VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.

BAKU.WS 
musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında Vəli Behbudovun anlaqsız olduğu, özünü idarə edə bilmədiyi və buna görə də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi məlum olub.

Mərhumun valideynləri də buna etiraz ediblər. Onlar bildiriblər ki, Vəli Behbudov özünü "dəli" kimi aparır.

Məhkəməyə polis nəzarətində gətirilən Vəli Behbudov əlləri ilə qulaqlarını tutaraq başını arxaya-önə əyərək heç nə danışmayıb. Onun qanuni nümayəndəsi bildirib ki, Vəli Behbudov heç kimlə ünsiyyətə girmir.

Məhkəmə hazırlıq iclasında qərar qəbul edib. Qərara əsasən Vəli Behbudovun xəstə olmadığı qənaətinə gəlinib və buna görə də barəsində həbs qətimkan tədbiri seçilib. Vəli Behbudov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcək.

Qeyd edək ki, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğlu bu ilin fevral ayında 27 yaşlı Məmmədov İlkin Elman oğlunu bıçaq zərbəsilə və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızını boğaraq qətlə yetirib. Qatil Sevinc Muradzadənin yaxın qohumudur.
 
İlkin araşdırma zamanı məlum olub ki, 27 yaşlı Məmmədov İlkin Elman oğlu ilə 25 yaşlı Muradzadə Sevinc Yaşar qızı 2017-ci ildə ailə həyatı qurub. Gəncə şəhər sakini olan İlkinlə Sevinc boşanmaq qərarına gəliblər. Bundan sonra qadın körpə övladı ilə evi tərk edib. İlkin isə Binəqədi rayonu ərazisində yaşamağa davam edib və avtomobil təmiri sexində işləyib.

İstintaqın versiyasına görə, V.Behbudov ayrılmış cavanları barışdırmağa çalışıb. O, S.Muradzadəni götürərək İ.Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib. Lakin orada heç də hər şey Behbudovun planlaşdırdığı kimi olmayıb. Görüş zamanı dava-dalaş düşüb. Münaqişə zəminində Vəli Behbudov İlkinə çoxsaylı bıçaq zərbələri endirib, qadını isə boğaraq öldürüb. O daha sonra Nərimanov rayon Polis İdarəsinə gedərək əməlini könüllü etiraf edərək təslim olub.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.
BAKU.WS