"Dolu" filminin Drakonu: "Bizi nə başqaları oynaya bilər, nə də çəkə bilər" - MÜSAHİBƏ (FOTO)
Tanınmış azərbaycanlı aktyor Rza Rzayev BAKU.WS-ə müsahibə verib.
Rza Rzayevi hər kəs "Dolu" filmində canlandırdığı və xalqın sevimlisinə çevrilən Drakon obrazından tanıyır. Aktyor müsahibəsində fəaliyyətini davam etdirdiyini, yeni işlər üzərində çalışdığını bildirib.
Rza Rzayevlə müsahibəni təqdim edirik.
- Həyatda prioritetiniz nədir?
- Hamı kimi torpaqlarımızın işğaldan azad olunması və bu prosesdə arzuolunan iştirakım.
- Tələbəlik illərində qarşınıza qoyduğunuz məqsədlərə çata bilmisinizmi?
- Heç vaxt arzu-istəklə və qarşıya məqsəd qoyaraq yaşamamışam. Həyatda çox vaxt istəmədiklərimizi yaşayırıq. Həyatımızda baş verənlərin çoxu iradəmizdən asılı deyilsə, mənasız üz-üzə gəlmək, ona qarşı durmaq, belə mübarizə aparmaq nəyimizə lazım? Əgər bilmədiklərimizi yaşayrıqsa , nəyə və niyə hazır olmalıyıq ki? Sadəcə, yaşam üçün bəzi təməl qanunlar var ki, onlara əməl etməyə çalışıram. Baş verməyənlər yaşanmamış proseslerdisə, sadəcə baş verənlərə hazır kimiyəm.
- Bəs hazırda əsas məqsədiniz və hədəfiniz nədir?
- Bildiyiniz kimi iki ildir dövlət işindən uzaqlaşmışam. New-York Kino Akademiyasında rejissorluq kursu keçmişəm. 80-ci illərin Hollivud əfsanəsi sayılan Şilton Hilbertdən rejissorluq dərsi almışam. Hal-hazırda Türkiyədə sinema və tv üzrə magistr təhsili alıram, diplom işindəyəm. Bu sahədə əsas hədəfim kinonu Azərbaycanca danışdırmaq və Azərbaycan kinosunun əsaslarını yaratmaqda iştirakımdır.
- Bu sənətə ali təhsil almadan yiyələnməyin bariz nümunələrindən biri sizsiniz. Bildiyiniz kimi Kventin Tarantino da hazırda məşhur olduğu sahə üzrə təhsil almayıb, amma indi kino dünyasında ilk ağıla gələn insanlardan biridir. Kinoda uğur qazanmaq üçün təhsil vacibdirmi?
- Kino sahəsinə 1997-ci ildə aktyor kimi gəlmişəm. Sonra müxtəlif səbəblərdən uzaqlaşmışam və "Dolu” filmi ilə yenidən dönmüşəm. İki il öncəyə qədər aldığım təhsillərin heçbiri kino ilə bağlı deyildi, bəlkə də məni daha çox kinoya bağlayan bu oldu. Başqa sahələrdən qaçma səbəblərim var idi, amma qaçmağa "yerin” olmaması ağrılı idi. Kino həyatımda "tutacaq” funksiyası daşıyır. Uçurumdan düşən insanın, uçurumda bitən ağacın budağından tutması kimi, orda asılı qalma isə zaman və tale məsələsidir. Yenidən kino təhsili almağım film sahəsinin təməl qanunlarını dərindən öyrənmək istəyimdən irəli gəlir. Təhsil önəmlidi, fərqi yoxdur bunu universitetdə hansısa müəllimdən alırsan və yaxud da kitablardan oxuyursan, fərdi hazırlaşırsan. Onsuz da universitetdə müəllimlər də kitablarda yazılanlardan öyərdirlər. Sadəcə müəllimin əhəmiyyəti ondadır ki, o bir neçə ilə öyrəndiklərini sənə bir neçə aya öyrədə bilər. Rejisor sahəsi elə bir sahədir ki, ora hazırlıqlı insan gəlməlidir. Təhsil insana reseptləri verir. Hazır reseptlərlə isə uğur qazanmaq mümkün deyil. Bu bütün sahələrə aiddir. Əsas olan insanın yaradıcı təxəyyülüdür. Təxəyyül qazanmaq isə təhsillə mümkün deyil. Təhsil təxəyyüldə olanların idarə olunması üçün alətlər verir. Sənətdə uğur qazananların çoxu hazır reseptlərdən imtina edib təxəyyül gücünə inananlardır. Təxəyyül vasitəsi ilə etdiklərimi və bildiklərimi sonra kitablarda oxudum. Demək olar ki oxuduqlarım hamısı oxumadan bildiklərimdi. Bütün kəşflərin səbəbi təxəyyüldü. İnsan kəşf edəndə heçnə tapmır, olanı tapır və buna da kəşf adı qoyur. Bilmədiklərimiz olmayan anlamına gəlməməlidi. Ən önəmlisi isə budur, insan öncə olanları öyrənməli, bilməlidir ki olmayanları kəşf edə bilsin. Mövcud olan qanunları bilmədən, onları pozmaq,yenisini kəşf etmək mümkün deyil. Mövcud olanı öyrətmək funksiyasını isə təhsil yerinə yetirir. Təhsil davamlı prosesdir. Bunu tək universitet oxumaqla təmin etmək mümkün deyil. Universitet bir zaman kəsimində insana verdiyi təhsili hüquqiləşdirir. Dediyiniz şəxslərin hamısı təhsilli şəxslərdir, sadəcə təhsillərin hüquqiləşdirməyiblər, universitet oxumağı vaxt itkisi hesab ediblər. Bir çox dünya ulduzları bu faktı etiraf ediblər, bunlardan biri də Mel Qibsondur.
- "Dolu" filmində oynadığınız Drakon obrazından sonra gələn dəvətlərdən imtina edirsiniz. Yaratdığınız obrazın hər kəsin sevdiyi drakonun insanların gözündən düşməyini istəmirsiniz. Bəs hansı obraz sizi qane edə bilər?
- İnsan filmə baxanda oradakı obrazlarala özdəşləşir. Kinonun da gücü bundadır, həm də başqa sənətlərdən fərqi və üstünlüyü. Seyirci filmdəki obrazların yerində özünü bilir. Cəmiyyətimizdəki çoxluq Drakon obrazı ilə özdəşləşib, özünü Drakon bilir. Mən də, bir vətəndaş kimi bu obraza hansısa bir rol ilə xələl gətirmək istəmirəm. Aktyor kimi maddi və rol itkilərim olsa da, insan və vətəndaş kimi mənəvi qazancım daha çoxdur və bu seçim özümündür. Sənət insanı imtina etməyi bacarmaldır, çətin olsa da. İmtinalar insanı mənə və şəxsiyyətə çevirir. Çünki sənətdə şəxsiyyət və sənət yaradıcılığı vəhdətdədir. Şəxsiyyətsizlik sənətin virusudur, istedadı məhv edən virus. Elm şəxsiyyətsiz ötüşə bilər, sənətdə isə bu mümkün deyil. Çünki, sənətin birinci funksiyası insan yetişdirməkdir, yeni insan. Kinonun da əsas məqsədi, yeni insan yetişdirmək, yeni insan hazırlamaqdır. Sənət insanı azad olmalıdır, onun senzurası isə vicdanı və peşə şərəfidir. Sənət insanının nəyi edə bilər, nəyi yox onu peşə sənəti və vicdanı müəyyən edir. Peşə şərəfim və vicdanım Drakon roluna xələl gətirəcək heçbir rolları qəbul etməməyimi şərtləndirir.
- "Dolu” filmi Sizin üçün xüsusi bir əhəmiyyət kəsb edir, ya çəkildiyiniz növbəti filmlərdən biridir?
- "Dolu" filmi sənətə ikinci dəfə qayıdışıma, həm də taleyimi sənət və sinema ilə bağlamağıma əsas oldu. "Dolu" tərcümeyi-halımda önəmli yer tutur. Bizləri mərkəzə gətirən, gözləri bizə zillədən, bizlərə sevgi qazandıran sənət əsəridir. Növbəti uğurlarımıza gedən yoldur.
- Azərbaycanda kinematoqraf nə dərəcədə inkişaf edib?
- Öncə söyləyim ki, Azərbaycan dövləti Mədəniyyət və Turizm nazirliyinin ifadəsində kinoya böyük qayğı göstərir. Sovet vaxtı çəkilən bir çox filmərimiz var ki, dövrləri üçün çox əhəmiyyətli filmərdir. Məzmunların kənara qoyub sənət baxımından söyləyirəm. Məsələn, "Nəsimi”, "Dəli Kür”, "Axırıncı aşırım ” filmləri. Müstəqillik qazandığmız illərdə çəkilən bir çox filmlərimizi də, sənət baxımından dəyərləndirmək olar. Kinonun çəkiliş texnikası nəyin ki, ildən-ilə, gündən-günə dəyişir. Bu rəqabətə tab gətirmək üçün çoxlu əsaslar və vasitlər lazımdır. Azərbaycan kinosu Sovet ənənələrindən uzaqlaşmalı, necə ki Rusiyə və başqa ölkələr bundan uzaqlaşıb, öz milli kinolarını yaratmaq prosesindədirlər. Bizdə də kinonun milliləşdirmə prosesinə keçməsi üçün ciddi əsaslar yaratmaq lazımdır. Bu gün dəbdə olan festival filmlərinin çəkilməsindən imtina edilməlidir. Çünki, festival filmlərini hansısa təşkilatlar həyata keçirdir, həmin təşkilatların özəl maraqları və şərtləri var. Bu maraqlar və şərtlərlə, bizim dövləti və milli maraqlar üst-üstə düşmür. Bu düşüncə dəyişməlidir. İlk öncə Azərbaycan və azərbaycanlılar üçün film çəkilməlidir. Kinonu Azərbaycanca danışdırmayana qədər heç bir inkişafdan söhbət gedə bilməz. Söhbət dialoqların Azərbaycanca olmasından getmir. Filmin dilindən tutmuş aktyor oyunu və rejisor quruluşuna qədər Azərbaycanca danışmalıdır. Bu asan proses deyil, buna illər lazımdır.
- Sizin fikrinizcə, xarici arenada Azərbaycan filminin uğur qazanması üçün nə etməliyik? Problem aktyorlarımızdadır, ya rejissorlarda? Dünya miqyaslı film yarada bilmək üçün xarici aktyor yaxud rejissorlara ehtiyac var?
- Azərbaycan kinosunu Azərbaycanca danışdırmalıyıq, təkrarçılıqdan, başqaların yamsılamaqdan və gəvəzəçilikdən uzaqlaşmalıyıq. Azərbaycan kimliyini film dili ilə dünya seyircisinə tanıtmalıyıq. O, nə düşünür, onun həyat baxışı nədir, dünya ilə münasibətdə hansı vasitələrdən istifadə edir, onun dəyərləri ümumi dəyərlərlə necə uzlaşır, o, necə sevir, necə nifrət edir, nəyi qəbul edir, nəyi qəbul etmir, başqaları ilə fərqi nədədir. Bu fərqlilik dünya seyircisinin bizim filmlərimizə baxmağına səbəb olacaq. Hər şeyi göstərən işıqdır. Biz öz işığımızdan istifadə etməliyik, öz işığımız isə bizim ruhumuzdur. Məşhur "Pianoçu" filmi var. O filmi eyni ilə hansısa bir İngilis rejisoru çəksə idi, o təsiri bağışlamazdı, çünki orda yəhudi ruhu olmaycaqdı. Başqası bizim görmək istədiyimiz tərəfə işıq tutmaz. Buna görə də, nə xarici aktyora , nə də xarici rejisora ehtiyac yoxdur. Bizi görmək istəməyənlərin gözünə girmək istəsək də, bizi görməyəcəklər. Ona görə də, ilk öncə özümüz özümüzü görməliyik, ilk öncə aktyorumuza, rejisorumuza özümüz hörmət etməliyik. Bizi nə başqaları oynaya bilər, nə də çəkə bilər.
- Azərbaycanda prokat ənənəsi yaransın deyə nə etməliyik? Xarici kino strukturunu Azərbaycan kinosunda yaratmağa ehtiyac varmı?
- Prokat ənənəsinin yaranması üçün ilk öncə çoxlu film çəkməliyik və regionlarda çoxlu kinoteatrlar açmalıyıq. Kinonun inkişafi eyni zamanda əhalinin sayına bağlıdır. Kino həm də biznesdir, pul gətirməlidir. Bu gün o sahələr daha çox inkişaf edir ki orda pul qoyub , pul qazanırsan. Xarici kino strukturunu Azərbaycanda qurmaq mümkün deyil. Çünki Azərbaycanın nə o qədər əhali sayı var, nə də ki, kinoya dünya kinosundaki qədər pul qoyub pul qazanmaq olar. Reallıqlar nəzərə alınmalıdır. Kiçik büdcəli filmlər çəkilməlidir ki, filmə qoyulan pulu geri qaytarmaq mümkün olsun. Qabaqda gedənin arxasınca qaçmaqla ona çatmaq olmaz. Ona çatmağın və yanaşı getməyin bir yolu var – fərqli yollar getmək. Təkrarçılıq heç vaxt inkişaf olmayıb , əslində geriçilik əlamətidir. Milli psixologiyamızı və reallığı nəzərə alıb öz kino industrasiyamızı yaratmalıyıq.
- Sizin fikrinizcə, müasir kino qəhrəmanlarımızı cəmiyyətə tanıda bilirmi?
- Kino qəhrəmandan qəhrəman yaratmır, kinonun funksiyası olmayanı yaratmaq, olanı isə tanıtmaqdır. Təxəyyül vasitəsilə uydurduğumuz qəhrəmanları kino bizə reallıq kimi təqdim edə bilər. Biz o millətlərdənik ki, uydurma heç nəyi qəbul etmirik, elə uydurma qəhrəmanları da. Başqalarının uydurmaq istədiyi qəhrəmanlar bizim real qəhrəmanlardır. Bu qəhrəmanları tarixin yaddaşına möhürləməksə Azərbaycan rejissorlarının peşə şərəfidir.
- Bir qədər də gələcəyə olan planlardan danışaq. Hazırda qısametrajlı film çəkirsiniz. Filmin əsas süjeti nədən ibarətdir və tamaşaçılarınızı nə zaman sevindirəcəksiniz?
- Çəkdiyim qısametrajlı filmin adı "Geyinilməmiş ayaqqabılar”dır, həm də diplom işimdir. Hazırlıq dönəmindəyik. İnşallah 1-2 aya filmin çəkilişləri bitəcək. Protokol qaydalarını pozmaq istəmədiyim üçün filmin sujet xəttindən danışmaq istəmirəm. İnşallah film bitər və bu haqda danışarıq.
Jalə Qasımova
BAKU.WS
Oxşar xəbərlər
Zirəddin Di Kaprio ilə bağlı proqnozlar verdi
Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev məşhur aktyor Leonardo DiKaprio ilə bağlı proqnozlar verib. BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir...