SİZİN REKLAM BURADA!
055 213 76 73


Müasir plastik cərrahiyyə tibbin ən böyük nailiyyətlərindən biridir. İnsanların öz xarici görünüşlərini dəyişmək istəyinə fərqli yanaşmaq olar. Lakin rinoplastika və ya qulaqların kiçildilməsinin əksər insanın özgüvənini artırdığını inkar da etmək olmaz. Məhz bu səbəbdən də klinikalarda burunun formasının və ya burun yollarının korreksiyası əməliyyatına müraciət edənlərin sayı get-gedə artır.

Bəs nə zaman rinoplastikaya müraciət etmək olmaz? Əməliyyatın hansı riskləri var? Peşəkar həkimi necə seçək?

Lor-estetik cərrah Səbinə İsmayılova məsələ ilə bağlı BiznesMedia-ya həmsöhbət olub:

- Səbinə xanım, ümumiyyətlə, rinoplastika nədir? Bu əməliyyatın yalnız estetik tərəfləri var, yaxud onun hansısa tibbi əsasları da mövcuddur?

- Rinoplastika burun plastikası deməkdir. Uğurla nəticələnən hər bir estetik əməliyyat insana özgüvən verir. Belə ki, sağlamlığımızda sinir sisteminin rolu hər kəsə məlumdur. Ayrıca rinoplastika zamanı septoplastika (çəpər əyriliyi əməliyyatı) əməliyyatı da icra olunur ki, bu zaman da burun tənəffüsü bərpa olunur.

- Rinoplastika üçün aşağı və yuxarı yaş həddi varmı?

- Aşağı yaş həddi xanımlar üçün 16, bəylər üçün 17 yaş götürülür, yuxarı yaş həddi isə yoxdur.

- Kimlərə rinoplastika əməliyyatına girmək olmaz?

- Rinoplastika əməliyyatından öncə pasiyentlər lazımi müayinələrdən keçir. Müayinələrin hər hansı birində əməliyyat üçün əks göstəriş olarsa, əməliyyat etmirik. Məsələn, ürək-qan damar, sinir sistemi və ya tənəffüs sistemində olan problemlər zamanı.

- Rinoplastika əməliyyatını icra etməzdən əvvəl və pasiyent əməliyyata hazırlanarkən daha çox nəyə diqqət olunmalıdır?

- Əməliyyatdan öncə pasiyentlə ətraflı söhbət aparılır, psixoloji durumu təkrar nəzərdən keçirilir, əməliyyata psixoloji olaraq hazırlanır, ətraflı anamnez toplanır. Daha sonra pasiyent anestezioloqun müayinəsində olur, burunun fotoları çəkilir, əməliyyat üçün lazımi analizlər verilir və əks göstəriş olmadığı təqdirdə əməliyyata alınır.

- Rinoplastika əməliyyatına hansı cinsin nümayəndələri daha çox müraciət edir? Rinoplastika üzrə əməliyyat xərclərindən danışın.

- Bu əməliyyata, sözsüz ki, xanımlar daha çox müraciət edirlər. Çünki xanımlar zahiri görünüşlərinə daha düşkündürlər, daim gözəl görünmək istəyirlər.
Əməliyyat xərcləri burunun xarici və daxili endoskopik müayinəsindən sonra bəlli olur. Əlavə olaraq analiz paketi üçün kiçik bir ödəniş olur.

- Hazırda “push down”, “let down” kimi terminləri tez-tez eşidirik. Bizə bunların nə demək olduğunu izah edərdiniz? Hansı halda istifadə olunurlar?

- Hər bir həkimin buruna fərqli bir yanaşma tərzi var, məqsəd isə eynidir - gözəl burun. Etiraf edim ki, hal-hazırda bu üsullardan istifadə etmirəm və etməyi düşünmürəm.

“Let down” üsulu zamanı burun beli açılmadan daha alt qisimlərdəki qığırdaq və sümük toxumaları çıxarılaraq burun beli aşağı endirilir. Mənim iş prinsipim isə fərqlidir - toxumaları tam açmaq, mənimkiləşdirmək, yeni burun yaratmaq. Düşünürəm ki, orqan qoruyucu yanaşma zamanı problemləri də qorumuş oluram, mənə lazım olan isə problemləri aradan qaldırmaqdır.

- Deyirlər ki, qış fəslində heç bir əməliyyata girmək olmaz. Bəs respirator xəstəliklərinin yayıldığı, havanın soyuq olduğu qış zamanı rinoplastik əməliyyata girmək olarmı?

- Ümumiyyətlə, rinoplastika əməliyyatı üçün fəsil ayrımı fərqi yoxdur. Texnologiyanın inkişaf etdiyi müasir dövrdə əməliyyatdan sonrakı sağalma mərhələsində otaq temperaturunu istədiyimiz kimi tənzimləyə bilirik. Bununla yanaşı qeyd edim ki, qış ayları bizim iqlimdə o qədər də sərt keçmir. Respirator xəstəliklərə gəldikdə isə fəsildən asılı olmayaraq, əgər pasiyent özündə narahatlıq hiss edərsə, əməliyyat etmirik.

- Ümumiyyətlə, rinoplastikanın hansı riskləri mövcuddur?

- Hər bir əməliyyatda olduğu kimi anestezioloji, qanaxma, hematoma, burun absesi və s. bu kimi risklər mövcuddur. Pasiyentlər əməliyyata girdiyi zaman riks alır, həkim isə məhsuliyyət. Yaxşı cərrah ağırlaşmasının öhdəsindən gələ bilmədiyi əməliyyata girməməlidir.

- Baxın, bizdə adətdə deyirlər ki, xaricdə hər şey bizdən yaxşıdır. Bu deyimi Azərbaycanda aparılan rinoplastika əməliyyatlarına da şamil etmək olarmı? Yəni Azərbaycanda aparılan bu əməliyyatlar keyfiyyətcə xarici ölkələrdəkindən fərqlənirmi?

- Böyük fəxrlə qeyd edim ki, rinoplastika əməliyyatlarının uğurlu nəticələrinə görə Azərbaycan adı öndə çəkilən dövlətlərdəndir. Bizdən rinoplastikanın incəliklərini öyrənmək istəyən xarici ölkədən olan həmkarlarımız da kifayət qədərdir. Öz adıma qeyd edim ki, yenilik öyrənmək üçün hər zaman axtarışdayam.

- Heç olubmu ki, sizə burun korreksiyası əməliyyatı aparmağa gələn xəstələri bu fikirdən yayındırmısınız? Yaxud xəstə bir burun forması istədiyi halda, siz yalnız onun xahişini nəzərə alırsınız, ya özünüz ona başqa forma təklif etmisinizmi? Olubsa, bu halda hansı meyarları əlinizdə rəhbər tutmusunuz?

- Əlbəttə, olub. İstər birinci dəfə, istərsə təkrar rinoplastika üçün müraciət edən pasiyentlərdə burunda problem görmədikdə qətiyyən əməliyyata almıram.

Pasiyentin istəklərini yerinə yetirmək hər zaman öncəliyimizdir. Çünki məqsədim pasiyentimi xoşbəxt görməkdir. Ancaq hər kəsin gözəllik anlayışı fərqlidir. Mənim də gözəl gördüyüm bir burun forması var, buna öz stilim deyək. Pasiyent bundan çox kənara çıxdığı zaman hiss edirəm ki, zövqlərimiz üst-üstə düşmür, bu zaman öz təkliflərimi edirəm. Təbii ki, alınmasa, əməliyyat etməkdən imtina edirəm.
Ancaq onu qeyd edim ki, yanıma gələn pasiyentlər mənim işlərimi bəyənərək müraciət etdikləri üçün bu cür hallar, demək olar, olmur.

- Səbinə xanım, hazırda plastik cərrahların uğurlarını əksəriyyətimiz onların “Instagram” səhifələrinə əsasən dəyərləndiririk. Sizcə, həkim seçimində bu, kifayət edirmi? Etmirsə, həkimi necə seçək?

- “Instagram”da hər bir həkim ən gözəl əl işlərini paylaşır, mən də həmçinin. Məsələn, mənim peşəkar fəaliyyətimi @rhinoplasti_dr.sabina "Instagram" səhifəmdən izləyə bilərsiniz. Müqayisə olunduğu zaman da ən gözəl burunlar müqayisə olunur. Bu, o deməkdir ki, “Instagram”ın önəmi kifayət qədərdir.

BAKU.WS