Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının zirvə görüşündə irəli sürülmüş BMT Baş Assambleyasının (BA) koronavirusla bağlı xüsusi sessiya keçirməsi təşəbbüsünün müzakirəsinə 10 iyul tarixindən başlanılır.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergei Lavrov bildirib:

“Əlbəttə, bu il Azərbaycanın sədr olduğu Qoşulmama Hərəkatının təşəbbüsü ilə Baş Assambleyanın COVID-19 məsələsinə həsr olunmuş xüsusi sessiyasının keçiriləcəyi bizə məlumdur. Lakin bu, sonranın işidir. Bu gün, iyulun 10-da xüsusi sessiya çağırılarkən rəhbər tutulacaq qaydaların hazırlanmasına başlanır. Çünki koronavirus şəraitində öyrəşmədiyimiz məsafəli formatda keçirilən bütün tədbirlər təşkilati və prosedur məsələlər baxımdan razılaşdırılmalıdır. Xüsusi sessiyanın tarixi isə hələlik müəyyənləşdirilməyib”.

Xatırladaq ki, may ayının 4-də Qoşulmama Hərəkatının onlayn şəklində keçirilmiş və pandemiyaya qarşı mübarizəyə həsr olunmuş zirvə görüşündə Prezident İlham Əliyev BMT Baş Assambleyasının eyni məsələnin müzakirəsi üçün dövlət və hökumət başçıları səviyyəsində videokonfrans şəklində xüsusi sessiyanın keçirilməsi təklifini irəli sürüb.

Bu təklif Qoşulmama Hərəkatının 120 iştirakçı ölkələri tərəfindən Nyu-Yorkda yekdilliklə dəstəklənib.

BAKU.WS