SİZİN REKLAM BURADA!
055 213 76 73


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində 19 sabiq prezident və 12 sabiq baş nazir, tanınmış siyasətçilər, ictimai-siyasi xadimlər, nüfuzlu ekspert və politoloqlar iştirak edib. 

Onlar Azərbaycan Prezidentinin şəxsiyyətinə, fikirlərinə və rəylərinə böyük hörmətlə yanaşıb, Vətən müharibəsində tarixi qələbə münasibətilə təbriklər və s. Azərbaycan Prezidenti İlham Əliyevin qlobal liderlik keyfiyyətlərini, Müzəffər Lider obrazını, dünya səviyyəli siyasətçi kimi böyük nüfuza malik olduğunu, mühüm problemlərin həllində dövlət başçımızın rəyinə və mövqeyinə ehtiyac duyulduğunu aydın şəkildə nümayiş etdirib.

Tədbir Azərbaycanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm platformaya çevrildiyini göstərməklə yanaşı, həm də bu problemlərin həllində Azərbaycanın rolunun yüksəldiyini nümayiş etdirib. Tədbir ötən dövr ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya səviyyəli beyin mərkəzinə, qlobal platformaya çevrildiyini, onun potensial imkanlarının getdikcə genişləndiyini göstərib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində çıxış edən liderlərin fikirlərini təqdim edirik:

Dünya Bankının sabiq vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq səviyyədə get-gedə daha çox tanınır. Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub.

Mərkəz bəşəriyyətin üzləşdiyi çağırışların müzakirə edildiyi platformaya çevrildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tədris, dözümlülük, dialoq və anlaşma ünvanı kimi tanınmağa başladı.

Pandemiyaya baxmayaraq, Mərkəz çox fəal işləyir, yeni texnologiyalardan tam yararlanmaqla öz səylərini göstərir. Biz 28 konfransa, 90 sessiyaya ev sahibliyi etdik. Tədbirlərimizdə 370 məruzəçi çıxış edib, 60 ölkədən iştirakçılar bizə qoşulub. İstənilən mövzuları əhatə etmişik: pandemiya qarşısında qlobal həmrəylikdən tutmuş, formalaşan dünya nizamı və multilateralizmin gücləndirilməsi yollarına qədər”.

2005-2007-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin idarə heyətinin üzvü Deyvid Merkel: “Sizin və Azərbaycanın böyük heyranı olan mərhum Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi”.

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işləri naziri olmuş xanım Eka Tkeşelaşvili: “Azərbaycan regionda transformasiya xarakterli layihələrdə mərkəz rolunu oynamışdır. Bu, Qafqazın Avropanın ümumi enerji təhlükəsizliyi üzrə önəmli büro ölkəsinə çevrilməsinə, qlobal miqyasda beynəlxalq ticarətin və bağlılığın inkişafına imkan verir”.

2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenko: “Hörmətli cənab Prezident İlham Heydər oğlu, ilk növbədə, mən Sizi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ən mühüm məsələlərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin həlli münasibətilə təbrik etmək istəyirəm. Bu, həyata keçirilməsi 30 il çəkən bir arzu idi”.

ABŞ-ın Azərbaycan Respublikasındakı sabiq səfiri Robert Sekuta: “Mən və bir sıra sabiq ABŞ səfirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə işləyirik ki, dünya liderlərini “Çatam Hauz” qaydalarına uyğun olaraq Qarabağla bağlı müzakirələrə cəlb edə bilək”.

2002-2004-cü illərdə, həmçinin 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş cənab Franko Fratti: “Biz birlikdə bir sıra maneələri dəf edəndən sonra İtaliya Trans-Adriatik boru kəmərinin mükəmməl fəaliyyətindən tam məmnundur.

Belə bir təəssürat var ki, Ermənistanda yaşayan sadə insanların daxili siyasi təbliğat səbəbindən təcrid olunmalarından, Qafqazın qalan hissəsi və onun hüdudlarından kənarında yaxşı əlaqələrin onların maraqlarına tam uyğun olmasından bəlkə də xəbərləri yoxdur”.

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Rosen Plevneliyev: “Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmağımızdan böyük fərəh hissi keçiririk. Sizin rəhbərliyinizlə və Mərkəzin katibliyinin gənc əməkdaşlarının səyləri nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal əhəmiyyətli, güclü və səmərəli bir təsisat olaraq fəaliyyət göstərir.

Sizin rəhbərliyinizlə İkinci Qarabağ müharibəsindəki Qələbəniz bizi çox məmnun etdi. Siz qanunun aliliyini təmin etdiniz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz və xalqa ədalət bəxş etdiniz”.

CNN telekanalında “Farid Zakariya GPS” verilişinin aparıcısı, məşhur amerikalı jurnalist Farid Zakariya: “Son iyirmi il ərzində böyük inkişafın şahidi olan Bakı kimi möhtəşəm şəhər üçün darıxıram”.

2013-2019-cu illərdə Çinin xarici işlər nazirinin müavini olmuş, hazırda Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao:
“Çin ilə Azərbaycan arasında dostluğun uzun tarixi var və Zati-aliniz Çinlə dostluq münasibətlərinə hər zaman böyük əhəmiyyət verir. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən olub.

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri və 2012-2015-ci illərdə xarici işlər naziri olmuş Zlatko Laqumdziya: “Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində öz legitim hüququndan çıxış edərək, eləcə də beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğun şəkildə Dağlıq Qarabağın qaytarılmasında rəhbərlik keyfiyyətlərinizə görə Sizi təbrik etmək istəyirəm.

COVID-19 böhranı zamanı Bosniya və Herseqovinaya verdiyiniz şəxsi və konkret dəstəyə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qərbi Balkanlarda olması və apardığı fəaliyyətə rəhbərliyiniz və sadiqliyinizə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

Srebrenitsa və Xocalı kimi dəhşətli hadisələri görmüş insanlar və əsl liderlər hər zaman birgə cəmiyyətlərdə ortaq gələcək kimi dəyərlərə və öhdəliklərə eyni tərzdə önəm verir, bu cür cəmiyyətlərdə fərqli özünəməxsusluq zənginliyimiz kimi götürülür”.

1999-2001-ci illərdə İsrailin Baş naziri olmuş Ehud Barak: “Cənab Prezident, ilk növbədə, Dağlıq Qarabağda Qələbə münasibətilə sizi təbrik edirəm”.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers: “Sizi təbrik edirəm. Siz Ermənistan tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılması ilə bağlı səylərinizdən heç vaxt vaz keçmədiniz”.

2008-2009-2011-ci illərdə Belçikanın Baş naziri olmuş İv Leterm: “Sizin liderliyinizə və düzgün arqumentlərdən istifadə edərək bu gün hamımızın müzakirə etdiyi əraziləri geri qaytarmaq üçün tarixi dəyişdiyinizə görə Sizi təqdir edirəm.

Beynəlxalq hüquq Sizin tərəfinizdədir və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması ədalət məsələsi idi”.

2016-2019-cu illər arasında Rumıniyanın Baş naziri olmuş Ana Birçal: “Rumıniya ilə Azərbaycan arasında güclü strateji tərəfdaşlıq var və biz bununla qürur duyuruq”.

2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş cənab Ekmələddin İhsanoğlu: “Sizin rəhbərliyinizlə Azərbaycanın tarixi uğuru, Qarabağda ərazilərin işğaldan azad edilməsi münasibətilə təbriklərimi çatdırım. Sizin fəal xarici siyasətiniz sayəsində bu regionda və onun hüdudlarından kənarda mühüm strateji dönüş nöqtəsi kimi, dünyanın bu güşəsində sülh və sabitlik yenidən bərqərar olacaq”.

ICESCO-nun sabiq baş direktoru cənab Əbdüləziz əl-Tüveycri: “Mən Zati-alilərini və Azərbaycan xalqını müharibədə Qələbə və Ermənistan işğalından azad edilmiş ərazilərin bərpası münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident, Siz hər zaman sülh, dialoq, əməkdaşlıq tərəfdarı olmusunuz. Onlar dəfələrlə şansı əldən verib, lakin bu dəfə Siz təşəbbüsü ələ aldınız. Beynəlxalq ictimaiyyət təcavüzə son qoya bilmədi, Azərbaycan xalqı bunu etdi. İndi məqsəd işğaldan azad edilmiş əraziləri yenidən qurmaq, ora sülh və əmin-amanlıq gətirməkdir".

Rumıniyanın sabiq baş naziri Petre Roman: “Sizin münasibətiniz məndə böyük təəssürat yaradıb. İndi Siz müzəffər lidersiniz, ölkənizin müzəffər, layiqli liderisiniz. Müzəffər lider olmağınıza baxmayaraq, Siz erməni xalqı üçün təəssüflənirsiniz. Bu, həqiqətən də bir körpüdür. Bu, barışıq istiqamətində körpü rolunu oynaya bilər”.

BAKU.WS