SİZİN REKLAM BURADA!
055 213 76 73


Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşü ilk növbədə Brüssel formatının bərpa olunması prizmasından nəzərdən keçirmək vacibdir. Çünki sözügedən formatla bağlı Praqa görüşündən sonra bir sıra “problemlər” ortaya çıxmışdı. Bunun isə əsas səbəbi Azərbaycanın qüdrətli və sarsılmaz mövqeyi qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistanın son ümidi Fransa ilə bağlı idi. Belə ki, Fransa Brüssel formatına müdaxiləyə cəhd göstərir, erməni tərəfi isə təkidlə rəsmi Parisi masada (yanında) görmək istəyirdi. Ancaq bu yanaşmaya Azərbaycanın münasibəti də bir o qədər israrlı və açıq idi: Bakı danışıqlar masasında dördüncü tərəfin iştirakına qarşı çıxırdı.

Artıq bərpa olunan Brüssel formatı isə Azərbaycanın təkid və mövqeyinin İrəvan tərəfindən də məcburən qəbul olunduğunu göstərir. Çünki masada İrəvan Azərbaycanla qarşı-qarşıya əyləşməli olub və Fransanın iştirakı bloklanıb. Nikol Paşinyan üçtərəfli formata qayıtmağa məcbur qalıb.

Qeyd edək ki, Brüssel formatı Azərbaycan üçün olduqca məqbul format sayılır. Belə ki, burada rəsmi Bakı özünə qarşı hər hansı bir qərəzlə üzləşmir. Sirr deyil ki, Azərbaycan-Aİ (Avropa İttifaqı) münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan Azərbaycanın Avropada güclənən mövqeyi fonunda sözügedən formatı olduqca əlverişli hesab etmək məqsədəuyğundur. Burada prosesə mənfi çalar verən sadəcə Fransanın iştirakı idi ki, bunu da artıq aradan qaldırılmış detal hesab etmək mümkündür. Xüsusən vurğulamaq lazımdır ki, Brüssel formatında Aİ Şurasının sədri Şarl Mişeli vasitəçi hesab etmək bir o qədər də düzgün yanaşma olmazdı. Şarl Mişel sadəcə dialoq prosesini dəstəkləyən və töhfə verməyə çalışan element olaraq qiymətləndirilməlidir.

Bir məqamı da vurğulamaq xüsusilə gərəklidir. Çünki söhbət Fransadan gedirsə, bu ölkə təkcə Cənubi Qafqazda onsuz da mövcud olmayan nüfuzunu itirməklə qalmayıb, həmçinin geosiyasi proseslərin təhlili göstərir ki, Paris həm də Avropada xeyli nüfuz itkisinə məruz qalıb. Buna əsas səbəblər sırasında isə ölkənin yeritdiyi siyasi xətt və bunun fəsadları dayanır. Parisi və bütövlükdə ölkəni bürümüş etirazlar dalğası, Afrikada Fransanın üzləşdiyi “çətinliklər” hər biri onun Aİ-də öz nüfuzunu bir qədər də itirməsinə gətirib çıxarıb.

Ancaq Parisin itirdiyi nüfuzu belə Ermənistan üçün ona yaltaqlanaraq, nələrəsə nail olmaq cəhdlərinə son qoymur. Siyasi müstəvidə dalana dirənən və getdikcə daha ağır vəziyyətə düçar olan Ermənistan canının hayına düşərək Fransadan bərk yapışıb. Bu isə geosiyasi vəziyyətin hazırkı fonunda İrəvan üçün növbəti fiaskonun anonsuna, carçısına çevrilir. Çünki batan gəmidən mədət ummaq perspektivdə heç də xoş günlər vəd etmir.

O ki, qaldı Kişineuda Avropa Siyais İcması Sammiti çərçivəsində Prezident İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şoltsun iştirakı ilə görüşə - bunu Brüssel formatı ilə əlaqələndirmək düzgün olmazdı. Bu sadəcə sözügedən format daxilində keçirilən qeyri-rəsmi görüş hesab oluna bilər.

Bir sıra dairələrdə görüşdə məhz Parisin iştirakı hansısa suallar doğura bilər. Ancaq rəsmi Berlinin də həmin masada olmasını gözardı etmək mümkün deyil. Həmin Berlin ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə dəfələrlə qətiyyətli mövqe ifadə edib. Ölkələrimiz arasındakı dostluq münasibətlərini də bu müstəvidə nəzərdən keçirdikdə o zaman Berlinin masadakı varlığı faktının Ermənistanın havadarı missiyasına meyl göstərən Parisin iştirakını neytrallaşdırdığını əminliklə söyləmək mümkündür. Üstəlik, Avropada ağır nüfuz itkisinə məruz qalan Parisin sülh prosesinə yalnız zərər vurduğunu Avropanın digər ölkələri kimi Almaniya da aydın şəkildə dərk edir.

Bütün bu prosesləri bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirdikdən sonra yekun olaraq belə qənaətə gələ bilərik ki, Brüssel görüşü və bu format rəsmi Bakının maraqlarına cavab verir, Ermənistanın isə gözləntilərini növbəti dəfə bloklayaraq onu dinc danışıqlarda fəal iştiraka məcbur edir.

Görüşün əsas gündəmi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişi imzalanmasına doğru irəliləmək, bu istiqamətdə prioritetləri müəyyən etməkdir. Həmçinin görüş zamanı humanitar problemlər də diqqət mərkəzinə gəlib. Bunlar kommunikasiyaların açılması, Azərbaycana qarşı mina terroru problemi və itkin düşmüş şəxslərin aqibətinin müəyyən edilməsidir.

Hansı ki, bu məsələlərin müzakirəsi və tələb olunan cavablar Nikol Paşinyan üçün heç də xoşagələn vəziyyətin yaranması ilə nəticələnə bilməz. Ermənistan siyasi müstəvidə Azərbaycanın təzyiqləri qarşısında hər çırpınışında daha ağır durumla üzləşir. Bakı döyüş meydanında olduğu kimi siyasi arenada da Ermənistanı ağır duruma salıb və buna baxmayaraq sülh üçün öz təşəbbüslərini irəli sürmək kimi olduqca humanist bir yanaşmanı reallaşdırır. Ermənistan isə hər dəfə özünəməxsus riyakarlıq və hiyləgər planlarla bu prosesdən qaçmağa çalışsa da, Bakının uğurlu manevrləri onun özünü suallara cavab tələb olunan həmin masada tapması ilə yekunlaşır. Elə Nikol Paşinyanın həmin masada olmaqda nə qədər “istəkli” olması da, görüş öncəsi fotolardakı mimikasında öz əksini tapır...

Oxu.az

BAKU.WS
QALEREYA