SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşğulluq haqqında qanunun 20-ci maddəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olan  işsiz və iş axtaran şəxslərin peşə hazırlığına göndərilməsi təsbit olunub.

Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının tərəfindən hazırlanan qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu qaydanı BAKU.WS-ə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin  rəis müavini Cəmaləddin Quliyev şərh edəcək.


- Peşə hazırlıq kurslarının mahiyyəti nədən ibarətdir?

- Qaydaya uyğun olaraq işaxtaran və işsiz şəxslərin, xüsusi ilə də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsini gücləndirmək, onların əmək bazarına çıxış və səmərəli məşğulluq imkanlarının artırılmasına köməklik göstərmək məqsədi ilə aktiv məşğulluq tədbirləri təşkil ediləcək.

Bu qaydaya əsasən işsiz və iş axtaran şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına göndərilir. Peşə hazırlığı işaxtaran şəxslərə pullu, işsiz şəxslərə münasibətdə isə pulsuzdur.

İş axtaran şəxs qeydiyyata alınandan sonra ona münasib iş təklif olunur. Əgər təklif olunan iş ondan aslı olmayan səbəblərdən qəbul edilmirsə 5  iş günü ərzində o işsiz kimi qeydə alınır.


İşsiz kimi qeydiyyata alınandan sonra aktiv məşğulluq tədbirlərindən birinə peşə hazırlığına göndərilə bilər.  Daha sonra peşələrə uyğun ixtisaslar seçilib göndərişlər verilir.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin və “e-sosial” internet portalında  aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işaxtaran və işsiz vətəndaşların qeydiyyatı, işə götürənlər tərəfindən vakansiyaların təqdim olunması  o cümlədə peşə hazırlığı təlimləri  yer alır.

- Təkminləşdirmə kursunun üstünlüyü nə olacaq?

- Bu şəxslərə İşsizlikdən Sığorta Fondu tərəfindən ölkədə nəzərdə tutulan minimum əmək haqqı məbləğində  ödəniş təyin olunacaq. Bilirik  ki,  gələn aydan minimum əmək haqqı 250 AZN olacaq. Bu da o deməkdir ki, kursa qoşulan hər tələbəyə 250 AZN məbləğində təqaüd veriləcək.

- Bəs kursu bitirənlərə  hansı sənəd veriləcək?

Peşə hazırlığın bitirən  şəxsə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi sertifikatlar veriləcək. Bizim başqa planımız da var ki, Beynəxalq Akreditasiya Təşkilatının qeydiyyatından keçək. Bununlada tələbəyə   beynəlxalq statuslu sertifikat vermiş olacağıq. Bu sertifikatların əhəmiyyəti ondan ibarətdir ki, müdavim dünyanın istənilən bir yerində işlə təmin olunmaq imkanı əldə edəcək.

- Peşə hazırlığı və təkminləşdirmə kursunda  hansı yaş kateqoriyasından olan şəxslər iştirak edə bilər?

- Azərbaycan Respublikasının Məşğulluq haqqında qanununa uyğun olaraq əmək fəaliyyəti olan 15-64 yaş aralığında olan hər bir şəxs peşə hazırlığı və təkmilləşdirmə kursunda iştirak edə bilər.


- Maraqlıdır DMX-nin  peşə hazırlığı ilə bağlı neçə təhsil mərkəzi var?

Ümumilikdə 4 təhsil mərkəzi var. Ən böyüyü Bakı Regional Təhsil Mərkəzidir. Gəncə Təhsil Mərkəzi tikilməkdədir. Naxçıvan Muxtar Respublikası və Göyçayda isə belə təhsil mərkəzləri mövcuddur.  Məşğulluq Xidmətinin nəzdində olan  peşə təhsil müəssisələrimiz  publik-hüquqi şəxsə keçib. Bu peşə məktəblərində yalnız peşəkar kadrlar çalışmalıdır. Bura xaricdən də  kadrlar dəvət edəcəyik. Eyni zamandan yerli universitetlərin  professor və müəllim heyyətini də cəlb edəcəyik.

- Xaricdə peşə kursları təşkil olunacaq?

- Belə bir ideya Almaniya ilə düşünülür. Hazırda işlər sənəd üzərindədir. Kurs təşkil edən alman şirkəti əvvəlcə tələbələrə alman dilini  B2 səviyyəsində öyrədəcək. Daha sonra tələbələr Almaniyada ixtisaslar üzrə kurslara cəlb olunacaq.  Peşə hazırlığı və təkminləşdirmə kursunu beynəlxalq standartarlara uyğunlaşdırcağıq ki, nəticə  yaxşı olsun.

- Bəs  xərcləri hansı tərəf qarşılayacaq?

- Xərcləri Almaniya qarşılayır. Bu xərclərə gediş-dönüş bileti, sığorta və qonaqlanma daxildir.


- Kursların müddəti nə qədərdir?

- Almaniyada hər il təqribən 1000 nəfərin (seçilmiş peşədən asılı olaraq) 2 ildən 4 ilədək dual-peşə təhsilinin alınması təşkil olunması planlaşdırılır. (təhsil müddətində təqribən 800-1000 avrodan başlayan aylıq əməkhaqqı).

Müdavimlər təhsilini başa vurduqdan sonra müvafiq peşə üzrə 1 ildən 5 ilədək iş təcrübəsi əldə etmək məqsədilə Almaniyada iş yeri ilə təmin olunacaq (işlədiyi dövrdə təqribən 2000-2500 avrodan başlayan aylıq əməkhaqqı).

- Bu kurslar istənilən bir  təhsil müəssisəsində tədris olunacaq yoxsa?..

- Məşğulluq haqqında qanunda qeyd olunur ki, peşə hazırlığı kursları uyğun olaraq indi təhsil müəssisələrində keçirilir. Yəni qaydaya əsasən dövlət təhsil müəssisələri və lisenziyası olan təhsil ocaqlarına şamil olunur.

Gülşanə Mustafayeva
BAKU.WS