SİZİN REKLAM BURADA!
055 213 76 73


Mobil tətbiqlər Azərbaycana səfər edən turistləri çətin vəziyyətdə qoyur.

BAKU.WS xəbər verir ki, sputnik.az-a müraciət edən oxucu Zəhra Vəliyeva metroda istiqaməti göstərən proqrama diqqət yetirməyi xahiş edib.

Məsələ ondadır ki, Yandex Metro mobil tətbiqi dünyanın istənilən ölkəsinin metropoliteninin xəritəsini birbaşa smartfondan əldə etməyə imkan verir. Proqram olduqca əlverişlidir, xüsusilə də səyahət zamanı. Bircə "amma"sı olmaya. Mobil tətbiqin xəritəsində Bakı metropoliteninin bütün stansiyalarının adları rus dilinə tərcümə edilib.

Misal üçün, "Gənclik" stansiyasının adı rus dilinə "Molodyojnaya" kimi tərcümə edilib, "Memar Əcəmi" stansiyası isə burada "Arxitektor Acemi" kimi qeyd olunub. "İnşaatçılar" - "Stroiteley", "Elmlər Akademiyası" - "Akademiya nauk", "Ulduz" - "Zvezda", "Xalqlar dostluğu - "Drijba Narodov" kimi yazılıb.

Heç olmasa, sözlərin faktiki tərcüməsi düzgündür. Lakin Bakıda heç nəyin adı rus dilində deyil, coğrafi istiqamətlərin də həmçinin. Rus dilində istiqamət verən xəritə ilə Bakı metrosuna düşən turist yeraltı ictimai nəqliyyatda aza bilər və azır da. Çünki oradakı bütün cədvəllərdə stansiyaların adları Azərbaycan və ingilis dillərində yazılıb.

Bununla yanaşı, əlaqə yaratdığımız "Bakı metropoliteni" QSC-nin məsələyə reaksiyası da maraqlıdır. İdarədən bildiriblər ki, bu səhv barədə bu yaxınlarda xəbər tutublar və onunla məşğul olacaqlar. Yaxın zamanlarda Bakı mertopoliteninin rəhbərliyinin bu yanlışlığın aradan qaldırılması üçün proqram mütəxəssislərinə müraciət edəcəyi gözlənilir.

Yeri gəlmişkən, redaksiyamızın sözügedən proqramın mütəxəssisləri ilə əlaqə yaratmaq cəhdləri nəticə verməyib. Şirkətin ofisindən bizimlə əlaqə yaradacaqlarını, bunun üçün koordinatlarımızı onlara yazmağı təklif ediblər. Bildiriblər ki, vəziyyəti daha da kəskinləşdirməmək üçün sözügedən məsələni əməkdaşlardan heç kəs şərh etməyəcək.

Qeyd etmək lazımdır ki, sözügedən xəritədə təkcə Azərbaycandakı metro stansiyalarının adları deyil, eləcə də Gürcüstan və Ermənistandakı metrostansiyaların da adları rus dilinə tərcümə edilib. Lakin qonşu Türkiyənin metrostansiyalarının adlarını təkcə tərcümə etməyiblər, həmçinin orijinal olaraq türk dilində və ingilis dilində də yazıblar.

Məsələni şərh edən AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı, elmlər doktoru İsmayıl Məmmədli bildirib ki, şirkətin mütəxəssisləri bu məsələdə "Azərbaycan Respublikasının Dövlət Dili haqqında" qanununun tələbini rəhbər tutmalı idilər.

"Onlar nəzərə almayıblar ki, hər bir adın orijinalının qarşısında mötərizədə onun tərcüməsini göstərmək lazımdır. Əgər belə olsa, heç kəs bir daha əbəs yerə azmayacaq" - deyə alim əlavə edib.
BAKU.WS