VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Amerikada uşaqlara könüllü şəkildə dərs deyib. Hətta bu xidmətinə görə ABŞ prezidenti Barak Obama həmyerlimizə Amerika xalqına etdiyi köməyə görə təşəkkür məktubu göndərib və onu medalla təltif edib. 17 yaşında 300 milyondan çox əhalisi olan bir ölkənin prezidentinin diqqətini çəkən və ondan təşəkkür alan həmyerlimiz Süleyman Hüseynzadəni sizə də təqdim edirik. Süleyman Hüseynzadə Lənkəranda anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Amerikaya yollanıb.

BAKU.WS həmyerlimizin "Kaspi" qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Lənkərandan Amerikaya uzanan yoldan başlayaq.

- Biz məktəbdə oxuyan dövrlərdə xaricdə, xüsusən Amerikada təhsil hamının xəyalı idi. Bunun üçün imkanlar çox deyildi. 2008-ci ildə 11-ci sinifdə oxuyanda ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramı ilə tanış oldum və özümü sınamaq qərarına gəldim. İmtahan 3 mərhələdən ibarət idi. Birinci və ikinci mərhələlər ingilis dili imtahanı olsa da, üçüncü mərhələ psixoloji məqalələr və oyunlardan ibarət idi. Bu proqramda bütün cənub regionundan şagirdlər iştirak edirdi. Sadəcə, 3 nəfər seçildi və mən 12-ci sinifdə oxumaq üçün heç bir azərbaycanlının yaşamadığı Montana ştatına göndərildim. Belə bir proqrama seçilmək və yüzlərlə şagirddən hansısa xüsusiyyətlərə görə fərqlənmək özümə inamımın güclənməsində əsas faktorlardan oldu.

- Amerikada təhsil sisteminin müsbət və mənfi tərəfləri nədir?

- Amerikada orta məktəbdə kredit sistemidir və şagirdlər bəzi fənlər şərti olmaqla öz seçdikləri fənlərdən təhsil alırlar. Orta məktəb şagirdlərə gələcək həyatlarını necə qurmaq və hansı sahədə universitet təhsili almağı müəyyən etməkdə yardımçı olur. Ən əsası, Amerikada məktəb şagirdlərin təkcə təhsil aldıqları yer deyil, eləcə də onların sosiallaşması üçün böyük imkanlar yaradır. Belə ki, müxtəlif mədəniyyət, elmi və idman klublarlarında şagirdlər onlarla eyni maraqları bölüşən yaşıdları ilə tanış olurlar. Bundan əlavə, bu klublar vasitəsilə müxtəlif tədbirləri həyata keçirərək, öz büdcələrini formalaşdırırlar. Bu da onların gələcəkdə daha böyük və davamlı layihələr icra etməsinə yardımçı olur.

- ABŞ-da kral seçilmisiniz. Necə oldu ki ABŞ-da azərbaycanlını kral kimi gördülər və seçdilər?

- Amerikada "Homecoming” deyilən bir ənənə var və bu ənənəyə əsasən, hər il şəhərdə oynayılan idman oyunları üçün kral və kraliça seçilir. Namizədlik başqası tərəfindən verilir və seçim şəhərdə yaşayanların səsverməsi ilə müəyyən olunur. Bir həftə "Homecoming” üçün hazırlıq gedir. Bu bir həftə ərzində müxtəlif tədbirlər keçirilir və tədbirlər zamanı namizədlər özlərini tanıtdırır. Kral və kraliça isə həftə ərzində keçirilən Amerika futbolunda fasilə vaxtı stadionda elan olunur. Bütün namizədlər stadiona çağırılır və ən çox səs toplayan elan edilir. Nəticə elan olunanda çox təsirlənmişdim. Qısa bir zamanda amerikalıların mənə olan rəğbəti məni qürurlandırmışdı və çox sevincli idim. Elan olunduqdan sonra mənim üçün şəhərdə avtomobillərlə parad təşkil olundu və insanların məni küçələrə çıxaraq qarşılaması məndə təəccüb yaratmışdı. Bu, elə bir hissdir ki, sözlərlə ifadə edə bilmirəm.

- Necə oldu ki, könüllü dərs keçməyə qərar verdiniz?

- Amerikada yaşadığım 1 il müddətində vaxtımı maksimum səmərəli keçirməyə çalışırdım. Təhsilə və uşaqlara olan marağım məni uşaqlarla işləməyə sövq etdi. 7-13 yaşlı uşaqlara dərsdən sonra məktəbdə ev tapşırıqlarını etməyə kömək edirdim. Həm oxuyub, həm də dərs keçmək çox maraqlıdır. Mənə görə, başqa cəmiyyətin düşüncə tərzini anlamaq üçün uşaqlarla işləmək vacibdir. Amerika uşaqları Amerika cəmiyyətini anlamamla yanaşı, həyatımda əvəz olunmayacaq təcrübə qazanmağıma yardımçı oldular.

- ABŞ prezidenti Barak Obamanın sizi medalla təltif etdiyi günü necə xatırlayırsınız?

- Amerikada amerikalı uşaqlara könüllü şəkildə dərs keçdiyim üçün Barak Obama mənə bu medalı göndərəndə həyatın bir sinerji olduğunu anladım. Məktubunda Amerika xalqına etdiyim köməyə görə təşəkkür etmişdi. 300 milyondan çox əhalisi olan ABŞ-ın prezidenti Barak Obamanın 17 yaşlı bir azərbaycanlıya diqqət göstərməsi çox təsirləndirici bir hal idi. Bu hadisə hədəflərimdə və həyatımda olan bütün tərəddüdləri yox etdi.

- Xaricdə təhsil sizə nə verdi?

- Təhsildən əlavə, öz dünyama fərqli prizmadan baxmağımda çox böyük rol oynadı. Amerikada yaşamaqla yeni mədəniyyətlərlə tanış oldum. Xaricdə aldığım təhsildən sonra həyatda daha inamlı və əminliklə addımlayırdım. Bu xüsusiyyətin məni başqalarından fərqləndirdiyini hiss edirdim. Məsələlərə fərqli baxmaq və fərqli həll yollarını düşünmək bacarığı əldə etdim. 17 yaşımda xaricdə ailəmdən uzaqda və tam fərqli bir cəmiyyətdə yaşamaq məndə empatiya hissi yaratdı ki, bu, həyatda ən çox istifadə etdiyim bacarıqdır. Eləcə də yeni cəmiyyətə adaptasiya olmaq üçün ətrafda baş verənləri analiz etmək insanları daha tez və asanlıqla anlamaqda, bəzən düşünüb demədiklərini başa düşməkdə yardımçı oldu. Ümumilikdə isə xaricdə təhsil mənə yeni düşünmə tərzi, fərqli baxış və dünyanı hissə-hissə yox, tam görmə bacarığı verdi.

- Oxuduğun ölkənin hansı özünəməxsus adət-ənənələri ilə tanış oldun?

- Amerika özünəməxsus müxtəlif ənənələri ilə zəngindir. Yaşadığım Montana ştatı isə daha fərqli mədəniyyətə və təbiətə malikdir. Daha çox soyuq yer kimi tanınan Montana amerikalıların ov etmək üçün gəldikləri ştatdır. Montanada ceyran, vəhşi camış və balıq ovu çox məşhurdur. Mənim ən çox sevdiyim məşğuliyyət balıq ovuna getmək və xizək sürmək idi. Həftə sonları müxtəlif şəhərləri gəzmək və yeni yerləri görmək üçün yaşadığım amerikalı ailəsi ilə səfərə çıxırdıq.

- Azərbaycanla müqayisdə yaşam tərzində, cəmiyyətin fikrində hansı fərqləri gördünüz?

- Azərbaycanlıların və amerikalıların yaşam tərzində fərqlər çoxdur. Ən çox hiss olunan fərq isə amerikalıların açıqfikirli, qərarlarında qəti və tərəddüdsüz olmalarıdır. Amerika cəmiyyəti qanunları pozmamağa çalışan, həyatın öz axarında yaşanmasını sevən və gələcək üçün sərmayələr ayıran bir cəmiyyətdir. Azərbaycanla müqayisədə problemə yanaşma tərzləri, həyata baxışları və əyləncə zövqləri tamamilə fərqlidir. Amerikalıların yumor hissi çox fərqlidir. Bizim üçün o qədər gülməli olmayan, hətta maraqsız olan hansısa hadisə və ya deyim onlar üçün gülüş mənbəyinə çevrilə bilir. Bu da Amerika cəmiyyətində yeni olanlar üçün çətin anlar yaşadır. Amerika üçün cəmiyyətin fikri deyə bir anlayış yoxdur. Amerikalılar üçün ya hər kəsin öz fikri, ya da sayca çox olanların fikri var. Amerika insanının yaşam prinsipləri onların arzu və xəyallarına əsaslanır. Bizdən fərqli olaraq, ailə, valideynlər, dostlar və ya cəmiyyətin insanların istəklərinə və edəcəklərinə təsir gücü 0-20 faiz arasındadır. Buna əsas səbəb isə gənclərin iqtisadi azadlıqlarını rahat əldə etməsi və gələcəklərini özlərini xoşbəxt hiss etdikləri sahədə qurmalarıdır. Yaşayacaqları yeri, yaşam tərzlərini, görmək istədikləri işi və evlənəcəkləri insanları özləri seçirlər. Ən əsası isə Amerika cəmiyyətində məişət mövzularında olan məsələlər yox, rüşvət almaq, imtahanlarda köçürmək, saxtakarlıq etmək və aldatmaq kimi işlər qınaq mənbəyidir. Bir cəmiyyətin inkişafında ictimai qınağın hansı sahələr və hadisələrə yönəldiyi çox vacibdir. Bütün bu məsələlər amerikalıların şəxsi həyatlarında daha rahat yaşamasına, ətrafdan çəkinmədən hərəkət etmələrinə və münasibət qurmaqda daha aktiv olmalarına şərait yaradır. Amerika insanı pozitiv, real münasibətlər qurmaqda peşəkar, açıq sözlü, qanunu hər şeydən yüksək tutan, nə istədiyini bilən, hədəflərinə çatmaq üçün tam gücü ilə çalışan insandır və dünyada bir çox millətlərə bu xüsusiyyətlərinə görə nümunə ola bilər.

- Amerikada bizi necə tanıyırlar? Xüsusilə orta məktəblərdə?

- Amerika cəmiyyəti başqa ölkələr haqqında çox da məlumatlı deyil. Ərazisinə görə Amerkanın ən böyük ştatında heç bir azərbaycanlının yaşamaması Azərbaycan haqqında heç bir məlumat olmamasının səbəblərindən biri idi. Montanada yaşadığım müddətdə bacardığım qədər çalışırdım ki, Azərbaycan haqqında amerikalılara daha çox məlumat verim. Bunun üçün məktəbin zalında şagirdlər üçün təqdimatlar da keçirirdim. Bundan başqa, dərs keçdiyim uşaqlar demək olar bir xarici vətəndaşın Azərbaycan haqqında öyrənə biləcəyi çox şeyi öyrənmişdilər. Bu, həm mənə, həm də onlara maraqlı idi.

- Amerikalı gənclərin hansı xüsusiyyətinin bizdə olmasını istərdiniz?

- Amerkalı gənc həyatına təsir etməyəcək və lazımsız olan hər bir informasiyanı beynindən atır. Bu da onların həyatlarını sadə və rahat yaşamalarına şərait yaradır. Eyni zamanda, onlara aid olmayan və onlar üçün heç bir əhəmiyyət daşımayan hadisələri müzakirə etmirlər. Beləliklə, öz həyatlarında hədəflərinə çatmaq üçün daha çox zamanları olur. Amerika gənci həyatını kiçik hədəflər quraraq arzularına çatmaqla planlayır. Azərbaycan gənclərinin öz həyatlarını onlara lazım olmayan informasiya və hadisələrlə keçirməsindənsə, həyatlarını istədikləri kimi yaşamaq üçün hədəflər qurmasını və onlara doğru addımlamalarını istərdim. Bu bizə və bizim millətin gələcəyinə ciddi təsir göstərə bilər. 
 
BAKU.WS