SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ciddi təəssüf doğurur. Bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına alır".

BAKU.WS xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, Fransanın Qafqaz ölkələri ilə iqtisadi əlaqələri göstərir ki, bu sənəd erməni lobbisinin təsiri ilə qəbul olunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun həmsədri olan ölkənin Azərbaycana birbaşa qərəzinin təzahürüdür:

"Belə ki, 2019-cu ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 787 milyon 366 dollar olub. Bu əvvəlki il ilə müqayisədə 21 faiz artım deməkdir. 2000-ci illərin əvvəllərində isə iki ölkə arasındakı ticarət dövriyyəsi hətta 2 milyard dollara yaxın idi. Fransanın Ermənistana ixracatı isə 2019-cu ildə cəmi 60 milyon dollar olub.

Sərmayə qoyuluşlarına gəldikdə isə BMT-nin (UNCTAD) məlumatına görə, ötən il Ermənistana xarici sərmayə qoyuluşu cəmi 254 milyon dollar olub və bu da əsasən 4 ölkənin (Rusiya, Yunanıstan, Kipr və Almaniya) payına düşüb. Göründüyü kimi, iqtisadi baxımdan Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməkdədir.

Maraqlıdır, əgər Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə o yoxsul ölkəyə sərmayə qoymur, iqtisadi əlaqələri genişləndirmir? Deməli, məqsəd sadəcə Azərbaycana qarşı düşünülmüş qərəz nümayiş etdirməkdir. Göründüyü kimi, hər vəchlə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyən Fransa Senatı işğalçı ölkənin inkişafında deyil, regional münaqişənin böyüməsində və konfliktin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həllində deyil, yenidən alovlanmasında maraqlıdır".

BAKU.WS