SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstana, Tbilisiyə turist səfərinə gedən vətəndaşlarımız bəlkə də orada Mirzə Fətəli Axundzadənin ev muzeyinin olmasından xəbərsizdirlər.

1982-ci ildə açılmış bu muzey Tbilisinin Gorqasali küçəsində yerləşir. Muzeyin yerləşdiyi binanı böyük dramaturqumuz özü inşa etdirib, ömrünün sonuna kimi orada yaşayıb. 2012-ci ildə - M.F.Axundzadənin anadan olmasının 200 illik münasibətilə ilə muzeydə əsaslı təmir həyata keçirilib.


Bura təkcə ev muzeyi kimi deyil, mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Burada xalçaçılıq, toxuculuq, rəssamlıq dərnəkləri, dil kursları fəaliyyət göstərir.

Muzeyin piar meneceri Leyla Əliyeva BAKU.WS-ə bildirib ki, muzeyin tanınması üçün xeyli işlər görürlər. Muzey Tbilisinin turizm marşrutunun siyahısındadır, turizm şirkətləri ilə əlaqələri var. Tbilisidə muzeyin bukletləri paylanır, festivallarda iştirak edirlər. Muzey Gürcüstanın Mədəniyyət Nazirliyinin balansında olduğuna görə bütün dövlət tədbirlərində Azərbaycanı təmsil edirlər. L.Əliyeva deyir ki, Gürcüstandakı azərbaycanlı gənclərə, tələbələrə dəstək olurlar.


Muzeyin Azərbaycanla, Mədəniyyət və Turizm Nazirliyimizlə geniş əlaqələri də var. Xalça Muzeyində keçirilən tədbirdə muzey Tbilisidə muzey və fondlarda qorunub saxlanan xalçaların kataloqunu təqdim edib.


Muzey gürcü və azərbaycanlı rəssamların sərgilərini də təşkil edir. Həmçinin muzeyin nəzdində "Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf fondu" adlı yeni fond yaradılıb, bu günlərdə həmin fondun təqdimatı olacaq. Dekabr ayında xalça və musiqi festivalları təşkil olunacaq.

Tuncay
BAKU.WS