SİZİN REKLAM BURADA!
055 213 76 73



Sahil Parkının yaxınlığında Yeni Azərbaycan Partiyası binasının qarşısında aşağı - yuxarı var-gəl edən biri uzaqdan gözümüzə dəydi. Bununla ikinci dəfədir ki, “İşdən sonra” layihəsinin müsahibi ilə görüşə az da olsa yubanıram. Bildirək ki, bu dəfə qəhrəmanımız Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur.

-Salam Hikmət müəllim, bağışlayın, gecikdik.
-Hikmət Babaoğlu: Və Əleykum salam. Eybi yoxdur.

-Hikmət müəllim adətən işdən sonra hara gedirsiniz?
-Evə gedirəm. Bir az istirahət etdikdən sonra evimizin yaxınlığında park var düşüb orda gəzirəm. Ancaq bu hər gün belə olmur. İşdən sonra da çoxlu tədbirlərə qatılmalı oluruq. Tədbir olmayanda Nizami küçəsi ilə evə tərəf yola alıram.


-Hikmət müəllim Qərbi Azərbaycandansınız?
-Bəli, haradan bildiniz?

-Araşdırmışam.
-Hə, mən Qərbi Azərbayanın Ağbaba mahalında dəniz səviyyəsindən 2300 metr yüksəklikdə olan Göllü kəndində dünyaya gəlmişəm. Atam müəllim anam isə kitabxanaçı olub. Hələ uşaqlıq dövrünən kitablar mənim dostum olub.

-İlk oxudugunuz kitabı adını xatırlayırsınız?
-Mən məktəbə getməmişdən öncə hərifləri tanıyırdım. Bir babam vardır. Boş vaxtlarında mənə “Koroğlu” dastanı kitabını oxudurdu. Elə ilk tanış olub oxuduğum kitab da “Koroğlu” dastanı olub. Hər bir uşaq kimi uşaqlığın dünyasında nağıllar, dastanlar və onların qəhrəmanları maraqlı olur. Məlikməmmədin kəndirinin kəsilib quyuya düşməsinə hansı uşaq kədərlənməz ki? Bu qəhrəmanların həyatı hər birimizin şəxsiyyət kimi formalaşmağımıza təsir edir. Azərbaycanlı kimi bizim bir – birmizə bənzəməmizin yəni milli identifikasiyamızın də əsasında həm də ortaq nağıl və dastan qəhrəmanlarımız, ortaq bədii-estetik zövqümüz durur. Mən kənd həyatının bütün çətinliklərini və zövqünü yaşamışam. Ev işlərindən tutmuş, heyvandarlığa qədər bütün işləri bilirəm. Mən uşaq vaxtından heyvanları çox sevmişəm. Atları xüsusən sevirəm. Mənim uşaqlıq vaxtlarımdan atlar hələ də kolxoz təsərrüfatının bəzi işlərinə cəlb olunurdur. Yeri biçmək və dırmıqlamaq üçün atlara qoşulan avadanlıqlar vardır. Mən bu prosesi çox sevirdim. Atların işləri bitəndən sonra onları tövləyə aparmaq lazım idi. Bu iş bizə həvalə edilirdi. Biz isə bunun çox böyük mükafat kimi qəbul edir, sevinc içində çılpaq atları tövləyə qədər çapırdıq.


-Yaxşı at çapmağı bacarırsınız?
-O vaxtdan bu vaxta kimi bu sevgi mənim içimdə bir az da olsa azalmayıb. Ancaq böyüyəndən sonra mən atların dövlətçilik, mədəniyyət, musiqi, mətbəx, hərbi, hətta tibb tariximizdə nə qədər əvəzsiz rolu olduğunu öyrəndim. Sən demə atlar olmasa bəşər svilizasiya bu qədər inkişaf edib indiki dövrümüzə gəlib çata bilməzmiş. Atların nəqliyyat, var-dövlət, döyüş vasitəsi kimi sıradan çıxması son 150 ilin hadisəsidir. O vaxta qədər isə atlar bəşəriyyətin mədəniyyət və dövlətçilik tarixini öz yorulmaz çiyinlərində daşıyıb. Ona görə də insan oğlu atlara çox şey borcludur. Yaxşı ki, bu gün də atlar Azərbaycanda sevilir. Mənsə bu vəfalı heyvanlara xüsusi bir tədqiqat əsəri həsr etmişəm. Burada atların əhilləşdirilməsindən, bioloji növ olaraq harda yaranmasından başlamş mifoloji düşüncəmizdə, dastanlarımızda, hərb tariximizdə, dövlətçilik tariximizdə atların roluna qədər olduqca geniş məsələlər öz əksini tapıb. Yəqin ki, yaxın zamanlarda işıq üzü görəcək.


-Bayaq nağıl qəhrəmanlarından danışdınız. Nağıllara inanırsız?
-Hələ də nağıllara inanıram. Mənim içimdə bir uşaq var. O uşaq hələ də kəddə yaşayır. Mən onunla daima söhbət edirəm. Həyatın bir növ stressini onunla söhbət edərkən unuduram. Və mən tez-tez bu uşağın uşaq dünyasına qonaq gedirəm. Bütün uğurlarım haqqında ona bir növ hesabat verirəm. Deyirəm bax görürsənmi bunu da etməyi bacardıq. Beləcə uğurlarımı da kədərimi də onunla bölüşürəm. Görüş yerimiz isə kəndimizdir bəzən yuxuda, bəzən xəyalda ama ikimiz də inanırıq ki, bir gün elə real həyatda da orada görüşəcəyik. Əllərimlə uşaqlıq xatirələrimə təmas edəcəm, məktəbimizə gedəcəm, öz partamda oturacam, toxunduğum hər daşa hər ağaca yenidən toxunacam və kəndimizin ilxısından ən dəli atları tutub sonsuzluğa çapacam... və Əlbətdə ki, həmin uşaqla birlikdə!

- Dediyiniz o uşağın neçə yaşı var?
- Hələ də kəndimizdə yaşayan 13-14 yaşı olan bir yeniyetmədir. Onunla söhbət etmək mənə çox zövq verir. İçimdəki o uşaq ölsə həyat mənasız olar.

- Millət vəkilindən öncə ilk növbədə bir jurnalistsiniz. Bu peşəyə gəlişiniz necə olub?
-Sovet dövründə istehsal müəssisələrinin mətbu orqanı olurdu. Mən də “Çinar” istehsalat birliyinin yəni Bakı Soyuducular zavodunun qəzeti olan Çinar qəzetində işləmişəm. İlk baş redaktorum vaxtilə, Bakı axşam qəzetinin baş redaktoru olmuş Şaban Şabanov olub. Jurnalist kimi qələmimin püxtələşməsində Şaban müəllimin çox böyük rolu olubdur. Əslində mənim arzum filoloq olmaq idi. Çünki atam ədəbiyyatçı idi. Atam 1959-cu ildə Bakı Dövlət Univerisitetindən məzun olan kəndimizin ilk ali təhsilli ziyalısı olub. Mən isə fikirləşirdim ki, atamın bu uğurunu davam etdirib, Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirim. Amma yazıya pozu yoxdur. Həyat özü məni gətirib jurnalistikaya çıxardı. İxtisasca jurnalist olmasam da “Çinar” qəzeti mənim üçün jurnalistika məktəbi oldu. İxtisasım olan politologiya və sosiologiya isə qələm təcrübəmlə birləşərək mənim elmə yolumu açdı. Əgər bu gün 4 dərsliyin, 5 monoqrafiyanın, xeyli sayda kitabın, yüzlərlə elmi-publisistik məqalələrin müəllifiyəmsə buna görə özümü həm də jurnalistikaya borclu sayıram. Kim bilir yazılı özünüifadə vərdişim olmasaydı bəlkə də bu qədər kitab yaza bilməzdim.


-Bizə ayırdığı zaman çərçivəsində bir politoloqa siyasi suallar verməsək məncə fürsəti fövtə vermiş olarıq. Odur ki, fürsətdən istifadə edib Prezident İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan XalqCümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncamını bu aspektdən şərh etməyini istərdik. Belə ki, bəzi müxalifətçilər iqtidarın Məhəmmədəmin Rəsulzadə və onun silahdaşlarının tarixindən izinin silinməsini istədiklərini idda edirlər. Amma ali baş komandanın bu təşəbbüsü əks tərəfin bütün iddialarını demək olar ki alt - üst etdi. Elə deyilmi?

-Bilirsiniz fərdin kimliyini ona izah edən fərdi yaddaşıdır. Onun sosial münasibətlərdə əldə etdiyi keyfiyyət isə şəxsiyyətidir. Şəxsiyətin fərdi yaddaşı onun şəxsi yaddaşı hesab olunur. Biri də var ictimai yaddaş. Bu yaddaş bizim ictimai münasibətlərimizin özünəməxsus bioqrafik yaddaşıdır. Biri də var dövlət yaddaşı ki, bu da hər iki yaddaşdan daha mühümdür. Çünki beynəlxalq münasibətlərdə dövlət bir fərd kimi çıxış edir. Bu mənada insanın yaddaşı olduğu kimi dövlətin də yaddaşı olmalıdır. Dövlət bilməlidir ki, mən hardan gəlmişəm və hara gedirəm. Hansı məsələdə necə davranmışam və nə etməliyəm ki, gələcəkdə buraxdığım səhvləri təkrar etmədən daha yaxşı addımlar atıb, öz mövcudluğumu təmin edim. Bax buna dövlət yaddaşı qərar verir. Politologiya bu məsələni dövlətçilik strategiyası kimi izah edir. Azərbaycan dövlətçiliyini beş min illik tarixi var Və beş min illik tarixdə Azərbaycan Xalq Cümhuriyyəti çox mühüm bir həlqədir. Birincisi Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda özünü ondan əvvəlki dövlətçilik tariximizin xülasəsi kimi göstərə bilib, ikincisi isə özündən sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşmasına mühüm tövhələr veribdir. Bu nədən ibarətdir? 1828 ci ildə Türkmənçay müqaviləsi ilə bizim müstəqil dövlətçiliyimiz itirildi. Amma düz 90 il sonra Xalq Cümhuriyyəti qurucuları sübüt etdilər ki, dövlətçiliyimizi itirsək də dövlətçilik şüurumuzu itirməmişik. Ona görə də Prezident İlham Əliyev çıxışlarının birinə qeyd etdi ki, Azərbaycan xalqı dövlət qurmaq istedadına malik xalqdır. Bu olduqca doğru təsbit və vacib fikirdir. Əgər 1918-ci ildə AXC yaranmasaydı və 1919-cu ildə də Paris sülh konfransında dövlət kimi tanınmasaydı SSRİ qurulan zaman biz onun tərkibinə müstəqil respublika kimi yox, muxtar vilayət kimi daxil ola bilərdik. 1991-ci ildə SSR dağılanda müstəqil respublika kimi yox, Rusiya Federasiyasının bir subyekti kimi çıxa bilərdik. Gördünüzmü, AXC-nin əhəmiyyətini? Əgər kim fikirləşirsə ki, AXC-nə və onun qurucularına münasibət başqa cürdür bu fikirlər kökündən yanlışdır. Ulu öndər Heydər Əliyev çox böyük şəxsiyyət idi. Azərbaycan dövlətçiliyini, onun tarixini çox dərindən bilirdi və öz siyasi fəaliyyətində müstəqil dövlətimizin qurucusu, banisi kimin çıxış etməyi bacarırdı. Yuxarıdakı idda sahiblərinə mənim cavabım belədir ki, onlar xalq hərəkatı zamanı meydanda müxtəlif dövlətlərin bayraqlarını qaldıranda Heydər Əliyev Naxçıvanda məhz AXC-nin bayrağını qaldırdı. Ondan sonrakı mərhələdə yəni 1998-ci ildə AXC-nin 80 illiyi ilə bağlı sərəncam imzaladı. Bu gün cənab prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı fərman imzalayarkən də məhz bu tarixi yaddaşa söykəndi. Üstəlik 2018- ci ili Xalq Cümhuriyəti ili elan etdi. Bu il ərzində həm ölkə daxilində, həm də xaricində çoxsaylı tədbirlər keçiriləcək. Beləliklə, xalqımızın dövlət qurmaq mədəniyyəti həm dünyaya yenidən təqdim ediləcək, həm də gənc nəsil öz dövlətçilik tarixini, onu quranları yenidən tanıyacaq. Belə olan halda müxalifətin idiasnın boş və mənasız olduğu ortaya çıxır.


-Bu gün hakimiyyətə müxalifət gələ bilərmi, ya gəlsə nə baş verər?
-Əlbəttə, demokratik dövlətin əsas atributlarından biri çoxpartiyalılıqdır. Fikir plüralizmidir. Azərbaycan demokratik ölkədir. Bizim parlamentimiz də demokratik əsaslarda formalaşır. Səhv etmirəmsə bu gün yeddidən çox siyasi partiya parlamentdə təmsil olunur. Hakimiyyətin də əvəzlənməsi heç şübhəsiz ki, seçki yolu ilə baş tutmalıdır. Biz də istəyərik ki, güclü və sağlam müxlifətimiz olsun. Güclü müxalifət güclü iqtidarı yaratmağa xidmət edən bir vasitədir. Bu gün Azərbaycanda belə müxalifət formalaşıb və onlar parlamentdə təmsil oluna bilirlər, hakimiyyətlə konstruktiv əməkdaşlıq edirlər. Demokratiyanın inkişafına öz töhfələrini verirlər. Ancaq təəssüf ki, biz bəzən müxalifət deyəndə ağlımıza 90-cı illərin əvvəllərində xalq hərəkatında iştirak etmiş bir qrup insan gəlir. Bəziləri bundan kənar müxalifət təsəvvür etmirlər. Amma bu gün yeni ideyalara, fikirlərə əsaslanan gənc müxalifət də formalaşıb. Hər bir cəmiyyətdə fikir və ideya istehsalı olmalıdır ki, o cəmiyyət inkişaf etsin. Ö dövrdə bir dəfə hakimiyyətdə olmuş və hakimiyyəti idarə edə bilmədiklərini gördüyümüz adamlar var. Azərbaycan xalqı istəməz ki, onlar bir daha hakimiyyətə gəlsinlər. Onların seçkilərdə iştirak edib uğur əldə etməməklərinin də səbəbi bundadır ki, ölkədə sabitlik yarada bilmədilər. Hətta onlar vətəndaş müharibəsinin yaranmasına səbəb oldular. Çünki onlar dövləti dövlətçilik təfəkküri ilə deyil, şəxsi intiriqalar və maraqlar əsasında idarə etdilər.

...Siyasi suallardan bir qədər uzaqlaşıb gələk layihəmizin formatına uyğun suallara. Hikmət müəllim bayaq suallıma cavab verəndə ötəri kiməsə salam verdiniz. Yolda sizi tanıyan adamlar çox olur?
-Bilirsiniz Televiziya insanları məşhurlaşdıran bir vasitədir. Mən də televiziyada tez-tez göründüyümə görə küçədən keçədə mənə salam verənlər çox olur. Ya da diqqətlə üzümə baxır, məni tanıdıqlarını sezdirməyə çalışırlar. Bu zaman mən həmin diqqətlə baxan tanımadığım adamlara salam verirəm. Müxtəlif məkanlarda insanlar mənə öz problemlərini bildirirlər. Bu yaxınlarda “Facebook” da II qrup əlil mənə yazıb bildirdi ki,onun yoldaşı da II qrup əlildir. Və məndən xahiş etdi ki, Milli Məclisdə bu kateqoriyadan olan insanların uşaqları təhsil haqqından azad olunması məsələsini qaldırım. Mən də söz verdim ki, edəcəyəm. Və o da mənə dedi ki, mən sizi sosial şəbəkədə izləyirəm haa... Baxın insanlar bizə qarşı bu qədər tələbkardırlar. Mənsə verdiyim sözə mütləq əməl etməyə çalışıram. Əlillərin hüquqları ilə bağlı qanun layihəsi müzakirə olunan zaman artıq bu təkliflə çıxış etmişəm. Azərbaycan Prezidenti bu kateqoriyadan olan insanlara xüsusi diqqət ayırır. Əslində Əlillərin hüquqlarının təmin edilməsilə bağlı qanun qəbul edilməsi də elə Prezidentimizin təşəbbüsüdür.


-“Beləcə. Axundov bağı”nın yaxınlığına gəlib çıxdıq. Maşına minib evə gedəcəyik. Hikmət müəllim maşınınız deyəsən elə də bahalı deyil?
-Hə, vallah partiyanın verdiyi maşındır.

Gülürük!!!.
Onunla söhbətə başlamağımızdan artıq dəqiqələr keçib, saat tamam olmaq üzrədir. Çox sadə və səmimi insandır. Hər dəfə də kəndlərini xatırlayanda bir başqa cür insan olur.

-Niyə bu qədər kövrəksiz?
-Mən kövrək, həddindən artıq humanist və çox rəhimli bir adamam. Bəzən özümə də izah edə bilmirəm ki, nə gərək var bu qədər sentimentalist olmağa?! Təsadüfən eşitdiyim hər hansı bir hadisə məni alt-üst edir və günlərə o hadisənin təsirində qalıram. Görünür, bu xarakterdir. İnsan fitrətən belə olduqda onu dəyişə bilmir. Belə xarakterli insan üçün həyat bir qədər də çətin olur. Din və elm bizim həyatımızı işğal edib. Biz özümüzü dərk etmək üçün gah elmə üz tuturuq, gah da dinə. Elm bizə konkret, din isə abstrakt izahat verir. Və bu iki bir-birini tamamlayan əslində isə bəzən həm də inkar edən, amma sonda yenə uzlaşdıran iki mühüm vasitə həyatımız və düşüncələrimizə eqoistcəsinə diqtə edir.

-Belə olan halda özünü dərketmə daha çox hansı əsaslarda baş verir?
-Bəzən özünü dərketmə, özünə peşə tapmaqdır, ailə qurmaqdı həyat yolunu müəyyən etməkdir. Ancaq geniş mənada özünü tapmaq , özünü dərk etmək əslində həyatı və onun mənasını dərk etməkdir. Bax əsl mürəkkəb və fəlsəfi məsələ elə budur. Bayaq qeyd etdik ki, nə din, nə də elm insanın haradan gəldiyini və hara getdiyini dəqiq izah edə bilmir. Ya da bu izahatlar bizi qane etmir. Dinə görə bizi Allah yaradıb və biz Allahdan gəlib, Allaha gedirik. Elm isə bizi təbiətin bir parçası hesab edir. Yəni təkamül prosesində təbiətdə baş verən hadisələr nəticəsində yaranmışıq və elə təbiətə də, yəni torpağa da qayıdırıq. Birincidə kosmik mənşəli, ikincidə isə yer mənşəliyik. Ona görə də biz kimik sualı həmişə aktual olaraq qalır. Özünüdərk də geniş mənada bir az mürəkkəb məsələyə çevrilir. Elm və din həyatımızı total şəkildə işğal edir. Çünki bu suallara cavab axtararkən elmin və dinin dərinliklərinə daha çox gedirsən və çox öyrəndikcə nə qədər az bildiyini dərk edirsən. Nəticədə az qala Sokrat kimi filosofluq etməyə başlayaraq təəssüf edirsən ki, mən hər şeyi bilirəm, amma bir şeyi dəqiq bilirəm ki, heç nəyi bilmirəm. Bax bu kritik nöqtədə mən elmdən və dindən qaçıb fəlsəfəyə və poeziyaya üz tuturam. Bu iki sahə mənim azadlığımdır. Fəlsəfədə Konfutsidən başlamış Platona qədər. Sokratdan başlamış Tusiyə qədər hər kəslə azad mübahisə edirəm. Amma Freydə çatanda xəyal qırıqlığına uğrayıram. Çünki mənə elə gəlir ki, onunla mübahisə edəndə arqumentlərim çox zəif olur, özümü məğlub hesab edirəm və bu məni xeyli dərəcədə üzür. Çünki Freyd fəlsəfə ilə dinin elə ortaq təmas nöqtələri üzərindən fikir qalası inşa edib ki, onun zirvəsinə çıxmaq çox çətin olur. Poeziyada isə belə bir problem yoxdur. Yəni mənim üçün istirahət məkanı fəlsəfə və poeziyadır. Bir də əlbəttə ki, musiqi.

-İşdən sonra evin qayğıları başlayır. Bu işdə sizə kim kömək olur?
-Mən çalışıram ki, bütün məişət məsələlərini özüm həll edim. Çünki onda rahat oluram. Doğrudur, bəzən bazarda aldadılıram, amma bunu evə gələndə başa düşürəm. Ya da evdəkilər başa salır. Bəzən isə dükanda satıcı səhvən artıq pul qaytarır, onun səhv etdiyini başa salmağa çalışıram. Ancaq bu mümkün olmur. Yalnız pulu geri qaytaranda üzünün mimikası dəyişir. Çünki bizdə səhv etdiniz deyəndə elə başa düşülür ki, satıcı artıq pul alıb. Reallıq ortaya çıxanda isə bir məmnuniyyət yaranır. Bax bunların hamısı maraqlıdır.

-Ailə üzvləriniz neçə nəfərdən ibarətdir?
-İki qızım bir oğlum var. Qızlarımın biri Ankara Universitetinin, digəri isə Balıkəsir Universitetinin tibb fakültəsində oxuyurlar. Oğlum isə ADA Universitetində beynəlxalq münasibətlər fakültəsində oxuyur.

-Digər həmkarlarınızdan sizi fərqli edən sizin sadəliyinizdir? Sizcə niyə bəzi millət vəkillərimiz özlərini əlçatmaz hesab edirlər?
-İş elə gətirib ki, mən düz 10 il Bakı Dövlət Universitetində həm də Sosiologiyanı tədris etmişəm. Sosiologiya həm insan cəmiyyətini, həm də onun ayrı-ayrı fərdlərini öyrənir. Freyd deyir ki, sosial varlıq kimi insanın üç eqodan ibarətdir. Birinci primitiv eqo, ikinci eqo və üçüncü super eqo. Bizə bu qadağaları qoyan həmi o super eqodur. Görünür o insanların da super eqo çox yüksəkdir. Ancaq bu genetik keyfiyyətlə də izah oluna bilər . Çünki şəxsiyyətin formalaşmasında imperativ faktor genetik faktordur.

-Atlara olan sevginizdən başqa bir hobbiniz varmı?
-Bizim kəndimizdə möhkəm qar olurdu. Bədən tərbiyəsi dərslərində bizə xizək verirdilər və biz də sürüşürdük. Hətta rayonumuzda keçirilən yarışlarda birinci yeri də tutmuşam. İndi mən çox sevirəm ki, qar olan yerlərdə xizək sürüm. Az qala hər həftə sonu “Şahdağ”a gedirəm oradakı xətlərdən sürüşürəm və bunu çox sevirəm. Bu elə bir hobbidir ki, get-gedə daha çox o hündür və daha mürəkkəb xətlərindən (pistlər) sürüşmək istəyirsən. Daim çətinlik dərəcəsi daha çox olan yeni yerlər axtarırsan. Mən Bursada “Uludağ”da, Ərzurum “Palantökən”də, “Sarıqamış” Karsda ən çətin pistlərdən sürüşmüşəm. Arzum var ki, Alp dağlarında da xizək sürüm. Mən ümumiyyətlə üç əyləncədə özümü azad və rahat hiss edirəm. Bunlar at çapmaq, xizək sürmək və bir də hündür yerdən suya atılmaqdır. Bir neçə saniyə havada olanda özümü uçan canlı kimi hiss edirəm. Yəni uçmağın zövqünü dadıram. Bu isə çox xoşdur.

-Bayaq uşaqlarınızdan danışdıq. Amma yoldaşınızla tanışlığınıza toxunmadıq. Bu tanışlıq necə baş verdi?
-Mənim həyat yoldaşım kiçik qardaşımın qrup yoldaşı olub. Bir gün təsadüfən qardaşımın yanına İqtisad Universitetinə getmişdim və yoldaşımı orada gördüm. İlk tanışlığımız oradan başladı.

-Ailədə necə ailə başçısınız? Güzəştə gedən , yoxsa kaprizni?
-İstəyirsinizsə onu elə yoldaşımdan sorşun.

-Evə doğru bayaqdan yol alsaq da hələ ki evin xanımı onlara qonaq gedəcyimizi bilmir. Elə bu arada evə zəng edib gəlişimizi xəbər verir. Hikmət müəllimin, olmazlarınız nələrdir?
-Bilirsiniz mən bir kollektiv rəhbəriyəm, millət vəkiliyəm və ailə başçısıyam. Mənim də özümə görə sərhədlərim var. Ancaq mən bir inizabti idarənin rəhbəri deyil, bir jurnalist kollektivinin rəhbəriyəm. Daha doğrusu onlardan biriyəm. Heç vaxt özümü rəhbər kimi görmürəm. Mən də bu gün onlar kimi tez-tez yazılar yazıram, onların yaşadığı qayğıları və sevinci yaşayıram. Bu mənada kollektivimlə həmkar və dostuq. Amma nəzərə alsaq ki, “Yeni Azərbaycan” qəzeti Yeni Azərbaycan Partiyasının orqanıdır və ciddi partiya intizamı var. Bax həmin qırmızı xəttim orada başlayır. Partiyanın nizam-intizamına və partiyanın ideologiyasına xələl gətirəcək xətti keçmək olmaz. Buna layiq olmaq lazımdır. YAP Ulu öndərimiz Heydər Əliyevin yaratdığı partiyadır, cəmiyyətimizdə siyasi sistemimizdə lokomotiv gücdür. Bütöv sistemi irəli aparır. Ona görə də belə bir partiyanın siyasi ruporu olmaq məsuliyyətini başa düşmək lazımdır. Evdə isə çalışıram ki, uşaqlar azad olsunlar. Çünki bu bizdə ailədən gələn bir ənənədir. Mən özüm də valideyn basqısı altında böyüməmişəm. Çalışıram uşaqlar da azad olsunlar.

Bu arada yolda şirniyyat dükanına düşəsi olduq. Hava yaman dumanlıdır. Bəli, biz Yasamal dağındayıq əslində Bakının ən hündür rayonu sayıla bilər. Digər rayonlardan fərqli olaraq oksigen daha çox olan zonadır.

Şirniyyat dükanına girib tortumuzu alıb çıxırıq. Bir də arxadan satıcı bizi səsləyir. Tortu götürün!

-Hikmət Babaoğlu: Bəzən belə hallar olur. Aldıqlarımı dükanda qoyub çıxıb gedirəm. Arxadan çağırmasalar bir də evə yadıma düşəcək. Görünür, yaşlanmağa başlamışam.

Gülürük!
-Hikmət müəllim, yeni nəsil jurnalistləri siz nə çətinlik görmüsünüz deyə qınayanlar az deyil. Bəs siz necə, gənc nəsil jurnalistlərdən razısınız?
-Hər dövrün öz çətinliyi vardır. Zərdabi dövrünün, Sovet dövrünün, müasir dövrün öz çətinliyi vardır. Həmin gənc nəsli bəyənməyən jurnalistlərdən soruşmaq lazımdır ki, sən onun kimi gənc olanda nə yaza bilirdin? Yaşlı nəsili gənc nəsli müqayisə etmək düzgün deyil. Gəncliyin qələmi, jurnalist yaddaşı və vərdişi hələ tam püxtələşməyib. Gənc nəsilə, yaşlı nəslin davamı kimi baxmaq lazımdır.

-Bu gün gənc jurnalistlərin problemi nədir?
-Birincisi gənc nəslin bəxti çox yaxşı gətirib o mənada ki, müstəqil Azərbaycanın milli mətbuatında çalışırlar. Hər cür dövlər qayğısı ilə əhatə olunublar, Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostudur, məişət problemlərini həll edir, ev verir, nəşriyyata olan borclarını silir və s. Ancaq bu nəsil hazırda informasiya ilə düzgün davranmanın çətinliyini yaşayır. Bu gün qlobal informasiya məkanın sərhədləri haradan keçir, milli informasiya məkanı ilə harada kəsişir bəlli deyil. Qlobal informasiya məkanından milli informasiya məkanımıza sonsuz sayda informasiya daxil olur. Yeni nəsil milli informasiya təhlükəsizliyini belə mürəkkəb şəraitdə qorumağı bacarmalı, milli maraqlardan çıxış etməlidir. Bu günkü jurnalistikamızın problemləri bütün zamanlarda olduğundan daha azdır. Heç vaxt olmadığı qədər jurnalistikamıza dövlət qayğısı var. əsas problem özünü inkişaf etdirməkdir, qələmini cilalamaqdır.

Gəlib Hikmət müəllimin yaşadığı binaya çatdıq. Liftə minib 10-cu mərtəbəyə qalxırıq. Bizi evi xanım Gülşən xanımla Hikmət müəllimin oğlu Qorqud qarşılayır.

-Axşamnız xeyr Gülşən xanım
-Gülşən xanım: Xoş gəlmisiniz keçin içəri...
Hikmət müəllim kostyumunu dəyişməkdə biz də otağa bir nəzər salmaqda olaq. Bu arada gözümüzüə bir neçə mükafat dəyir. Hikmət müəllim bu mükafatlar sizə kimlər tərəfindən təqdim olunub? Türksoyun mükafatıdır. Türk dünyası mədəniyyətinin və tarixinin inkişafına verilən töhfə müqabilində “Akdamardan Sarı Gəlinədək erməni yalanı” adlı kitabıma görə verilib. Bu isə beynəlxalq Mahmud Qaşğari mükafatıdır. Bu Partiya mükafatım bu müxtəlif elmi konfranslarda aldığım mükafatlardır və s.

-Seçicilərinizin müraciətləri nə ilə bağlı olur?
-Əsasən işsizliklə bağlı olur. Daha sonra məişət məsələləri ilə bağlı da köməklik göstəririk. Mənim millət vəkili seçildiyim rayon mərkəzi rayonlardan biri olduğu üçün problemlər o qədər də çox deyil. Əslinə qalanda elə də çox da şikayətlə üzləşmirəm.

-Problemlərin həlli ilə bağlı sizə problem çıxardan yerli idarə strukturu var?
-Mənim deputatı olduğum Nərimanov Rayon İcra Hakimiyyəti ilə yaxşı münasibətimiz var. Seçicilərimlə bağlı problemlərə dərhal reaksiya verirlər. Amma bəzən də elə olur k, şikayətçinin tələbi bizim səlahiyyətimizi aşır.

-Üzvü olduğunuz komitədə 2018- ci ildə hansı qanunlar müzakirə olunub və olunacaq?
-Əvvəla onu deyim ki, qanunların işlənib hazırlanması maraqlı prosesdir və bu uyğun komitələrdə hazırlanır. Əslində Milli Məclisin işgüzarlığı komitə iclaslarındadır. Komitə iclaslarında çox qızğın iş prosesi gedir. Tənqidlər və təkliflər olur. Plenar iclasa isə hazır qanun layihəsi kimi çıxır. Bəzən deyirlər ki, niyə plenar iclasda qanunlar müzakirə olunan zaman, mübahisələr, təkliflər az olur? Qeyd etdiyim kimi bu məsələlərin hamısı komitə iclaslarında olur. Qanun yaradıcılığı çox maraqlıdır.


Bu arada Gülşən xanımında bizim üçün çay dəmləyib süfrəyə verməsini də qeyd edək ki, onunda əziyyətini itirmiş olmayaq...

-Bayaq bir sualım vardır Hikmət müəllim kaprizli yoxsa güzəştə gedən ailə başçısıdır?
-Gülşən xanım: Yola gedəndir. Sizə necə sadə səmimi gəlirsə elə evdə də elədir

Artıq saatını əqrəbi axşam saatlarını keçmək üzrədir. Söhbətimizi yekunlaşdırmaq niyyəti ilə yavaş-yavaş açıq kitabxana tərəfə gedirik.

-Hikmət müəllim neçə kitab müəllifisiniz?
-9 kitabın xeyli sayda metodik tövsiyyə və tədris proqramlarının 70-dən çox elmi əsərin və yüzlərlə elmi-publisitik məqalələrin müəllifiyəm. Hazırda isə iki yeni kitabım çapa hazırlanır. Bir ,,Xarici siyasət ,,adlı dərslik digəri isə atlarla bağlı tədqiqat əsərimdir.


Bayaqdan səsi küyü gəlməyən fotoqrafımız Tüncay nəhayət ki, kitab rəfinin üzərində sazı görüb dilləndi.

-Hikmət müəllim saz çala bilirsiniz?
-Yox çala bilmirəm. Amma sazı çox sevirəm Sazla böyüyüb, muğamla müdrikləşmişəm.

Bir anlıq susub xalq şairimiz Bəxtiyar Vahabzadənin Muğam şeiridən bir parça xatırlayır.
Daş ürəklərdə yanıb daşları sındırdı muğam,
Haqqa düşmən olanı haqqa tanıtdırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "Salı yandırdı" muğam.
Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.
Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.
O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.
Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam.
Çox kitablar oxudum, zənn elədim, bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

....Beləcə, söhbətimiz ölməz şairimiz Bəxtiyar Vahabzadəni xatırlayaraq bir “İşdən sonra”nı da burada yekunlaşdırdıq.


Gülşanə Mustafayeva 
FOTO: Tuncay Türbəndəzadə