SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları artıb. Ətraf yaşayış massivlərindən rayon ərazisinə axın edən sahibsiz itlər uşaq, qoca, yaşlı, cavan demədən hər kəsə hücum edirlər. Bəziləri bundan yüngül xəsarətlərlə canını qurtara bilsə də, bir çoxları aldıqları ağır yaralar səbəbilə günlərlə palatalarda yatmalı olurlar. Bunu BAKU.WS-in qaynar xəttinə daxil olan video və fotolardan ibarət çoxsaylı şikayətlər də sübut edir. Bəs görəsən bu xoşagəlməz hal nə vaxta qədər davam edəcək? Aidiyyatı qurumlar məsələdən xəbərdardırlar? Xəbərdardırlarsa, qarşısını almaq üçün hər hansı profilaktiv tədbir görülür?

Problemlə bağlı BAKU.WS-ə danışan heyvansevər Elxan Mirzəyev bildirib ki, bunun qarşısını almaq üçün görüləcək ən birinci profilaktiv tədbir onları qısırlaşdırmaqdır:

“Sahibsiz itlərin sayının artması ev heyvanı saxlayan insanların günahıdır. Ev heyvanlarının statusu var. Ev heyvanları saxlayan insanlara qarşı tələb qoyulmalıdır ki, onları qısırlaşdırsınlar, vaxtlı-vaxtında peyvəndlətsinlər. Ev heyvanı saxlayan hər kəs məsuliyyətli olsa, küçədə sahibsiz itlər artmaz. Heyvanları qısırlaşdırmırlar. Nəticədə onlar doğub törəyirlər. Polis gəlib yoxlanış aparmalı, baytarlıq gəlib yoxlamalıdır. Dövlət hətta bir rayonda real baytarlıq sistemi qurmalıdır”.

Abşeron RİH-nin birinci müavini Yusif Sadıqov isə BAKU.WS-ə bildirib ki, yaxın zamanlarda problem köklü şəkildə həlll ediləcək. Belə ki, sahibsiz heyvanlar üçün xüsusi sığınacaq tikiləcək və onların hər biri ora yerləşdiriləcək:

“Məsələ tərəfimizdən araşdırılıb. Bununla bağlı Bakı şəhərində yerləşən “Toplan sahibsiz itlərə qayğı mərkəzi” ilə təmas qurmağa çalışdıq. Onlar ancaq Bakı şəhəri ərazisində fəaliyyət göstərdiklərini bildirdilər. Sahibsiz heyvanlara qarşı istər hüquqi, istərsə də humanist davranma nöqteyi nəzərindən radikal addımın atılması mümkün olmayıb.

Rayon icra hakimiyyəti tərəfindən mütəxəssilərin də rəyi nəzərə alınaraq sahibsiz heyvanlara qayğı mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz itlərin müalicəsi, müayinəsi, peyvəndlənməsi, insanlar tərəfindən himayəyə götürülməsi, onlar üçün xüsusi otaqların və gəzintiləri üçün böyük yaşıllıq sahənin salınması nəzərdə tutulub”.

Qurumdan o da bildirilib ki, Abşeron rayon icra hakimiyyətindən də həmin layihənin tikintisi üçün maliyyə vəsaiti ayrılıb. Xidməti personal belə təyin edilib. Hazırda isə həmin sığınacaq üçün nəzərdə tutulan torpaq sahəsinin sənədləşdirilməsi işləri aparılır. Artıq son mərhələdədir. Bu mərhələ bitdikdən sonra sığınacağın tikintisinə başlanılacaq.

Biz sayt olaraq qaynar xəttimizə daxil olan şikayətlər əsasında problemi işıqlandırdıq. Bunun dəqiqliklə nə vaxt həllini tapacağını isə zaman göstərər.

Zöhrə Pənahi
BAKU.WS