Fuad Hüseynəliyev: Tramp dövründə Azərbaycan – ABŞ münasibətləri tədricən yaxşılaşacaq
Azərbaycan ABŞ üçün, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Prezident Donald Tramp dövründə Azərbaycan – Amerika münasibətləri tədricən yaxşılaşacaq.
Bu barədə "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "Qərbi Azərbaycan Xronikası" layihəsinin buraxılışında bildirib.
O, Trampın əsas tezislərini, mövqeyini və Cənubi Qafqazdakı vəziyyətlə bağlı gələcək planlarını şərh edib.
"Düşünürəm ki, Tramp prinsip etibarilə Cənubi Qafqazdakı vəziyyətlə maraqlanır. Biz artıq cənab Prezident İlham Əliyevin onun seçilməsindən sonra, hətta andiçmədən əvvəl onunla danışıqlar apardığını görmüşük. Yəni düşünürəm ki, Azərbaycan-ABŞ münasibətləri yavaş-yavaş yaxşılaşacaq", - F.Hüseynəliyev qeyd edib.
O, sabiq prezident Cozef Bayden dövründə Azərbaycan – ABŞ münasibətlərində yaranmış böhrandan danışarkən onun administrasiyasının Ermənistan – Azərbaycan münaqişəsinə qərəzli yanaşmasını vurğulayıb.
"Vasitəçinin açıq-aşkar tərəflərdən birini, özü də qeyri-obyektiv şəkildə dəstəklədiyini görəndə, belə vasitəçiyə ehtiyacımız yoxdur. Bundan əlavə, bildiyiniz kimi, 2024-cü ilin aprelində Ermənistan, Aİ və ABŞ arasında Ermənistanın gələcək silahlanması və s. ilə bağlı saziş imzalanıb. Yəni amerikalılar bu prosesdə də iştirak ediblər.
Media da hazırda Ermənistana Amerika silahlarının daxil olduğunu xəbər verirdi. Yəni Bayden administrasiyasının irəli sürdüyü bütün bu amillər faktiki olaraq onların Azərbaycandakı mövqelərini heçə endirdi. Tramp bu baxımdan xeyli dərəcədə daha praqmatikdir. O, ilk növbədə ABŞ-nin maraqlarına əsaslanır", - o qeyd edib.
Agentlik direktorunun sözlərinə görə, Azərbaycan həm ABŞ, həm də Avropa üçün, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm daşıyır.
"Hazırda ölkəmizdə yaşıl enerjini fəal şəkildə inkişaf etdiririk. Təkcə inkişaf etdirmirik, həm də yaşıl enerjimizi Avropaya ixrac etməyi planlaşdırırıq və bununla da bu regionun enerji təminatı məsələsinin yaxşılaşdırılması üçün zəmin yaradırıq.
Yəni düşünürəm ki, Tramp zamanla bütün bu məsələlərlə çox ətraflı tanış olacaq və ABŞ-nin regiondakı siyasətini köklü şəkildə dəyişəcək və artıq region ölkələri ilə münasibətlərə öz praqmatizmi çərçivəsində və həm ABŞ, həm də Azərbaycan üçün maraqlı olacaq qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində yanaşacaq", - F.Hüseynəliyev bildirib.
Oxşar xəbərlər
15 fələstinli Türkiyəyə gətiriləcək
İsraildən çıxan bir qrup fələstinli məhbusun Türkiyəyə gətiriləcəyi açıqlanıb. BAKU.WS xəbər verir ki, 15 fələstinli məhbus Misir vasitəsilə Türkiyəyə gələcək....