Dünyanı vahiməyə salan koronavirus Azərbaycan əhalisini də təşvişə salıb. Düzdür, sözügedən virus ölkəmizdə qeydə alınmayıb. Lakin hər kəs qorxu və təşviş içindədir. Ölümcül virusun hava-damcı yolu ilə sürətlə yayıldığını nəzərə alsaq, sıx təmasdan mümkün qədər yayınmaq, ictimai yerlərdən uzaq qalmaq məsləhət görülür. Bir sözlə, şəxsi gigiyena qaydalarına xüsusilə əməl edilməlidir. Bəs lazım gəldi-gəlmədi öpüşüb-görüşən, el məclislərində, kütləvi tədbirlərdə iştirak edən sənətçilər - şou əhli özlərini necə qoruyur?

BAKU.WS mövzu ilə bağlı sənətçilər arasında sorğu keçirib: 

Müğənni Xatun "Öpüşmələrə son!" şüarı ilə qorunur: "Allah hər birimizi koronavirusdan qorusun, Azərbaycana gəlib çıxmasın, heç kəs bu virusa yoluxmasın. İlk duamız budur. Hər zaman getdiyim yerlərdə sevgidən korluq çəkmirəm. Şirinəm axı, toppuş yanaqlarımdan maç etmək istəyirlər. İstəyərdim ki, bu aralar məni öpməsinlər. Deyirlər virusun ömrü yazda bitir. Ona görə özümüzü qorumaqdan ötrü bu aylar öpüşmələrə ara verək. Uzaqdan maç-maç deyib yola verək. Öpüşmələrə son!"

Müğənni Rəsul Əfəndiyev hamı kimi panikada olduğunu deyir: "Hər kəs panik halındadır. Amma hələ ki belə bir virusun ölkədə mövcudluğu qeydə alınmayıb. Gözümüz Səhiyyə Nazirliyindədir. Əlbəttə, ətrafımızda olan dostlarım, ailə üzvlərim də narahatdır. Hətta yoluxmamaq üçün tədbir görənlər də var. Şəhər apteklərində qoruyucu maskalar, spirtlər tapılmır. Biz özümüzü mətbuatın yazdığı qaydalara riayət etməklə qoruya bilərik. Maska taxaraq, daim spirtlə əşyalarımızı təmizləməklə, C vitamini qəbul etməklə və. s. Sənətçilər də daim ictimai yerdədir. Toy, konsert, çəkilişlər... Amma biz qorunmaq üsullarını məclisdə tətbiq edə bilmərik. Etik deyil".

Əməkdar artist Sevda Ələkbərzadə dünyanı vahiməyə salan virusdan ancaq karantinlə qorunmağın mümkünlüyünü düşünür:

"Mən anlamıram, əgər bizdə koronavirus varsa, niya karantin elan etmirlər?"

Bəstəkar-müğənni Murad Arif gigiyenik qaydalara ciddi əməl etdiklərini deyir:

"Açığını deyim, koronavirusdan elementar gigiyena qaydalarına riayət etməklə ev daxilində qorunmağa çalışırıq. Prinsipcə bunu həmişə edirik, sadəcə olaraq bu aralar uşaqlar üzərində nəzarət çoxalıb. Təbii ki, evində körpəsi olan hər kəs panikadadır. Uşağın burnu axan kimi təşvişə düşürük. Evi tez-tez havalandırırıq, uşaqların su ilə təmasını artırmışıq. Uşaqlarla kütləvi məkanlara getmirik.
Yaxşı olardı ki, Səhiyyə Nazirliyi mütəmadi olaraq xalqla kontaktda olsun və hər gün sosial şəbəkələrdə panika xarakterli yayılan məlumatlara reaksiya versin. Bizim buna çox ehtiyacımız var.

Xüsusilə də İranda ölənlərin sayı artdıqca oradakı vəziyyətdən də xəbərdar olmaq istəyirik. Çünki xəbərlər, yəni virusa yoluxanların və ölənlərin sayı hər gün dəyişir. İnsanlar sosial şəbəkələr dövründə panikaya daha çox meyilli olurlar. Xoşagəlməz xəbərlərdən biri də apteklərdə maska və spirtin tapılmamasıdır. Bu məsələləri nəzarət etmək bu qədərmi çətindir? Ölkə olaraq hər bir durumda epidemiyaya hazır olmalıyıq. Bizdə bu məsələlərlə bağlı boşluqlar hiss olunur".

Müğənni Ayan Babakişiyeva virusla psixoloji mübarizə aparmağı məsləhət görür:
"Bu koronavirus millətin canına vəlvələ salıb. Məclislər bir yana, xarici səfərlərimiz olur, bacardığımız qədər özümüzü qoruyuruq. Ümumiyyətlə, virus elə bir şeydir ki, onun qarşısını almaq qeyri-mümkündür. İnsanlar özlərində bütün virusları psixoloji olaraq öldürə bilərlər.
Belə bir deyim var: Qorxan gözə çöp düşür. İnsan o qədər qorxar ki, o qorxu ilə özünü yeyib-bitirə bilər. Məncə, bu həyatda hər şeyə hazır olmaq lazımdır".

Müğənni Nura Surinin yanaşması fərqlidir. O, nəinki koronavirusdan qorunmur, ümumiyyətlə bu virusun mövcudluğuna şübhə ilə yanaşır:

"O vaxtı quş qripi, donuz qripi, nə bilim nə qripi də var idi. Heç nə olmadı. Qorxmuram, qorunmuram. Hər gün insanlar fərqli səbəblərdən dünyasını dəyişir. Bir gün hamımız öləcəyik, vaxtı çatanda. Qorxuyla yaşamaq olmaz".

Müğənni Mina Hüseyn virusdan qorunmağın yolunu özünü ətraf mühitdən təcrid etməkdə görür: "Bu aralar heç yerə getmirəm. Demək olar şəhərə çıxmıram, vaxtımı evdə keçirirəm. Əgər şəhərə çıxmaq zərurəti yaranarsa maskadan istifadə edirəm. El məclislərinə gedəndə yalnız məni qadınlar öpə bilər. Ondan sonra əlləri spirtləmək olar. Məncə bu virusdan qorunmaq üçün ilk növbədə əllərimiz təmiz olmalıdır". 

Zülfiyyə Qurbanova
BAKU.WS