SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün 44 gün davam edən Vətən müharibəsinin 7-ci günüdür. Məhz bu gün rəşadətli ordumuz tərəfindən Suqovuşan, Talış, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Aşağı Əbdürrəhmanlı – səkkiz kənd işğaldan azad edilib!

Qeyd edək ki, Vətən müharibəsinin yeddinci günü – oktyabrın 3-də bütün cəbhə boyu düşmən mövqelərinə ağır zərbələr endirən Azərbaycan Ordusunun zəfər yürüşünün xoş xəbərləri yayılıb. Zəfər xəbərlərini Ali Baş Komandan “Twitter” səhifəsində paylaşıb.

BAKU.WS Vətən müharibəsinin 7-ci gününün xronikasını təqdim edir:

• “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”, - Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində bu barədə paylaşım edib.

• Dövlətimizin başçısı Azərbaycan Ordusunun Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini azad etməsi barədə məlumat verib.

• Prezident İlham Əliyev işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan edib.

• Müdafiə Nazirliyi müharibənin ilk həftəsi ərzində düşmənin ümumi itkilərinin sayını açıqlayıb: 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi.

• Azərbaycanın Baş prokurorunun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs – 3 qadın və 2 azyaşlı həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.

BAKU.WS