SİZİN REKLAM BURADA!
055 213 76 73


Son bir gündə "WhatsApp" mesencerinin istifadəçilərə aid məlumatları "Facebook"a və onun proqramlarına ötürməsi böyük müzakirələrə səbəb olub.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, "WhatsApp" ötən ilin iyulunda məxfilik şərtləri və siyasəti qaydalarında dəyişiklik olacağını elan etmişdi. Yeni qayda isə o deməkdir ki, əvvəl istifadəçi öz məlumatlarını "Facebook"a ötürməyə bilərdi və ona seçim verilirdi. İndi isə yeni qaydalarda belə seçim artıq olmayacaq. Ya qaydaları qəbul edib mesencerdən istifadə etməlisiniz, ya da imtina edərək hesabınızı silməlisiniz.

"WhatsApp"ın bu dəyişikliyi isə Azərbaycanda və dünyada birmənalı qarşılanmayıb. Müzakirə mövzusuna çevirilən bu qərardan sonra bəziləri "WhatsApp"ı silməyi və alternativ proqramlardan istifadə etməyi tövsiyə edib.

Türkiyə Prezidentinin ofisinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən “WhatsApp” tətbiqindən imtina edib.

Bildirilib ki, “WhatsApp” mesajlaşma proqramının “Turkcell”in şifrəli mesajlaşma tətbiqi olan “BiP" ilə əvəz olunması nəzərdə tutulur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, indi "WhatsApp" da "Facebook"a məxsus olduğundan bu datalardan reklam məqsədilə də istifadə olunacaq:

"Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə dövlət və böyük biznes qurumlarının əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Bu resursların sahibi xarici vətəndaş, resurs da xarici olduğundan bizim üçün həmişə dayanıqlılıqla bağlı risklər var.

Hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanır. Ola bilər ki, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"ın sahibi başqa biri olsun və daha başqa qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan ("Telegram", "Signal" və s.) istifadə etmək doğru olardı".

BAKU.WS