VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən BAKU.WS-ə verilən məlumata görə, C.Bayramov həmsöhbətinə münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən nəqliyyat sahəsində yaranan imkanları barədə ətraflı məlumat verib.

İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından danışmağın mümkün olduğunu söyləyən nazir o cümlədən nəqliyyat və kommunikasiya xətlərinin açılmasının nəzərdə tutulduğu 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci üçtərəfli bəyanatlarının icra edilməsinin əhəmiyyətini vurğulayıb.

XİN rəhbəri bölgənin uzun müddətli iztirablardan keçdiyini və dayanıqlı sülhə ehtiyac duyduğunu qeyd edib və bu xüsusda region ölkələri tərəfindən həyata keçiriləcək birgə iqtisadi və nəqliyyat layihələrinin sülhü dönülməz edəcəyini səsləndirib.

Baş katibi Aset Asavbayev Azərbaycan xalqını münaqişənin bitməsi və post-münaqişə mərhələsinə qədəm qoyması münasibətilə təbrik edib. Bu mərhələdə nəqliyyat xətlərinin genişləndirilməsi yolu ilə böyük layihələrin həyata keçirilməsi üçün TRACECA qarşısında geniş imkanların açıldığı vurğulanıb.

Baş katib Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə razılaşma, daimi katibliyin fəaliyyəti, ötən il üzrə fəaliyyətin nəticələri və irəli sürülən yeni təşəbbüslər, habelə fəaliyyət coğrafiyasının genişlənməsi, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlərlə bağlı məlumat təqdim edib.

Tərəflər Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin “TRACECA” fəaliyyətinin regional və beynəlxalq müstəvidə dəstəklənməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə razılıq ifadə ediblər.

BAKU.WS