Arzu Əliyeva və oğlu klassik avtomobillərin paradında (FOTO)

Arzu Əliyeva və oğlu klassik avtomobillərin paradında (FOTO)
Şou-biznes 2492

 

Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.

BAKU.WS xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, eləcə də klassik avtomobil həvəskarları iştirak ediblər.

Paradda 70-dən artıq klassik avtomobil iştirak edib. Tədbirə klassik avtomobil sahibi olan şəxslər də qoşulublar. Klassik avtomobil həvəskarları AAF-ın çağırışına qoşularaq Dövlət Bayrağı Gününə həsr olunmuş yürüşdə iştirak ediblər.

Xatırladaq ki, AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edib. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri noyabrın 8-dək qeydiyyatdan keçiblər.

Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş klassik avtomobillər paytaxt küçələri ilə yürüş edərək sakinlərin bayram ovqatını artırıb. Yürüş Dövlət Bayrağı Meydanında başa çatıb.

Paradın davamı olaraq, Dövlət Bayrağı Meydanında klassik avtomobillərin sərgisi keçirilib. Paytaxt sakinləri və şəhərimizin qonaqları nadir eksponatlarla tanış olublar.

Bu parad və sərgi federasiyanın təşkil etdiyi silsilə tədbirlər sırasında mədəniyyət irsi olan klassik avtomobillərin qorunmasına və təşviqinə yönələn, eyni zamanda, Dövlət Bayrağı Günündə xoş əhvali-ruhiyyə yaradan bir layihədir. AAF klassik avtomobillərlə bağlı bir sıra tədbirlər keçirib. Həmçinin Heydər Əliyev Mərkəzində federasiyanın birgə layihəsi əsasında sərgi nümayiş etdirilir. Bu il sərgini minlərlə turist ziyarət edib.

Klassik avtomobillərin qorunub saxlanılması, dünya üzrə mədəniyyət irsi sayılması bəşəriyyətin və elmin keçdiyi inkişaf yolunu göstərir. Hər bir avtomobil öz istehsal ilinə uyğun olaraq elmin, texnologiyanın inkişafının həmin dövrə görə son mərhələsi hesab edilir. Bəzi insanların bu avtomobillərlə bağlı xatirələri var. Ən önəmli məsələ isə ondan ibarətdir ki, bu avtomobillər, ümumiyyətlə, avtomobil turizminin inkişafına səbəb olur. Bugünkü paradda ölkəmizdə vaxtilə istifadə olunmuş avtomobillər iştirak edib. Ən köhnə avtomobil 1949-cu ilin istehsalıdır.

"Eurovisin-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Nigar Camal təəssüratlarını jurnalistlərlə bölüşərək parad və sərginin yüksək səviyyədə təşkil edildiyini bildirib və hamını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Şəhər sakini və klassik avtomobil paradının iştirakçısı Əlisəfa Zeynalov isə belə bir gündə retro avtomobili idarə etməyindən qürur duyduğunu bildirib. Əlisəfa Zeynalov 1962-ci ilin buraxılışı olan sovet maşınını idarə etməyin çətin olduğunu desə də, bu parada böyük həvəslə qoşulduğunu vurğulayb.

Şəhər sakini Roza Mirzə sərginin möhtəşəm təşkil olunduğunu, adamlarda nostalji hisslər oyatdığını qeyd edib.

Klassik avtomobillər uzun illərdən bəri öz şöhrətini nəinki itirməyən, hətta zaman keçdikcə daha da artıran və tarixin müəyyən bir dövrünü özündə yaşadan nəqliyyat vasitələridir. Bu avtomobillərin əsas özəllikləri ən azı 30-35 il əvvələ aid olması və az sayda istehsal edilməsidir.

Klassik avtomobillərin bu paradının xüsusi cəlbediliciyi var idi. Müasir Bakı küçələri ilə hərəkət edən bu avtomobillər insanı sanki keçmişlə gələcəyin qovuşduğu nöqtəyə apardı. Beləliklə, uşaqdan böyüyədək hamı Dövlət Bayrağı Gününün sevincini birlikdə yaşadı.

BAKU.WS

Son xəbərlər