SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 6-da Nizami Kino Mərkəzində “Qız qalası” filminin qala gecəsi baş tutub.


BAKU.WS xəbər verir ki, 400 min manatdan çox büdcə ilə çəkilən komediyanın baş rollarında Reza Naji, Ziya Ağa, Kəmalə Piriyeva, Çinarə Məlikzadə, Elməddin Cəfərov və Tural Əzizov çəkilib. 

Qırmızı xalçadan keçən filmin yaradıcı və aktyor heyəti media nümayəndələrinin suallarını cavablandırıblar. 



Ekran işinin quruluşçu rejissoru İlham Qasımov:  

"Düşünürəm ki, bu komediya, ilk növbədə, fərqli təqdimatla yadda qalacaq. Filmdə tarixi səhnlərimiz hardasa 20 dəqiqəyə yaxındır. Filmi çəkməkdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu köməklik edib. Düşünürəm ki, əzəmətli, maraqlı iş alınıb. Büdcəsi kifayət qədərdi".

Aktyor Elməddin Cəfərov:

"Çəkildiyim filmlərin içində büdcəsi çox olan 2-3 filmdən biridir. İlhamla işləmək, doğrudan da, çox xoş idi. Çətin gözləyirdim, amma bizi başa düşdü. Çox əziyyətli film idi. Həm İlham üçün, həm də aktyorlar üçün. Süjet xətti çox maraqlıdır".

Aktrisa Kəmalə Piriyeva:

"Həm keçmişdə, həm də müasir zamanda yaşayan və taleləri bənzər xanımın xarakterini yaratmışam. Çox sevgi ilə işləyirdim. Ona görə də heç bir çətinlik mənə mane olamadı. Hətta isti də oldu. Biz Qız qalasının içində kondisionersiz şəraitdə işlədik. Çox isti idi, amma o bizə təsir etmirdi. O çətinliyin də öhdəsindən gəlirdik".



Məlumat üçün bildirək ki, filmin “Qız qalası” adlanmasının səbəbi bu tarixi abidənin sadəcə paytaxtımızın deyil, ölkəmizin simvolu olmaqla bərabər, dünya səviyyəsində tanınması, eyni zamanda, bu abidənin adının tarix boyu qəhrəmanlıq və sevgi dastanları ilə birgə çəkilməsidir.

Məşhur “Qız qalası” əfsanəsinin motivlərini xatırladan eyniadlı film iki gəncin qəribə və macəradolu bir məhəbbət əfsanəsindən bəhs edir. Filmin ssenarisi həm qəhrəmanlıq, həm sevgi, eyni zamanda, qədim dövrlə müasirliyin çalarlarını özündə ehtiva edir. Belə ki, filmdə cərəyan edən hadisələrin mərkəzində bir-birini sevən, lakin qovuşa bilməyən iki gənc – Tuncay və Aytəkinin bir-birinə sonsuz məhəbbəti durur. Onların hicranına səbəb isə Aytəkinin şah qızı, Tuncayın sadə bir həkkak olmasıdır. Bu məsələ ilə paralel olan digər məsələ Tuncayın bir şamanı özünə şagird götürməsidir. Məhz hadisələr də bundan sonra baş verir. Tuncay möcüzə nəticəsində min il sonraya – müasir Bakıya varid olur və sevdiyi qızı da, onun atasını da tapmağa müvəffəq olur. Bəs bu min il ərzində Bakıda nələr dəyişib? Qəhrəmanımız ona tamamilə yad olan şəraitdə, zamanın burulğanında sevdiyi xanıma qovuşa biləcəkmi?

Qeyd edək ki, filmin ssenari müəllifləri İ.Qasımov və Tural Sevdimalıdır.

Hüseyn Məmmədsalahov
BAKU.WS