Bu gün Sabirabad rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birinci konfransı keçirilib.


Fonddan BAKU.WS-ə verilən məlumata görə, konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, RİİB könüllüləri, müxtəlif regionların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına təbrik məktubu oxunub.

Konfransda çıxış edən Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu hər zaman fəaliyyətində cəmiyyətin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələri, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönələn layihə və proqramların icrasını ön plana çəkir. “Regional İnkişaf” İctimai Birliyinin təsis edilməsində əsas məqsəd isə bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılmasına yönəlib.
Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsinin nəinki bölgələrin, ümumiyyətlə, bütün Azərbaycanın inkişafına təsir etdiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatının (UAFA Azərbaycan) təsisçisi Qvendolin Börçell “Regional İnkişaf” İctimai Birliyi ilə UAFA Azərbaycanın həyata keçirilən birgə layihələri barədə məlumat verib.

Konfransda RİİB könüllüləri adından çıxış edən Gülpəri Kərimli İctimai Birliyin gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına və onların ölkə üzrə şəbəkələşməsinə böyük əhəmiyyət verdiyini, bu məqsədlə müxtəlif layihələr və proqramlar həyata keçirildiyini, bir sıra tədbirlərdə könüllülərin kütləvi iştirakının təmin edildiyini diqqətə çatdırıb.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasının regionların həyatında mühüm hadisə olduğunu vurğulayıb.

Konfransda Anar Ələkbərov və Fuad Muradov tərəfindən RİİB-in fəaliyyətində, eləcə də “Gəncə Marafonu - 2017”də fəal iştirak edən könüllülərə təşəkkürnamələr verilib.

Konfransın ilk hissəsinin sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət oxunub. Müraciətdə qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2016-cı ilin fevral ayında təsis edilən “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırmaq, dövlət tərəfindən aparılan islahatlar, o cümlədən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməkdir.

Müraciətin sonunda “Regional İnkişaf” İctimai Birliyi öz fəaliyyətində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq regionların sosial-iqtisadi inkişafı, Azərbaycanın tərəqqisi naminə bundan sonra da böyük əzmlə çalışacaqları bildirilib.

Konfrans işini panel iclaslarla davam etdirib.

Sabirabad rayonuna səfər çərçivəsində RİİB nümayəndələri 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən Sabirabad rayonunun Ulacalı kəndinin ərazisində salınmış yeni qəsəbədə yaşayan sakinlərlə görüşüb.

Görüşdə Anar Ələkbərov Fondun gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib, hər kəsi, xüsusilə gəncləri RİİB-in fəaliyyətində yaxından iştiraka dəvət edib.

Vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirən qəsəbə sakinləri “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən məmnunluqlarını ifadə edərək, şəxsi təşəbbüsləri ilə təşkilatın gələcək layihələrinə dəstək göstərəcəklərini deyiblər.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinə rayon sakinlərindən yaşayış evlərinə dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı daxil olmuş kollektiv müraciət əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Ulacalı kəndinin ərazisində yeni salınmış qəsəbədə və ətraf yaşayış məntəqələrində dövlət vəsaiti hesabına 436 ədəd fərdi yaşayış evindən ilkin mərhələdə 105 evə dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim edilib.

BAKU.WS