SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonu ərazisində, şəhərin mərkəzi küçələrində günün istənilən vaxtında sahibsiz küçə itlərinə rast gəlmək mümkündür.

BAKU.WS-in məlumatına görə, bu barədə "report"a məlumat verən yerli sakinlər bildiriblər ki, sahibsiz itlər təkcə küçə və prospektlərdə yox, həm də şəhərin mərkəzindəki parklarda istirahət edən sakinlərə, məktəbə gedən və qayıdan şagirdlərə hücum edir.

Təsadüfi deyil ki, cari ilin 11 ayı ərzində sahibsiz küçə itlərinin hücumuna məruz qalan 343 nəfərdən 145-i uşaqdır.

Sakinlərin sözlərinə görə, rayonun N.Nərimanov, 28 May, M.F.Axundov, Azərbaycan və digər küçələrinin yaxınlığında, həmçinin şəhərin mərkəzindəki Fəvvarələr parkı və Şəxsiyyətlər parkında dəfələrlə küçə itlərinin hücumuna məruz qalıblar.

Sakinlər məktəblərin yaxınlığında da sahibsiz küçə itlərinin uşaqlara hücum etdiyini bildiriblər: "Buna görə də valideynlər uşaqlarını məktəbə göndərməyə qorxurlar. Dəfələrlə küçə itləri uşaqlara, yaşlı insanlara hücum edib. Sahibsiz küçə itlərində quduzluq əleyhinə qarşı heç bir peyvəndləmə aparılmayıb.

Gecələr həyətdə otura bilmirik. Gündüzlər küçəyə çıxa bilmirik. Sürü halında gəzən sahibsiz itlər birdən üstümüzə hücum edirlər.

Bizi ən çox narahat edən məsələ uşaqların təhlükəsizliyidir. Buna bir çarə qılsınlar. Ya itləri yığışdırsınlar, saxlama məntəqələrinə aparsınlar, ya da mütəmadi gəlib peyvənd vursunlar".

Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Sahibsiz heyvanlar insanlara problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir.

Xaçmaz Şəhər Bələdiyyəsinin sədri Tural Məlikov bildirib ki, sahibsiz küçə itlərinə qarşı heç bir tədbir görə bilmirlər:

"Bizim bələdiyyənin ərazisində hər hansı sığınacaq mövcud deyil. Ümumiyyətlə bələdiyyə haqqında qanunda xüsusi maddə yoxdur ki, küçə itlərinə mütləq bələdiyyə sahib çıxmalıdır.

Bələdiyyənin hər hansı texniki bazası da yoxdur ki, vaksin etsin və ya sterilləşdirilmə (axtalama) yolu ilə itlərin çoxalmasının qarşısını alsın. Bu işlə hansısa təşkilat məşğul olarsa, biz də şəhər bələdiyyəsi olaraq həmin təşkilata yardım edərik".

Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Emin Ağayev məsələnin bir mənalı olaraq onlara adiyyətinin olmadığını bildirib:

"Bu problemdən xəbərimiz var. Lakin bizim əlimizdən yalnız aidiyyəti qrumları xəbərdar etmək gəlir. Biz də sahibsiz küçə itləri ilə bağlı Rayon Baytarlıq İdarəsinə məlumat vermişik. Bu, Baytarlıq İdarəsinin problemidir, zəhmət çəksinlər, gəlib sahibsiz küçə itlərinə quduzluq əleyhinə vaksin vursunlar və ya peyvənd etsinlər".

Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Şirzad Mahmudov bildirib ki, idarədə yalnız sahibi olan itlərə vaksin vurulur və peyvənd olunur:

"Ötən il 4 896 baş it quduzluğa qarşı peyvəndlənib. Sahibsiz itlərə gəldikdə isə biz baytarlıq idarəsi olaraq yaxın ərazidə olan sığınacaqlara məlumat vermişik ki, küçə və prospektlərdə vətəndaşlar üçün təhlükə yaradan sahibsiz itləri yığışdırıb, sığınacağa yerləşdirək".

İdarə rəisi onu bildirib ki, burada istənilən halda itlərin öldürülməsindən söhbət gedə bilməz: "Atılacaq addımlar sadəcə onların quduzlaşmasının və çoxalmasının qarşısının alınması ilə bağlı olacaq".

Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxlayacağıq.

BAKU.WS
QALEREYA