VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni, əməkdar artist Səbinə İlyasova "Ölkə.Az"-ın suallarını cavablandırıb.

BAKU.WS həmin müsahibəni təqdim edir:

- Səbinə xanım, nəyə görə son zamanlarda sizin ifalarınızı eşitmirik?

- Bu sualı bir kəliə ilə ifadə etmək mənim üçün çətin olacaq. Mən sovet dönəminin müğənnisiyəm. Demokratik dövlət qurulduqdan sonra incəsənətimizdə də dəyişikliklər baş verib. Bizim vaxtımızda sırf peşəkar sənətçilər çıxış edirdi. İndi isə elə deyil. Efirə kimi gəldi dəvət edirlər. Mən də həmin kütləyə qatılmaq istəmədiyim üçün kənara çəkilmək məcburiyyətində qaldım. Mən səbr etdim ki, bəlkə sənət aləmində hər şey əvvəlki kimi qaydasına düşər, lakin elə olmadı.

Əksinə hər şey pisə doğru getməyə başladı. Və mən elə bir məktəb görmüşəm ki, indiki şou biznesə qaynayıb-qarışmağa ixtiyarım yox idi. Düzü Rəşid Behbudov məktəbi görmüş biri kimi ürəyim ağrıdı ki, axı nəyə görə əvvəlki sanballı sənət aləmi bu günə düşüb. Kənara çəkilib səbr etsəm də, sonra fikirləşdim ki, unudula bilərəm. Ona görə də 2005-ci ilə qədər çıxış etməyə başladım. Lakin sonra elə alındı ki, ailəmdən 3 nəfər -atam, qardaşım, anam rəhmətə getdi. Qardaşımın ölümündən sonra anam ağır xəstəlik tapdı. Və mən 5 il ona baxmalı oldum. İndi də tək oğlum Amerikada təhsil alır. Tez-tez onun yanına gedib aylarla qalmalı oluram. Ona görə də tamamilə uzaqlaşmalı oldum.

-Efirlərə dəvət alırsınızmı?

-Əlbəttə, efirlərə dəvət alıram. Mən yalandan gileylənə bilmərəm ki, çağırmırlar. Əksinə dəvət olunan yerə getməyəndə, hər dəfə yox cavabı verəndə özüm utanıram. Həmişə Allaha şükr edirəm ki, mən hörmətimi qazanan müğənni olmuşam. Adım heç zaman qalmaqallarda hallanmayıb. Ona görə də bu günə kimi efirlərə də dəvət alıram.

- Sənətdən tamamilə uzaqlaşmısız?

- Doğrudur, bir müddət sənətdən uzaqlaşdım. Amma indi yenidən sənətə qayıtmaq haqqında düşünürəm. Çünki buna görə çok təkidlər olur. Efirlərə çıxmağı düşünürəm və mahnılarım hazır olan kimi də efirlərdə görünəcəm. Böyük ehtimal ki, bu 'Novruz' bayramı ərəfəsində olacaq. Belə bir məsəl çəkim ki, hər aşiqin öz dövranı var. Buna görə də sənətdən vaxtında uzaqlaşmağı bacarmaq lazımdı. Çünki tamaşaçı həmin sənətçini necə sevmişdisə, elə də xatırlamaq istəyir. Elə müğənnilər var ki, çox qocalıb, əldən düşüb, lakin yenə də efirlərə çıxır. Və artıq tamaşaçı onun oxumağından zövq almır. Ona görə də müğənni vaxtında səhnədən getməyi bacarmalıdır. Üstəlik səhnəni də gənc müğənnilərə həvalə etməlidirlər.

- Hazırki şou-biznes sizi qane edir?

- Mən özümü heç vaxt şou-biznesdə görməmişəm, görməyəcəm də. İndi şou-biznesdə hamı cibini düşünür. Müğənnilər ancaq toy haqda fikirləşirlər. Çünki başqa gəlir yerləri yoxdur. Axı onlarda dolanmalıdırlar. Üstəlik efirlər də ödənişlidir. Mən onları qınamıram. Əvvəllər teatrlar, müğənnilərin konsert birliyi var idi. Müğənnilərin əksəriyyəti birliyin solisti idi və maaş alırdılar. İndi mahnı teatrında bir neçə iş yeri var. Teatrlar olmasına baxmayaraq, müğənnilərin iş yeri yoxdu.

Ona görə də onlar toy üstündə bir-birlərini qırırlar. Gündəmə gəlmək üçün, bir-birlərinin acığına efirə çıxıb ərəb-fars, hind mahnıları oxuyurlar. Və dəhşətlisi budur ki, bu musiqilərə öz dilimizdə söz yazırlar və bizim musiqimizi dəyişirlər. Mən şou-biznesi nəzərdə tutub deyirəm ki, onların ifa etdikləri mahnı Azərbaycan mahnısı deyil. Bizim ölkənin qədim musiqi mədəniyyətini heç düşünmürlər. Hamısı da ona görə ki, təki həmin müğənniləri toya çağırsınlar. Düzü bir tərəfdən qınayıram ki, musiqi zövqümüzü dəyişirlər. Bir tərəfdən də qınaya bilmirəm ki, yaxşı bəs haradan pul qazansınlar.

-Sənətdə incik olduğunuz həmkarınız varmı?

-Adlarını çəkmək istəməsəm də, təbii ki, var. İki müğənni var ki, onlarla küsülüyəm. Onlarla da hər hansısa qalmaqalım, mübahisəm olmayıb. Sadəcə, incimişəm və əlaqəni kəsmişəm.

BAKU.WS