SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın “Nasionalnaya oborona” jurnalının avqust buraxılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə müsahibəsi dərc olunub.

BAKU.WS müsahibəni təqdim edir:

- Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Ermənistan ilə sərhəd zonasında heç bir hərbi planı və ya məqsədi yoxdur. Bu yaxınlarda törədilmiş təxribat dövründə Azərbaycan Silahlı Qüvvələrinin döyüş vəzifəsi dövlət sərhədini və dinc əhalinin təhlükəsizliyini qorumaq idi. Azərbaycan Ordusu düşməni layiqincə dəf etdi, döyüş qabiliyyətini və yüksək mənəvi ruhunu bir daha təsdiq etdi. Döyüş əməliyyatları meydanında vəziyyət barədə tam məlumatlandırılmış Azərbaycan Silahlı Qüvvələri operativ şəraitə səmərəli nəzarət edirdilər. Onlar ölkənin müdafiəsi zamanı strateji və taktiki məsələlərin həllində geniş imkanlarını, o cümlədən yüksək dəqiqlikli silahlardan səmərəli istifadə, pilotsuz uçuş aparatlarını uğurla tətbiq etmək qabiliyyətlərini nümayiş etdirdilər.

Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatları zamanı erməni qüvvələrinin mövqelərimizə soxulmaq cəhdlərinin qarşısını aldılar, ərazilərimizin artilleriya atəşinə tutulduğu nöqtələri qısa müddətdə susdurdular. Qeyd etmək lazımdır ki, həmin atəş nöqtələrindən təkcə döyüş mövqelərimizə deyil, həm də mülki şəxslərin olduğu yaşayış məntəqələrimizə atəş açılırdı. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Azərbaycan Ordusu bu istiqamətdə ərazi bütövlüyümüzün müdafiəsini, dövlət sərhədinin toxunulmazlığını və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etdi. Biz inanırıq ki, bu, Yerevanda “yeni ərazilər uğrunda yeni müharibə” xülyasına düşmüş bəzi davakarlar üçün yaxşı dərs olacaq.

- Azərbaycan və Ermənistan tərəfindən itkilər barədə məlumatlar necədir?

- Ermənistan tərəfindən növbəti silahlı təcavüz aktı nəticəsində təəssüf ki, Azərbaycanın 12 hərbi qulluqçusu və bir dinc sakin həlak olub. Ermənistan tərəfinə gəldikdə, qeyd etmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrində özlərinin həqiqi itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə mürəkkəb mexanizm mövcuddur. Bu məsələdə Ermənistanın bütün rəhbərləri özlərini qeyri-səmimi aparıb və həmişə öz xalqını aldadıblar.

Bizdə olan məlumata görə, döyüş əməliyyatlarının şiddətli xarakterini nəzərə alsaq, Ermənistan tərəfdən onlarca həlak olan və yüzlərlə yaralanan var. Əvvəlki təcrübəni nəzərə alaraq inamla demək olar ki, tezliklə bu itkilər döyüşlə bağlı olmayan, qəzalar və digər bədbəxt hadisələr nəticəsində yaranmış itkilər kimi təqdim ediləcək. Bundan əlavə, sizin diqqətinizi bir fakta cəlb etmək istəyirəm ki, Ermənistan tərəfindən ön xəttə bir qayda olaraq çoxsaylı muzdlular cəlb edilir, onların ölümünün statistikası isə ümumiyyətlə elan olunmur.

- Ermənistan iddia edir ki, Azərbaycan mülki obyektlərə zərbələr endirir. Siz bunu necə şərh edərdiniz?

- Bu, erməni tərəfinin növbəti yalanı və dezinformasiyadır. Əksinə, mülki əhalinin atəşə tutulması Ermənistan silahlı qüvvələrinin çoxdankı praktikasıdır. 2016-cı ilin aprelində olduğu kimi, bu dəfə də onlar Azərbaycanda mülki obyektləri və dinc əhalini bilərəkdən iriçaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutdular. Dövlət sərhədində döyüş əməliyyatları nəticəsində Azərbaycanın bir dinc sakini həlak oldu, Ermənistanın dinc əhalisi arasında isə itki yoxdur. Azərbaycanın mülki əhalisinə, dövlət mülkiyyətinə, o cümlədən infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Azərbaycan Respublikasının Prezidenti artıq Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş zərərin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzalayıb.

Artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli müasir silahlara malikdir və yalnız legitim hərbi hədəflərə zərbələr endirir. Ermənistan silahlı qüvvələri isə terror taktikasından istifadə edərək öz atəş mövqelərini yaşayış məntəqələrinin yaxınlığında və ya daxilində yerləşdirir, bununla da həmin məntəqələri bilərəkdən təhlükəyə məruz qoyurlar. Odur ki, dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulmasına görə Azərbaycan yox, məhz Ermənistan cavab verməlidir.

- Azərbaycan-Ermənistan sərhədində budəfəki münaqişəni hansı prinsiplər əsasında nizamlamaq mümkündür?

- Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində budəfəki eskalasiyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Azərbaycan ilə Ermənistan arasında döyüş əməliyyatları bu münaqişənin, Ermənistan tərəfindən silahlı təcavüzün və Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinin nəticəsidir. Ermənistanın pozucu siyasəti, o cümlədən təmas xəttində və dövlət sərhədində daim təxribatlar törətməsi onun bu münaqişənin həllində maraqlı olmadığını və status-kvonu uzatmaq cəhdini nümayiş etdirir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri çoxdan məlumdur. Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi (822, 853, 874, 884 nömrəli), Helsinki Yekun Aktı əsasında, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Başqa həll yolu yoxdur və ola da bilməz. Yuxarıda göstərilən prinsiplər əsas götürülməklə mərhələli nizamlama prosesində Ermənistan işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarmalı, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün hər cür şərait yaratmalıdır.

- Azərbaycan Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün necə hərəkət etmək niyyətindədir?

- Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasının tərəfdarı olaraq qalır. Lakin danışıqlar xatirinə danışıqlar aparılması yolverilməzdir. Münaqişəni həll etmək üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin imitasiyası deyil, bu məsələnin müzakirəsi məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində mahiyyəti üzrə danışıqlar aparılmalıdır.

Azərbaycan Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarılmasını, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qaytarılmasını israrla tələb edir. Öz növbəsində, beynəlxalq birlik, təcavüzkar Ermənistana dəqiq siqnal verməlidir ki, beynəlxalq miqyasda tanınmış sərhədlərin güc tətbiq etməklə dəyişdirilməsi qəbuledilməzdir. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında ifadə etdiyi mövqeyi bir daha səsləndirmək istəyirəm: “Qarabağ Azərbaycandır və nida işarəsi!”

BAKU.WS