Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb

Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Siyasət 47

Qısamüddətli perspektivdə ənənəvi enerji mənbələri olmadan inkişafın davamlılığını təmin etməyin mümkünsüzlüyü qəbul olunmalıdır.

BAKU.WS xəbər verir ki, bu, BMT-nin ikinci komitəsinin bəşəriyyətin indiki və gələcək nəsilləri üçün qlobal iqlimin qorunması və hamı üçün əlverişli, etibarlı, davamlı və müasir enerjiyə çıxışın təmin edilməsi mövzusunda keçirilən ümumi müzakirələrində Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə tərəfindən səsləndirilən bəyanatda vurğulanıb.

Bəyanatda iqlim dəyişikliyi ilə mübarizənin inkişaf etməkdə olan ölkələr üçün gücləndirilmiş beynəlxalq əməkdaşlıq, adekvat və proqnozlaşdırıla bilən maliyyələşdirmə, texnologiya transferi və potensialın artırılmasını tələb etdiyi qeyd olunub. Bildirilib ki, COP29-a sədrlik edən Azərbaycan bütün ölkələrin səsinin eşidilməsini təmin etməklə yanaşı, iddialı və balanslaşdırılmış nəticələrin əldə olunmasına çalışıb.

Azərbaycanın iqlim fəaliyyətinə sadiqliyinin COP29-dan sonra da davam etdiyi diqqətə çatdırılan bəyanatda Bakının ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İqlim Həftəsinə ev sahibliyi etdiyi vurğulanıb.

"COP31-ə doğru irəliləyərkən Azərbaycan Türkiyə və Avstraliyanın liderliyini tam dəstəkləyir və Bakı ilə Belemdə əldə edilmiş irəliləyişə əsaslanaraq Antalyada nəzərəçarpacaq nəticələr əldə etmək üçün bütün tərəfdaşlarla işləməyə davam edəcək", - bəyanatda qeyd edilib.

Həmçinin iqlim hədəflərinə qətiyyətlə sadiq qalmaqla yanaşı, qısamüddətli perspektivdə ənənəvi enerji mənbələri olmadan inkişafın davamlılığını təmin etməyin mümkünsüzlüyünün qəbul edilməli olduğu bildirilib:

"Azərbaycan hesab edir ki, enerji təhlükəsizliyi, əlçatanlığı və davamlılığı birlikdə təmin edilməlidir. Qlobal enerji tələbatı artmaqda davam etdikcə keçid praktiki, inklüziv və müxtəlif milli şəraitlərə uyğun olmalıdır. Bərpa olunan enerjinin inkişafı dayanıqlı elektrik şəbəkələrinə, müasir ötürücü sistemlərə və enerji saxlama texnologiyalarına qoyulan investisiyalarla paralel şəkildə həyata keçirilməlidir".

Bəyanatda Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsinin onun təmiz enerjiyə keçiddə artan rolu ilə getdikcə daha çox tamamlandıqğına diqqət çəkilib. Həmçinin bərpa olunan enerjinin genişləndirilməsinin Azərbaycana Avropa bazarlarını yaşıl elektrik enerjisi ilə təmin etmək üçün imkanlar açacağı vurğulanıb.

Sonda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi öz rolunu gücləndirməyə davam edəcəyi diqqətə çatdırılıb.

Son xəbərlər