Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir"
Qarabağın tarixini incələyərkən bir daha görünür ki, bu qədim Azərbaycan diyarı tarix boyu Azərbaycan ərazisində mövcud olan dövlətlərin tərkibində olub. Bununla bağlı bir çox tarixi mənbələrdə qeydlər və faktlar mövcuddur.
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Qafqaz Albaniyası Alban kilsəsinin əsas iqamətgahlarından biri olub. Albaniya min ilə yaxın bir dövrdə siyasi mövcudluğunu, habelə müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub. Alban çarı Cavanşir qonşu imperiya dövlətləri arasında balanslı siyasətə üstünlük verib və burada vasitəçilik missiyasını üzərinə götürərək Albaniyanın müstəqilliyinə töhfələr qatıb. Təbii ki, onun mövqeyi Ermənistanın deyil, Albaniyanın mövqeyi demək olub.
Şəbnəm Həsənova qeyd edib ki, ərəb xilafəti genişləndirmə siyasəti yürüdərkən VIII əsrin əvvəllərində Qafqaz Albaniyasının da müstəqilliyinə son qoyulub. Lakin kral sülaləsi dövlətçiliyi davam etdirmək istiqamətində addımlar atıb, kiçik bir ərazidə dövlətçilik irsini bərpa edərək, onu qoruyaraq bu siyasəti davam etdirib. Qarabağdakı Alban feodal dövləti də bunun bariz nümunəsidir.
Politoloq bildirib ki, Qarabağın xristian irsi deyərkən bunu sadəcə dini və mədəni amillərlə bağlamaq olmaz: "Azərbaycanın tarixi yaddaşının və milli irsinin qorunması baxımından bu məsələ mühüm siyasi əhəmiyyət daşıyır. Qarabağ ərazisində yerləşən bir neçə xristian abidəsinin özü də Qafqaz Albaniyasının çoxəsrlik dini-mədəni siması ilə əlaqələndirilir".
Onun sözlərinə görə, bu barədə tarixi mənbələrdə də qeyd olunur, müasir elmi tədqiqatlar da Qafqaz Albaniyasının Cənubi Qafqaz regionunun qədim dövlətlərindən biri olduğunu göstərir. Həmin bu məsələ uzun illər boyu Qarabağ ətrafında aparılan informasiya müharibəsinin əsas komponentlərindən biri olub.
"Fakt ondan ibarətdir ki, Qafqaz Albaniyasının siyasi, dini və mədəni tarixi Azərbaycanın qədim və orta əsrlər tarixinin ayrılmaz bir parçasıdır. Məhz bu səbəbdəndir ki, Alban xristian irsinin araşdırılması, öyrənilməsi, habelə beynəlxalq ictimaiyyətə düzgün çatdırılması Azərbaycanın tarixi həqiqətlərin dünyada tanıdılması və müdafiəsi istiqamətində atdığı addımların mühüm elementlərindən biridir", - deyə Şəbnəm Həsənova vurğulayıb.
Politoloq qeyd edib ki, Azərbaycan bunu siyasi ritorika səviyyəsində saxlamır, elmi müstəvidə araşdırır, sübut edir. Bu isə göstərir ki, tarixi irsin mənimsənilməsi, öyrənilməsi, gələcək nəsillərə düzgün çatdırılması, habelə beynəlxalq ictimaiyyətə korrekt forma və məzmunda təqdim olunması da Azərbaycanın əsas hədəflərindən biridir.
"Bu hədəf heç bir halda tarixin təhrif olunması və yaxud da hər hansı bir tərəfin tarixi öz monopoliyasına çevirməsi cəhdləri ilə uzlaşmır", - deyə o bildirib.
Şəbnəm Həsənova əlavə edib ki, Udi icmasının xristian dini ənənələrinin yaşadılması, Azərbaycanda Alban-Udi kilsələrinin fəaliyyət göstərməsi Azərbaycanın tarixi irsə duyduğu hörmətin bariz nümunəsidir. Buna görə də Qarabağın xristian irsi siyasi manipulyasiyalardan uzaq tutulmalı, tarixi və elmi faktlara əsaslanmalıdır.
"Azərbaycan bu irsin qorunması istiqamətində ardıcıl addımlar atır. Beynəlxalq təşkilatların, diplomatların, xarici ekspertlərin diqqətini Qarabağdakı tarixi abidələrə cəlb etməyə çalışır, habelə saxta erməni yalanlarını ifşa edir", - deyə politoloq bildirib.
Nəticə etibarilə, Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentlərindən biri kimi çıxış edir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA
"Son günlər Qarabağda alban-xristian irsi ilə bağlı müzakirələr yenidən aktivlik qazanıb. Bunun səbəbi isə Ermənistanın yenidən tarixi faktları siyasi manipulya...