Sosial şəbəkələr qısa müddət ərzində həyatımızın ayrılmaz hissələrindən birinə çevrilməyi bacarıb. Son vaxtlar isə sosial şəbəkələrdə müxtəlif testlər yayılmağa başlayır və insanlar arasında bu testlərə maraq günü-gündən artır. Hətta bu testə inananlar və ona uyğun davrananların da sayı az deyil.

Bu testlər sayəsində sosial şəbəkə istifadəçiləri həyatlarını (həyat yoldaşlarını, övladlarını, səyahətlərini, qocalıqlarını) sanki qabaqcadan öyrənmiş olurlar. Əksər insanlar isə tez-tez sözügedən test proqramlarının təhlükəli olduğunu bildirirlər. Hətta bu testlərin xarici kəşfiyyat orqanları tərəfindən ölkəni analiz etmək məqsədi ilə hazırlanmasını düşünənlərdə var.

Görəsən, bu testlər həqiqətən təhlükəlidirmi?

BAKU.WS bu suala cavab tapmaq üçün İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu ilə əlaqə saxlayıb. C.İsmayıloğlu bildirib ki, bu testlərin həll edilməsi zamanı bizə verilən bəzi suallar bizim haqqımızda şəxsi məlumatların əldə edilməsi ilə nəticələnə bilər.

“Ancaq düşünmürəm ki, bu testlər xarici kəşfiyyat tərəfindən hazırlanıb və bizə göndərilsin. Bu cür teslər daha çox əyləncə və reklam xarakteri daşıyır. Diqqət etsəniz görərsiniz ki, bu testlərə daxil olduğumuz zaman kənarda müxtəlif reklam lövhələri çıxır”.

Ekspert həmçinin azad internet mühitindən sui-istifadə edənlərdən də söz açıb.

“Azərbaycanda “Youtube” sosial şəbəkəsindən istifadə edən minlərlə istifadəçi var. Videolarda olan təhqir və söyüşlər, montaj edilmiş görüntülər minlərlə şəxslər tərəfindən izlənilməkdədir. Maraqlı məqam isə 300-500 min baxış sayı olan uyğunsuz videoların hələ də orada qalmasıdır. Doğrudur, bəzi videolar istifadəçilər tərəfindən şikayət edildikdən sonra silinir. Ancaq düşünürəm ki, istifadəçilər bu məsələlərdə daha diqqətli olmalıdır. İnsanlar arasında ictimai qınaq üstünlük təşkil etməlidir. Bunun mümkün olduğu halda isə ictimai qınaq birbaşa hədəfə vurmağı bacaracaq”.

C.İsmayıloğlu əlavə olaraq “Youtube” sosial şəbəkəsi üzrə 2 istiqamətin olmasını bildirib. O deyib ki, ya bu məsələyə ictimai nəzarət gücləndirilməli, ya da bu şəbəkə tezliklə bağlanılmalıdır.

Hicranə İsmayılova
BAKU.WS