SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanfilm kinostudiyasının geyimləri talan edilib.

BAKU.WS xəbər verir ki, bunu "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Facebook" səhifəsində yazıb. O bildirib ki, bir neçə gün öncə geyim şöbəsindən paltar seçmək üçün kinostudiyaya gedib.

"Burada da 30 il əvvəl olmuşdum. O zaman çox böyük, səliqəli, hər filmə aid geyimlər ayrı-ayrı asılaraq muzey əşyası kimi qorunurdu. O zaman kinostudiyanın ən maraqlı yeriydi bura. O paltarlara, əşyalara toxunmaq sirli aləmlərə səyahət etmək kimiydi. Nəzarətçinin gözündən yayınaraq o aləmlərə tez-tez səyahət edirdim...

İndi gördüklərim məni dəhşətə gətirdi. O nəhəng muzeydən yalnız bumu qalıb? Toz basmış, kif kəsmiş əsgər libasları və pis qoxuyan hambal paltarları. Bəs, o vaxtın Avropa geyimləri, bəy, xanların paltarları? İstifadə olunan gümüş kəmərlər, dəbilqələr, qılınclar və s. aksesuarlar hara buxarlanıb? 1920-ci ildən onlarla filmlər istehsal etmiş nəhəng bir qurumun geyim salonu beləmi olmalıdır? 100 illik bir mədəniyyətin talan olunmasına kim cavabdehdir? Köhnə nazirmi? Əbülfəs Qarayevmi? Yaxşı, o istədi, o tələb etdi, o, bu mədəniyyətin dəyərini bilmək səviyyəsində olmadı. Bəs burada çalışanlardan bir nəfər niyə bu talançılığıın qarşısını almaq üçün bir iş görmədi?

Salonun kəsafətli havası beynimdə kəskin ağrı yaratdı. Mənə keçən əsrin əvvəllərinə aid bir Avropa libası lazım idi. Əlində tutduğu boş tavanı pərdənin arxasında gizlədən qadın cavabında dedi ki, ümumiyyətlə, burada Avropa geyimləri qalmayıb. Bu dəhşətli mənzərəyə münasibətimi görən bir aktyor daha dəhşətli bir fakt dedi: "İndi mən tərli halda gəlib çəkildiyim kostyumu bura təhvil verdim. Kimsə gəlib onu elə eyni şəkildə götürüb istifadə edəcək. Yəni, buradakı film aksesuarları nə qorunur, nə təmizlənir, nə də baxımlıdır. Kim necə bacarıb, dağıdıb aparıb".

BAKU.WS