SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerikalı ulduz Kristina Aqilera Bakıda möhtəşəm konsert verib.

BAKU.WS-in məlumatına görə, bəstəkar və aktrisa kimi də tanınan müğənni aprelin 28-də Bakı Kristal Zalında səhnəyə çıxıb.

Konsertə ulduz müğənnini sevənlər axın edib. 

Onun 7 albomu bütün dünyada ümumilikdə 43 milyon dəfədən çox satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən Aqilera indiyədək 6 “Grammy” mükafatına layiq görülüb və onun 4 mahnısı “Billboard”ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb. Bundan başqa, Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox əfsanəvi incəsənət adamları ilə də sıx əməkdaşlıq edib.

“Rolling Stone” jurnalı Aqileraya “bütün dövrlərin ən çox dinlənən 100 ifaçısı”, “Time” jurnalı isə ona “dünyanın ən nüfuzlu 100 şəxsi” sırasında yer verib. “Genie in a Bottle”, “Beautiful” və “Come on Over” kimi ən çox dinlənən ifaları bütün dünyada rekord qıraraq ona bütün dövrlərin ən uğurlu pop vokal ifaçılarından biri ünvanını qazandırıb.

Müğənnilik və bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Aqilera müxtəlif film və seriallara çəkilib. O həm də rol ifa etdiyi “Burlesque” filmində səsləndirilən “Bound to You” mahnısının bəstəkarlarından biri olub. Daha sonra bu mahnı “Golden Globe” nominasiyasına layiq görülüb. Bu il Aqilera “Warner Bros” tərəfindən çəkilən “Life of the Party” və çəkilişi müstəqil aparılan “Zoe” filmində yer alacaq. “Zoe” filmi bu il ilk dəfə “Tribeca” film festivalında nümayiş olunacaq.

Bundan başqa, Aqilera Ümumdünya Ərzaq Proqramında BMT-nin səfiri kimi fəaliyyət göstərir və bir sıra digər xeyriyyə işlərində də yer alır.

Abbas
BAKU.WS