Ermənistanın paytaxtı İrəvanda baş tutan toy məclislərindən birində Azərbaycan milli rəqsi ifa olunub. 

BAKU.WS-in məlumatına görə, erməni gəlin öz toyunda məhz Azərbaycan rəqsi Uzundərə ilə qonaqlara şou nümayiş etdirib. Maraqlısı ondadır ki, ermənilər Azərbaycan rəqsini öz adlarına çıxaraq toy məclisində Ermənistanın milli rəqsi kimi təqdim ediblər. 
 
Qeyd edək ki, uzundərə - qədim Azərbaycan rəqslərindən biri. Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.

Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.

O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə «gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın» deyilir. Beləliklə də, «Uzundərə» oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir».
 
Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilib. Uzundərəyə həmçinin erməni incəsənət adamları müraciət ediblər.
 
Şahin Həbibov
BAKU.WS