Rusiyanın "Kommersant" qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iddia ortaya atıb.
 
BAKU.WS-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən 2 ay sonra İrəvana getdiyinə diqqət çəkən nəşr hər iki səfərin əsas mövzusunun Dağlıq Qarabağ olduğu yazıb. Nəşr yazır ki, regionda tez-tez qarşıdurmalar baş verir. 1988-ci ildən bu yana davam edən gərginliyə diplomatik həll tapmaq səyləri nəticə verməyib.
 
Rusiya hökumətinin adı açıqlanmayan mənbələrindən biri, "Kommersant" qəzetinə bildirib ki, ermənilər Qarabağdakı torpaqların böyük bir hissəsini Azərbaycana qaytaracaq: "Ermənilər Qarabağ ətrafında nəzarət etdikləri bölgələrin böyük bir qisimini Azərbaycana təhvil verəcək. Ancaq Qarabağı Ermənistana bağlayan Laçın dəhlizi ermənilərin əllərində qalacaq".
 
Qəzetin digər iddiasına görə, Rəsmi Bakı plana uyğun olaraq problemin hərbi yollarla həll etməyəcəyi sözünü verəcək. Buna zəmanət olaraq bölgəyə Birləşmiş Millətlər Təşkilatının və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları yerləşdiriləcək. Azərbaycana qaytarılan bölgələr əsgər və silahlardan təmizlənəcək.

Nəşr vurğulayır ki, Bakı Qarabağın Azərbaycan ərazi bütövlüyü çərçivəsində muxtariyyət əldə etməsini və bütün torpaqların qeyri-şərtsiz qaytarılmasını tələb edir. 
 
Şahin Həbibov
BAKU.WS