsilə müştərilərin bizneslərinin inkişafı üçün yenilikçi və effektiv həllər təklif edir.Şirkət maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat, İT (informasiya texnologiyaları), hüquq, İR (insan resursları) və kargüzarlıq, SƏTƏM, keyfiyyət təminatı və keyfiyyətə nəzarət sahələrində autsorsinq xidmətləri təklif edir.

BAKU.WS
QALEREYA