SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 15-i Azərbaycanda yeni dərs ili başlayır. Bu günlərdə həm valideynləri, həm də tələbələri ən çox narahat edən məqamlardan biri yataqxana məsələsidir.

BAKU.WS paytaxtda kirayə mənzillərin bahalaşdığı bir dövrdə universitetlərin yataqxanalarındakı vəziyyətlə bağlı araşdırma apardı.

Nəzərinizə çatdıraq ki, yataqxanalarda həyat şəraiti kimi elə qiymətlər də bir-birlərindən fərqlidir.

Azərbaycan Tibb Universiteti (ATU)

ATU-da hazırda 4 yataqxana fəaliyyət göstərir. Universitetin 3 saylı yataqxanası isə təmir etdirilir. 1 və 2 saylı yataqxanada qızlar, 6 saylı yataqxanada oğlanlar, 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayırlar.

Tibb Universitetinin fəaliyyət göstərən 4 yataqxanasının ümumi tutumu 968 nəfərdir. Yataqxanalara qeydiyyat zamanı ilk olaraq qazi və şəhid ailələrinin üzvlərinə üstünlük verilir. Təhsil müəssisəsi çalışır ki, yerli tələbələrin hamısını yataqxana ilə təmin edə bilsin.

Azərbaycan Tibb Universitetində yerli tələbələrə yataqxana qiyməti aylıq 50-80 manat arası dəyişir.

Azərbaycan Dillər Universiteti (ADU)

ADU-da qızlar üçün yataqxana fəaliyyət göstərir. Yataqxana 200-dən bir qədər çox tələbə tutumuna malikdir. Yataqxana daxilində tələbələr üçün kitabxana var. Onlar dərslərinə kitabxanada da hazırlaşa bilərlər. Yataqxanada bir nəfər üçün aylıq qiymət 20 manatdır. Əlamətdar günlərdə isə rəhbərlik tərəfindən tələbələrə xüsusi güzəştlər olunur. İmkansız ailələrin övladları tərəfindən müraciətlər olduqda isə, tələbə həmkarlar tərəfindən onlara güzəştlər də edilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

ADNSU-nun vaxtilə 7 binadan ibarət yataqxana kompleksi olub. Hazırda isə universitetin balansında olan köhnə yataqxanalardan bir bina fəaliyyət göstərir, həmin  bina qismən təmir olunub, istifadəyə verilib. Yataqxanada 320 nəfərlik yer var. Otaqlar 2 və 3 nəfərlikdir, hər otağın qiyməti 100 manat təşkil edir. Bu da 3 nəfərlik otaqlar üçün hər tələbəyə 35, 2 nəfərlik otaqlar üçün isə 50 manat ödəniş deməkdir. Yataqxanada yerli və əcnəbi tələbələr qalır. Bundan əlavə, yerli tələbələr arasında sosial təminatı zəif, həssas ailə qruplarına daxil olan  tələbələrə güzəştlər olunur, ehtiyac yarandıqda onlar pulsuz yataqxana ilə təmin olunurlar.

Bakı Dövlət Universiteti (BDU)

BDU-nun tələbə evi 220 nəfərlikdir. Yataqxanada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. Buraya tələbə yerləşdirmək üçün lazım olan məbləğ 1 nəfərə görə 75 manatdır.

Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir.  Bundan başqa BDU-nun yeni yataqxanalarının tikilməsi planlaşdırılır.


Xəzər Universiteti

Universitetin 90 nəfər tələbə tutumuna malik yataqxanası var. Bu yataqxanaya əsasən xarici tələbələr, rayonlardan gələnlər və qızlar yerləşdirilir. 1 tələbə üçün yataqxana qiyməyi 90-130 manat arası dəyişir. Bu da otaqların 2, 3 və 4 nəfərlik olmasına görə müəyyən edilir.

Yataqxanada 24 saat internet, kamera sistemi, isti və soyuq su, ütü və paltaryuma otaqları mövcuddur.

İlahiyyat İnstitutu

Azərbaycan İlahiyyat İnstitutunun özünəməxsus yataqxanası, hələlik obyektiv səbəblər ucbatından mövcud deyildir.

Buna baxmayaraq, sosial təminatı zəif, eyni zamanda şəhid və qazi ailələrindən olan tələbələrə gəlincə, onlara kirayə yardımı etməyə çalışırıq. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bizə dəstək verir.

Qeyd edək ki, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir. Tələbələr dərsliklərlə təmin edilir, eyni zamanda təqaüddən əlavə onlara yeməkpulu ödənilir. Həmçinin, yüksək göstəricilərə malik tələbələr adlı təqaüdlərlə təmin edilirlər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA)

Akademiyanın hələlik yataqxanası olmasa da, bu barədə müzakirələrin getdiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (ADMİU), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), tələbə evləri uzun illərdir, qaçqın və məcburi köçkünlərin məskunlaşması üçün istifadə olunur.

BAKU.WS