"Nəsimi rayonu paytaxt Bakıda güclü zəlzələlər baş verməsi ehtimal olunan rayonlardan biridir".

Bu barədə BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, zəlzələyə davamlılıq baxımından ən həssas yerlər dənizkənarı ərazilər və Nəsimi rayonudur:

“Paytaxt Bakı geoloji baxımdan o qədər mürəkkəbdir ki, yan-yana tikilmiş binaların biri 8, digəri 9 ballıq zəlzələyə davamlılıq göstərir”.

Direktor onu da söylədi ki, icrasına bir müddət öncə başlanılan paytaxtın seysmik mikrorayonlaşdırılması xəritəsi hazırlanması prosesi çox ləng aparılır:

“Tam detalları əhatə edən siyahının hazırlanması hələ bir neçə il davam edəcək. Bu zaman Bakıda inşa olunan binaların hər biri seysmik baxımdan analiz ediləcək”.

Q.Yetirmişlinin bu açıqlaması özü ilə bərabər bir sıra problemləri gündəmə gətirir. Ən əsas da, qəliz relyefi ilə bilinən paytaxt Bakıda binaların zəlzələyə davamlılıq məsələsini... 

Görəsən, daha əvvəl tikintisinə icazə verilən və sonradan aktiv seysmik ərazidə inşa edildiyi məlum olan binaların və fərdi yaşayış evlərinin gələcək taleyi necə olacaq? Həmin evlər sökülə bilərmi? Sahibkarlara və sakinlərə kompensasiya veriləcəkmi? 

Tikilən binaların zəlzələyə dözümlülüyü və onların gələcək taleyi ilə bağlı suallarımızı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı cavablandırdı. Ekspert bildirdi ki, Bakıda tikilən çoxmənzilli binalarda zəlzələyə davamlılıqla bağlı problem yaşanmamalıdır. Çünki onların tikintisində müəyyən qaydalar və normalar müəyyən olunub:

“Tikinti şirkəti layihə hazırlayan zaman müvafiq ərazi üzrə qrunt səviyyəsinin yoxlanılması, seysmik vəziyyəti və sairlə bağlı rəyləri əlavə edir. Əvvəl tikintiyə nəzarətlə bağlı rəylər bina hazır olduqdan sonra verilirdisə, indi bu hər bir mərtəbə tamamlandıqda həyata keçirilir”.

Fərdi yaşayış evlərində isə zəlzələyə davamlılıqla bağlı problem ola bilər. Ekspertin fikrincə, ölkəmizdə fərdi yaşayış evlərinin tikintisinə nəzarət elə də güclü deyil. Ancaq bu evlər söküləcəyi təqdirdə vətəndaşlara kompensasiya veriləcək:

“Paytaxtda, tikintiyə icazə verilməyən ərazilərdə on minlərlə ev inşa olunub. Hesab edirəm ki, fərdi yaşayış evinin seysmik baxımdan aktiv ərazidə inşa olunması təsdiq edilərsə, onun sökülməsinə qərar verilə bilər. Əgər tikinti prosesi başa çatıbsa və mənzildə yaşayış varsa, evin sənədli olub-olmamasından asılı olmayaraq vətəndaşa kompensasiya veriləcək.

R.Osmanlı Qurban Yetirmişlinin zəlzələyə davamlılıqla bağlı xüsusi vurğuladığı Nəsimi rayonunda inşa edilən binaların gələcək taleyinə də münasibət bildirdi:

“Nəsimi rayonu çoxmənzilli binaların ən çox olduğu rayonlarımızdandır. Əgər seysmik aktivliklə bağlı belə bir hal var idisə və Qurban bəy də daxil olmaqla aidiyyəti qurumların nümayəndələri məsələ qaldırmayıblarsa, bu heç doğru deyil. Hesab edirəm ki, Nəsimi rayonu Yasamal rayonu ilə müqayisədə zəlzələyə daha davamlıdır. Tikinti prosesinin aparılmasına icazə verən qurumlarda seymsik aktivliyi nəzərə alaraq tikintiyə qadağa qoymaq hüquqları var. Ancaq ölkəmizdə seymoloji aktivliyin təyin edilmə mexanizmi olduqca aşağıdır. Qurumların bu aktivliyi öyrənmək imkanları məhduddur”.

Banu HÜSEYNLİ
BAKU.WS