SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu il Ramazan əvvəlki illərlə müqayisədə ilin daha sərin vaxtına düşüb. Maraqlıdır ki, bu il may ayı da keçən ilə nisbətən daha az temperaturla fərqlənir.

İnanclı insanlar bunu Ramazanın bərəkəti və rəhməti ilə izah edir. Lakin buna baxmayaraq azı 17 saata yaxın oruc tutmaq, ac-susuz qalmaq bədənin enerjisini alır və temperaturunu yüksəldir. Ona görə də həkimlər oruc tutanlara Ramazanı problemsiz keçirmələri üçün məsləhətlər verir.

Bu məsləhətlərin ən önəmlisi su ilə bağlıdır. Xüsusilə iftarla imsak arasında ən azı 12 stəkan su içib, lifli tərəvəzləri süfrədən əskik etməmək lazımdır.

Dietoloqun sözlərinə görə, Ramazanda qidalanma proqramında buraxılan səhvlər ürək döyüntüsündən başlamış nəbzin düşməsinə qədər müxtəlif problemlərə yol aça bilər. Ona görə də mütləq 3 dəfəlik qida norması həyata keçirilməlidir. Bunlar 2 böyük və 1 kiçik paya ayrılmalıdır.

Bəziləri Ramazanda imsak yeməyini ümumiyyətlə yemirlər. İmsaka qalxıb xörək yeyilməməsi edilməməsi isə az qidalanmaya görə orqanizmin müqavimətinin azalmasına, maddələr mübadiləsinin, həzmin yavaşlaması üzündən çəkinin artmasına səbəb ola bilər.

İmsak süfrənizdə insanı daha uzun zaman tox saxladığı üçün protein tərkibi yüksək yumurta və pendir mütləq olmalıdır. Pomidor və göy-göyərti də süfrədə yer almalıdır.

Lifli qidalar qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə isə məsləhət deyil. Çünki qandakı şəkəri ani surətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. Yediyiniz pendir və zeytunun duzuna da fikir verin.

Orucu su, xurma, zeytun və şorbayla açmaq, yarım saat sonra əsas yeməyə geçmək daha düzgündür. Qısa fasilə vermək qan şəkərini yüksəldib, toxluq yaradır.

Əsas yeməkdə ət, toyuq, balıq, şorba, ətli və ya zeytun yağında bişirilmiş səbzəyə üstünlük verin. Yeməyinizi mərci, noxud, yarma ilə zənginləşdirə bilərsiniz.

İftarda və ya imsakda çox yağlı, çox duzlu qidalardan çəkinin. Çünki bu qidalar gün ərzində daha çox susamanıza və su qəbul etmədiyiniz üçün də yüksək təzyiqə, şiş kimi problemlərə səbəb olur. Bunların əvəzinə mədə-bağırsaq sistemində uzun müddət qala bilən və həzmi rahat olan lifli tərəvəzlər, o cümlədən pomidor, xurma və ya təzə meyvələr yeyin.

Ətləri sobada və ya közdə bişirməyə üstünlük vermək lazımdır. Bu şəkildə bişirilən ət daha yaxşı həzm olunur. Ətli səbzə yeməklərini bişirərkən də yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin.

Və ən əsası. İftardan 1,5-2 saat sonra sakit templə gəzməyiniz həzmə yardımçı olar. Eyni zamanda, bu addım zəifləyən metabolizminizi də sürətləndirəcək. Bu isə çəkinizin artmasının qarşısını alacaq.

Real TV